Saytımızı qiymətləndirin


 
 

Sahibə Qafarova: Azərbaycan-Pakistan-Türkiyə parlamentlərinin əməkdaşlığı qardaşlığa və həmrəyliyə əsaslanır
Tarix: 13-10-2025 | Saat: 15:51
Bölmə:Karusel / Siyasət | çapa göndər

Sahibə Qafarova: Azərbaycan-Pakistan-Türkiyə parlamentlərinin əməkdaşlığı qardaşlığa və həmrəyliyə əsaslanır


Azərbaycan-Pakistan-Türkiyə parlamentlərinin əməkdaşlığı ortaq tarix, mədəniyyət, dini və mənəvi dəyərlərlə bir-birinə bağlı olan ölkələrimizin və xalqlarımızın qardaşlığına, birliyinə və həmrəyliyinə əsaslanır. Azərbaycan-Pakistan-Türkiyə hər zaman bir-birinin yanında olublar və bir-birini dəstəkləyiblər.
Qarabaginfo.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova bu gün Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşünün açılış mərasimində çıxışında bildirib.
Spiker deyib ki, xalqımız 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi heç bir zaman unutmayacaq. Onun sözlərinə görə, Azərbaycan da bütün məsələlərdə hər zaman Türkiyəyə və Pakistana dəstək nümayiş etdirib: “Ötən dövr ərzində Azərbaycan–Pakistan–Türkiyə üçtərəfli əməkdaşlıq mexanizminin parlament, xarici işlər və müdafiə nazirlikləri səviyyəsində həyata keçirilən fəaliyyətlər nəticəsində ardıcıl şəkildə inkişaf edərək zənginləşdiyinin şahidi olduq. Azərbaycan və Türkiyə prezidentlərinin, Pakistanın baş nazirinin 2024-cü ilin iyulunda Astanada keçirilən üçtərəfli görüşü və xüsusən də bu ilin mayında Azərbaycanın işğaldan azad olunmuş Laçın şəhərində baş tutan Üçtərəfli Zirvə Görüşü bu mexanizmi keyfiyyətcə yeni mərhələyə yüksəltdi. Həmin görüşlərdə mahiyyət etibarilə, qardaş ölkələrimiz arasında birliyin və həmrəyliyin daha da gücləndirilməsi, eləcə də üçtərəfli əməkdaşlığın siyasi, iqtisadi-ticari, nəqliyyat, enerji, müdafiə, humanitar və digər sahələrdə inkişaf etdirilməsi iradəsi nümayiş etdirildi. Bu iradədən qaynaqlanaraq, bu gün Parlament Sədrləri səviyyəsində keçirilən Üçtərəfli Görüş də qardaş ölkələrimizin əməkdaşlığına parlament dəstəyinin gücləndirilməsinə yönəlmiş qətiyyətimizin bir ifadəsidir. Parlamentarilər birgə səylərlə bu məqsədə nail olacaqlar”.



Xəbəri paylaş

36 dəfə oxunub.

Digər xəbərlər