Tarix: 11-01-2021 | Saat: 13:29
Bölmə:Karusel / Gündəm | çapa göndər
Adil Əliyev,
Milli Məclisin sədr müavini
AXCP sədri Prezident İlham Əliyev barədə internet televiziyalarından birində səsləndirdiyi fikirlərlə əlaqədar olaraq bildirirəm ki, Əli Kərimli göz görə-görə faktları təhrif edir: “O, həmin çıxışında iddia edir ki, “Milli Şura” Vətən müharibəsi zamanı həmrəylik nümayiş etdirib. Cəmiyyəti bu yalana inandırmaq hansı əxlaqi-mənəvi meyara uyğun gəlir, yaxud özünü “siyasətçi” adlandıran biri bu qədər bəsit yalan danışarmı? Biz bilirik ki, onun rəhbərlik etdiyi AXCP 50 siyasi partiyanın Azərbaycan Ordusuna, Müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasətinə dəstək xarakterli birlik - həmrəylik bəyanatlarına qoşulmadı. Belə olan halda, MŞ, AXCP və şəxsən Əli Kərimli kiminlə həmrəylik nümayiş etdirib? Həmin dövrdə Azərbaycan Ordusunun zəfər yürüşündən narahat olan qüvvələr ilə?”.
2020-ci il tariximizin ən şanlı səhifəsidir, ən mühüm hadisə isə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Ordumuzun Qarabağda qazandığı qələbədir. Bu qələbə nəticəsində 30 illik nisgilimizə bir dəfəlik son qoyulmuşdur.
“Bəşəriyyətin müxtəlif hadisələrə, rəngarəng proseslərə şahidlik etdiyi 2020-ci il başa çatdı, dünyanın siyasi tarixinin yeni səhifələri yazıldı. Pandemiya şəraiti çoxsaylı çətinliklər yaratsa da, əlamətdar hadisələr də ötən ilin təqviminə əbədi həkk olundu. Xüsusilə də, tarixi ədalətin bərpa olunması mənasında. Bunlar sırasında, heç şübhəsiz, zəfər yürüşünü uğurla başa çatdıran Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsi xüsusi yer tutur. Bu, təkcə Cənubi Qafqazın lider dövlətinin ərazi bütövlüyünün bərpa olunması deyil, həm də regionda yeni reallıqların formalaşması, dünya nizamının gələcəyinə təsir edən yeni geosiyasi miladın yaranmasıdır. Şübhəsiz, ötən il ölkədə siyasi islahatların aparılması, dialoq mühitinin möhkəmləndirilməsi, sosial sahədə yeni strateji əhəmiyyətli qərarların qəbul olunması və digər amillər də Azərbaycanın milli gücünün daha da artmasını şərtləndirdi. Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videomüşavirədə bütün bu məsələlərə ətraflı nəzər salaraq çox mühüm fikirlər səsləndirmişdir.
Yeni yaranmış reallıqlar Azərbaycanın qarşısında yeni perspektivlər açılmasını təmin edib. Təəssüflər olsun ki, sosial şəbəkənin Azərbaycan seqmentinə nəzər salanda diqqəti bu reallıqlardan yayındırmaq istəyən marginal bir qrupun zərərli təbliğat aparmasının şahidi oluruq. Əlbəttə, “azərbaycanlı” milli kimliyi daşıyanların əqidəsi buna yol verməməlidir. Şəxsi ambisiyaların əsirinə çevrilmək dövlətin milli maraqlarına zidd davranış sərgiləməyə haqq və bəraət qazandıra bilməz.
Əli Kərimli kimi birinin “xaricdən maliyyələşən internet kanallarının birində” səsləndirdiyi ifadələrin təkcə tariximizin saxtalaşdırılmasına yönəlik addım deyil, həmçinin AXCP sədrini həm də bugünkü reallıqların təhrif edir. Bu təhrif həm də o təsəvvürü formalaşdırır ki, sözügedən marginal qrupun məqsədi sağlam siyasi mübarizə aparmaq deyil, ən yaxşı halda ictimai rəyi yanıltmaqdır. Elə məqamı yetişmişkən bəzi nüanslara toxunaq:
Əvvəla, bu şəxs Azərbaycanın hərbi-siyasi qələbəsinin üzərinə kölgə salmaq üçün möhtəşəm zəfərimizi “yarımçıq” adlandırır, Azərbaycan Ordusunun “axıra qədər getmədiyini” deyir. Bu, kobud yalan və qərəzdən doğan niyyətin təzahürüdür. Azərbaycan Ordusunun 44 günlük müharibə çərçivəsində tarixi torpaqlarımızı azad etməsi istisnasız olaraq hər kəsə məlumdur.
Üstəlik, Ermənistanın kapitulyasiya aktını imzalamasından sonra 3 rayonumuzun bir güllə atmadan, hər hansı itki vermədən azad olunması bizim tarixi nailiyyətimizdir. Bəs qələbəni “yarımçıq” adlandıranlar nə istəyirlər, məgər onlar üç rayonumuzun siyasi yolla qaytarılmasından narazıdır?! Bəlkə, Ermənistanın itkilərindən narahatdırlar, yaxud bizim yeni itkilər verməyimizi istəyirdilər?
Digər məqama nəzər salaq: o, “Ermənistan tam təslim olmayıb” kimi fikir səsləndirərəkən hansı reallığa əsaslanır? Özü də bilməlidir və yəqin, bilir ki, təslimiyyətin tamı və ya natamamı olmur. Kapitulyasiya aktına imza ataraq Azərbaycan torpaqlarından qovulan işğalçı dövlətin “ağ bayraq” qaldırması, üçtərəfli bəyanatda üzərinə öhdəliklər götürməsi natamam təslimçilikdir?! Ermənistanın baş naziri, prezidenti, digər rəsmi şəxsləri bu məğlubiyyət və təslimiyyəti həm qəbul, həm də etiraf etdikləri halda, Əli Kərimli nəyi və niyə inkar, təkzib etməyə çalışır?
AXCP sədrinin “Prezident gündəmdən diqqəti yayındırmağa çalışır” fikri də ictimai rəyə özünü “siyasətçi” kimi təqdim edən şəxsin istifadə edəcəyi cümlə olmamalıdır: “Azərbaycan ictimai rəyində siyasi atmosfer zəfər əhvalı ilə zəngindir. Siyasi mənsubiyyətindən, sosial statusundan, yaşından, dilindən, dinindən asılı olmayaraq hər bir azərbaycanlı tarixi qələbənin qürur hissini yaşayır (hərçənd ki, Ə.Kərimli bunu “eyforiya” adlandıraraq özünü ifşa edir). Azərbaycan Prezidenti Onun rəhbərliyi ilə yaranmış bu reallıqdan diqqəti nə üçün yayındırsın? Məgər bundan böyük tarixi an və həqiqət məqamı var?! Bəlkə, Ə. Kərimli üçün var, amma Azərbaycan xalqı üçün yoxdur!”.
Digər xəbərlər