Tarix: 01-10-2025 | Saat: 17:26
Bölmə:Karusel / Region | çapa göndər
Gürcüstan bütün regionun marağına cavab verən Azərbaycanla Ermənistan arasında dialoq və konstruktiv əməkdaşlığın təşviqini davam etdirəcək.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Gürcüstanın 2026-cı il üzrə dövlət büdcəsi haqqında qanun layihəsində bildirilib.
Sənədin beynəlxalq münasibətlərə aid bölməsinə əsasən, Gürcüstan Azərbaycan və Ermənistan arasında həm ikitərəfli, həm də Gürcüstanın iştirakı ilə üçtərəfli formatda istənilən aktual məsələlərin müzakirəsinə ev sahibliyi etməyə bundan sonra da hazır olacaq. Qeyd edilib ki, bu səylər etimadın bərpasına və qarşılıqlı əməkdaşlığa imkan yaradacaq.
Layihədə Gürcüstanın növbəti illərdə balanslı qonşuluq siyasətini davam etdirəcəyi bildirilib. Bu siyasətin ərazi bütövlüyü və suverenliyin qorunması, mehriban qonşuluq prinsiplərinə, bölgədə sülh və sabitliyə əsaslanacağı vurğulanıb.
Qanun layihəsində Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlığına da toxunulub. Mühüm üçtərəfli format çərçivəsində regional və qlobal əhəmiyyətli layihələrlə bağlı əməkdaşlığın davam etdiriləcəyi, sektorlararası aktiv qarşılıqlı fəaliyyətin reallaşdırılacağı bildirilib.
Qeyd edək ki, Gürcüstanın Maliyyə Nazirliyi qanun layihəsini ölkə parlamentinə artıq təqdim edib. Sənəd qanunverici orqanda oktyabrın 7-dən etibarən müzakirələrə çıxarılacaq.
Digər xəbərlər