Saytımızı qiymətləndirin


 
 

Agentlik əlillərə 30 manat yardım verirmiş- Amma, hansı şərtlərdə?
Tarix: 25-11-2025 | Saat: 11:16
Bölmə:Karusel / Sosial | çapa göndər

Jurnalist Bəxtiyar Fətullayev Sosial Xidmətlər Agentliyinin Nərimanov rayon şöbəsinə baş çəkərək əlillərə illik verilən maddi yardımın vəziyyətini araşdırıb.

Qarabaginfo.az bildirir ki, B.Fətullayevin özü də əlil övladın atasıdır və məsələni fərdi maraqla yox, vətəndaş mövqeyindən də izləyib.

Məlum olub ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi illərdir ki, 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə hər ünvan üzrə 30 manat yardım ayırır. Lakin maraqlıdır ki, bu barədə həm vətəndaşlara, həm də əlillərlə işləyən qurumlara kifayət qədər məlumat verilməyib. Nəticədə, bir çox əlilin bu yardımdan xəbəri olmur.

Agentlikdə Fətullayevə bildirilib ki, bir mənzildə bir neçə əlil varsa, 30 manat həmin ünvan üçün ümumi məbləğ hesab olunur. Yəni, bir ailədə 4 əlil varsa, hər biri 7,5 manat alır; 3 əlil varsa, hər birinə 10 manat düşür; 2 əlil varsa, hər birinə 15 manat verilir. Başqa sözlə, yardım adambaşına uyğun deyil və sosial ədalət prinsipi pozulur.

Bundan əlavə, yardımı almaq üçün əlillər şəxsiyyət vəsiqəsi, əlillik kitabçası təqdim etməli, daha ağır vəziyyətdə olanlar isə əlavə olaraq etibarnamə göstərməlidirlər. Halbuki, bütün əlillərin məlumatları artıq vahid elektron sistemdə mövcuddur və yardım birbaşa onların kartlarına köçürülə bilər. Lakin hazırda vətəndaşlar pullarını poçtlardan götürməyə məcburdurlar.

Bəxtiyar Fətullayev diqqət çəkir ki, dünya təcrübəsində və qonşu ölkələrdə vətəndaşların sosial rifahını artıracaq addımlar daha rahat həyata keçirilir. Məsələn, Türkiyədə bayramlarda pensiyaçılara əlavə ödənişlər birbaşa kartlarına köçürülür, heç bir sənəd tələb olunmur. Azərbaycanda isə vətəndaşları sevindirəcək qərarlar üçün belə sadələşdirilmiş yanaşma tətbiq edilmir.

Fətullayev bildirir ki, bu vəziyyət xüsusilə həssas təbəqə olan əlillər üçün ciddi narahatlıq doğurur və dövlət tərəfindən həm yardımların məbləği, həm də paylanma qaydası ədalətli şəkildə nəzərdən keçirilməlidir.



Xəbəri paylaş

24 dəfə oxunub.

Digər xəbərlər