Tarix: 09-04-2021 | Saat: 11:41
Bölmə:Manşet / Karusel / Gündəm / Siyasət | çapa göndər
Azərbaycanda səfərdə olan BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır aprelin 9-da Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.
Qarabaginfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, Volkan Bozkır əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Daha sonra Şəhidlər xiyabanında 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulub.
Sonda Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkıra Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Digər xəbərlər