Tarix: 13-10-2025 | Saat: 10:19
Bölmə:Karusel / Səhiyyə | çapa göndər
Son günlər uzman neyrocərrah Tural Rəhimlinin adı xəstə ölümü ilə hallanır. Əməliyyat etdiyi Ziyafət Səfiyevanın qızı bir neçə media qurumuna bu haqda müsahibə verərək, həkimi anasının ölümündə ittiham edir. Səslənən iddialarla bağlı həkimin mövqeyini öyrənmək üçün Dr. Tural Rəhimlidən müsahibə aldıq.
“Qafqazinfo” müsahibəni təqdim edir.
- Vəfat etmiş xəstəniz Ziyafət Səfiyevada hansı əməliyyatı icra edibsiniz?
- Xəstədə xoşxassəli beyin şişi vardı. Onu əməliyyat etdik.
- Əməliyyat necə keçdi?
- Uğurla keçdi. Xəstə ayıldı, heç bir nevroloji qüsuru yox idi.
- Xəstə yaxını müsahibəsində bildirib ki, siz ailəyə əməliyyatın çox sadə və təhlükəsiz olduğunu deyibsiniz.
- İttihamlar o qədər əsassızdır ki, bir çoxuna cavab verməyə ehtiyac belə duymuram. Peşəsinə hörmət edən heç bir həkim gördüyü işi dəyərdən salacaq sözlər deməz. Bu cür danışmaq tərzim deyil.
- Əməliyyatdan sonra xəstədə beyin qanaxması baş verdi?
- Bəli, təəssüf ki, beyin əməliyyatlarında belə bir ağırlaşmalar mümkündür. Bu haqda tibbi ədəbiyyatlarda da yazılır. Belə bir risk var və bu haqda xəstəyə, xəstə yaxınlarına həmişə məlumat veririk.
Ziyafət xanım daha əvvəl ürək əməliyyatı keçirdiyi üçün onda qanaxma riski yüksək idi. Çünki belə xəstələr qan duruldan dərmanlar içirlər. Bu barədə ailə üzvlərinə ətraflı məlumat verilmişdi.
- Qanaxmadan 3 saat sonra xəstəxanaya gəldiyiniz və xəstənin təcrübəsiz rezidentlərin nəzarətində qaldığı deyilir.
- Zamanında müdaxilə edilib və qanaxma dayandırılıb. İkinci əməliyyatdan sonra da xəstə ayıldı. Vəziyyəti stabil olduğu üçün evə yazıldı.
Zamanlama ilə bağlı demək istəyirəm ki, Neyrocərrahiyyə şöbəmizdə 4 neyrocərrah və rezident həkim fəaliyyət göstərir. Şöbəmiz rezident növbələri və həkimlərin “on-call” növbələri ilə 7/24 xəstələrə xidmət göstərir. Şöbəmizə qarşı səsləndirilən zamanlama, diqqətsizlik kimi ittihamlar əsassızdır. Çünki bu cür sistemli şəkildə tənzimlənən çox az saylı mərkəzlərdən biriyik.
- Müsahibədə o da qeyd olunub ki, xəstə yaxını anasının vəziyyətini sizdən soruşanda bilmirəm cavabını veribsiniz.
- Bilmədiyimiz hallar olur, cavabını biz də bilmirik. Bəzən həkimin imkanları məhdud olur. Buna baxmayaraq, hər gün xəstə yaxınlarına məlumat verilir.
- Xəstə sağalmadan xərəkdə evə yazılıb?
- Xəstələr evə yalnız ayaqüstə tam sağlam şəkildə yazılmır. Müalicənin xəstəxana zərurəti yaradan qismi bitibsə, ev şəraitində müalicə şərti ilə də evə yazıla bilər.
Sağlam insanlar xəstəxanaya beyin əməliyyatı üçün müraciət etmirlər. Pasiyentin xəstəxanada dünyasını dəyişməsi qeyri-adi hal deyil və olmamalıdır. Həkimlər xəstəni sağaltmağa çalışır, amma təəssüf ki, buna hər zaman müvəffəq olmurlar.
- Xəstənin ölüm səbəbi beyin əməliyyatı ilə bağlı idi?
- Xeyr, sepsisdən, sidik yolları infeksiyasından dünyasını dəyişib.
- 36 min manatdan söhbət gedir. Sizə 9500 manat ödəniş olduğu deyilir.
- Özəl xəstəxanalarda pulla bağlı bu cür ittihamlar artıq adət halını alıb. Cəfəngiyyat o həddədir ki, deyilən rəqəmlərin bəlkə də fərqində olmurlar.
- Xəstə yaxını anasının həkim səhlənkarlığından öldüyünü iddia edir.
- Həkimin səhlənkarlığını müəyyən edən nədir? Sistemli bir şöbə qurmaqdırmı səhlənkarlığım? Etdiyim əməliyyatlar və nəticələr? Mən nəticələrimi süfrə arxasında deyil, dünyanın ən nüfuzlu elmi jurnallarında bəyan edirəm. Əlbəttə ki, icra etdiyim bütün əməliyyatlar uğurla nəticələnməyə bilər. Bu, normal haldır. Lakin uğurlu və uğursuz işlərimin nisbəti qürurverici səviyyədədir. Bunun akademik və praktik olaraq, sübutu var.
Son olaraq, onu demək istəyirəm ki, dünyanın heç bir ölkəsində ən peşəkar həkim də xəstə ağırlaşmasından sığortalanmayıb. Kiçik bir ağırlaşmadan faciəvi nəticələrə qədər bütün hallarda həkimi günahlandırıb, böhtan xarakterli ittihamlar irəli sürməkdənsə, məsələni hüquqi müstəvidə həll etmək olar. Məsələn, həkim səhlənkarlığı ilə bağlı şübhəniz varsa, hüquqi qaydada ekspertizaya müraciət edə bilərsiniz. Əks halda həkim-xəstə qarşıdurmasının dərinləşməsinə və ictimai etimadın ciddi şəkildə sarsılmasına gətirib çıxara bilər. Bu isə cəmiyyət üçün mühüm sosial problem deməkdir.
Digər xəbərlər