Saytımızı qiymətləndirin


 
 

“Lağa qoyurlar ki, guya, gəlir əldə etmək mümkün deyil...”
Tarix: 05-01-2018 | Saat: 10:25
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

“Lağa qoyurlar ki, guya, gəlir əldə etmək mümkün deyil...”

 

Millət vəkili Adil Əliyev ötən il Azərbaycanda baş verən, ən mühüm hadisələri əks etdirən "Azərbaycanı inkişaf etdirən və təlatümlərdən qoruyan sabit siyasət!" adlı məqalə yazıb.

"Qarabaginfo" "Qafqazinfo"ya istinadən həmin məqaləni təqdim edir:

"Azərbaycan prezidenti İlham Əliyevin əsas tezislərindən biri budur ki, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, bu, Azərbaycana mənfi təsir etmədi, tam əksinə, məmləkətimizin valyuta ehtiyatları artdı (2017-ci ildə 4,5 milyard dollardan çox oldu). Halbuki, son illərdə elə dövlətlər gördük ki, neftin qiyməti düşən kimi iqtisadiyyatları dağılmaq dərəcəsinə çatdı, inflyasiya görünməmiş həddə çatdı, pul ehtiyatları tükəndi.

Azərbaycanda neftdən əldə edilən gəlirin yüksək olduğu illərdə belə möhtərəm prezidentimiz qeyri-neft sahəsinin inkişafı məqsədilə müxtəlif proqramlara yaşıl işıq yandırdı. Çünki prezident elə o illərdə qeyd edirdi ki, neft əbədi deyil, ümidimizi ancaq qara qızıla bağlaya bilmərik. Həqiqətən, bir müddət sonra dünya bazarında neftin qiyməti xeyli düşdü və qeyri-neft sahəsinin inkişafına yatırımlar qoyulmağa başladığından və Neft Fondunda kifayət qədər maliyyə vəsaiti toplandığından o biri dövlətlərin üzləşdiyi çətinliklər bizi hazırlıqsız yaxalamadı. 

Prezidentimizin də qeyd etdiyi kimi, 2017 tarixdə dərin, köklü və nəticə verən iqtisadi islahatlar ili kimi qalacaq. Aparılan islahatlar nəticəsində ölkəmiz çətin vəziyyətdən şərəflə çıxa bildi. Rəqəmlər də bundan xəbər verir. Məsələn, qeyri-neft sektorunun inkişafı kimi kənd təssərrüfatında istehsal artdı, təkcə elə fındıq və pomidorun ixracından dövlətimiz yüz milyonlarla dollar gəlir əldə etdi. Hələ başqa sahələri demirəm. Sosial şəbəkələrdə hakimiyyətin iqtisadi siyasətini tənqid edənlər pambıq sahəsinə diqqət və qayğının artırılmasını lağa qoyur, yazırlar ki, guya bu sahədən gəlir əldə etmək mümkün deyil. Birincisi, qiyməti çox yüksək olmasa da, pambıq dünya bazarında hər zaman alınan məhsuldur. İkincisi, pambıq yığımına və istehsalına yüz minlərlə insan cəlb olunur ki, bu, kənd yerlərində məşğulluq probleminin həllinə böyük töhfədir. Üçüncüsü, Mingəçevirdə gələcəkdə təxminən 5 min insanın çalışacağı böyük sənaye şəhərciyi salınır ki, oradakı müxtəlif fabriklərdə pambıqdan iplik və digər məhsullar alınacaq. Bundan sonra necə demək olar ki, pambıq sahəsi yararsızdır və bu, Azərbaycana lazım deyil? Dünyanın super dövləti olan Amerika Birləşmiş Ştatlarında belə yüzillərdir pambıq yetişdirilir, bu, ölkədə sənaye sıçrayışına və yüksək texnologiyaların inkişafına baxmayaraq, pambıq istehsalından imtina etməyiblər.

2017-ci ilin Azərbaycan üçün uğurlu keçdiyini Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da qeyd edib. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun  ötən ilin dekabrın 29-da  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə “Buta” sarayında uşaqlar üçün ənənəvi şənlik tədbirindəki çıxışında 2017-ci ilin uğurlarını belə sıraladı: Birincisi, ölkəmizdə abadlıq, quruculuq işləri davam edir, şəhərlərimiz, kəndlərimiz, regionlarımız gözəlləşir, inkişaf gedir. İkincisi, 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olundu ki, İslam ölkəsi olaraq Azərbaycanın dünyaya açıq ölkə olduğu bir daha təsdiq edildi. Üçüncüsü, 2017-ci ildə Bakıda IV İslam Həmrəyliyi Oyunları böyük uğurla keçdi. Dördüncüsü, 2017-ci ildə təkcə Azərbaycan üçün yox, bütün region üçün çox vacib irimiqyaslı layihələr həyata keçirildi. Bunlardan Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını, “Əsrin kontraktı”nın 2050-ci ilə qədər davam edəcək ikinci mərhələsinə imza atılmasını göstərmək olar.

Beləliklə, Prezident və Birinci vitse-prezident 2017-ci ildəki son çıxışlarında əldə edilən böyük uğurları konkret misallarla göstərdilər. Böyüklərimiz qarşımızda daha böyük vəzifələrin dayandığını vurğulayırlar. Əsas odur ki, 2018-ci ildə də iqtisadiyyatda və sosial həyatda qazanılan uğurları davam etdirməliyik. Əlbəttə, problemlərimiz var və bunu rəsmilərimiz də etiraf edirlər. Əsas məqsəd bu problemlərin üzərinə gedərək onların həllini sürətləndirmək və insanların rifahlarını artırmaqdır ki, prezidentin və birinci vitse-prezidentin siyasətləri məhz buna yönəlib. Ətraf ölkələrdə nələrin baş verdiyini görürük –  terror, vətəndaş qarşıdurmaları, xaosa yol açan inqilablar. Bizə əsasını ulu öndər Heydər Əliyevin formalaşdırdığı sabitliyin davamı lazımdır. Çünki sabitliyi pozulan ölkələrdə inkişafdan və uğurlardan danışmaq yersizdir. Prezidentin və onun komandasının daxili və xarici siyasəti Azərbaycanı təlatümlərdən qoruyur, sabitlik şəraitində davamlı inkişafa yönəldir və bununla bizi yaxın ətrafda baş verənlərdən fərqləndirir. 2018 daxil olmaqla gələcək illərdə də uğurla davam edəcək bu siyasətin davamı işğal altındakı torpaqlarımızı geri qaytarmaq gücünə və qüdrətinə sahibdir!"

 

 



Xəbəri paylaş

706 dəfə oxunub.

Digər xəbərlər