Tarix: 01-10-2025 | Saat: 16:00
Bölmə:Karusel / Siyasət | çapa göndər
Prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü münasibətilə tədbir keçirilib.
Qarabaginfo.az xəbər verir ki, milli prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü münasibətilə Baş Prokurorluğun rəhbərliyi oktyabrın 1-də Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib. Həmçinin, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də xatirələri yad edilib. Sonra Şəhidlər xiyabanı, “Əbədi məşəl” abidəsi ziyarət edilib.
Daha sonra Baş Prokurorluğun inzibati binasında 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 107-ci ildönümü münasibətilə tədbir keçirilib.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib. Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, veteranları, onların ailə üzvlərini peşə bayramı münasibətilə təbrik edib.
Baş prokuror Kamran Əliyev bildirib ki, prokurorluq orqanlarının yaranmasının 107-ci ildönümü Vətən müharibəsində möhtəşəm Zəfərimizin 5 illiyi ilə eyni dövrə təsadüf edir. Məhz Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, xalq-ordu birliyi nəticəsində dövlətimizin ərazi bütövlüyü bərpa edilib, işğaldan azad olunmuş torpaqlarda geniş bərpa-quruculuq işləri aparılır.
Kamran Əliyev 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsinin mühüm tarixi hadisə olduğunu vurğulayaraq, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Konstitusiyanın dövlətimizin müstəqilliyinin, hüquqi və dünyəvi dövlət quruculuğunun möhkəm təməli olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, məhz bu hüquqi əsaslar üzərində prokurorluğun müasir statusu və səlahiyyətləri müəyyən edilib.
Çıxış zamanı ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərin təkcə Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə deyil, eyni zamanda regionların sosial-iqtisadi inkişafına verdiyi mühüm töhfələr xüsusi vurğulanıb.
Baş prokuror dövlətimizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın həyata keçirdiyi humanitar təşəbbüslərin, təhsil, mədəniyyət və sosial sahələrdə gördüyü genişmiqyaslı işlərin ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsində mühüm rol oynadığını xüsusi qeyd edərək bu sahədə əldə olunmuş nailiyyətlərdən danışıb.
Baş prokuror prokurorluq orqanlarında son illərdə həyata keçirilmiş struktur dəyişiklikləri, şəffaf kadr siyasəti, maddi-texniki bazanın gücləndirilməsi, “Elektron Prokurorluq” İnformasiya Sisteminin tam şəkildə bütün prokurorluq orqanlarında tətbiqi, işğaldan azad edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyətinin bərpası istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, prokurorluq işçilərinin 93 faizdən çoxu məhz müsabiqə yolu ilə seçilmiş gənc, peşəkar kadrlardan ibarətdir.
Çıxışın sonunda əminliklə qeyd olunub ki, hər bir prokurorluq əməkdaşı bundan sonra da fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, ictimai-siyasi sabitliyin təmin edilməsinə və qanunçuluğun möhkəmləndirilməsinə həsr edəcək, dövlət başçısı tərəfindən göstərilən yüksək etimadı doğrultmaq üçün bütün bilik və bacarığını səfərbər edəcəkdir.
Daha sonra xidməti fəaliyyətlərində fərqləndiklərinə görə mükafatlandırılmış prokurorluq əməkdaşlarının təltif olunması, prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü münasibətilə ali təhsil müəssisələrinin tələbə və kursantları arasında təşkil olunmuş interaktiv istintaq kvestinin, “Azərbaycan Respublikasının Konstitusiyası və Dövlət Suverenliyi” mövzusunda keçirilmiş hüquq viktorinasının qaliblərinin, eləcə də prokurorluq əməkdaşları və veteranları arasında keçirilmiş şahmat turnirinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbir zamanı çıxış edən prokurorluğun veteranları Ələmdar Məmmədov və Mircavan Kazımov prokurorluq orqanlarının şərəfli inkişaf yolundan bəhs edərək, dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatların prokurorluq orqanlarının fəaliyyətinə də müsbət təsir göstərdiyini vurğulayıblar. Veteranlar, onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək, bu münasibəti prokurorluq ailəsinə verilən dəyərin bariz nümunəsi kimi qeyd edib, əməkdaşları peşə bayramı münasibətilə təbrik ediblər.
İştirakçılar Azərbaycanda prokurorluq orqanlarının yaranma tarixindən müasir dövrədək keçdiyi inkişaf mərhələlərini, ölkəmizdə qanunun aliliyinin təmin olunması və ədalətin bərqərar edilməsində oynadığı mühüm rolu əhatəli şəkildə əks etdirən, Azərbaycan Prokurorluğunun peşə bayramı və 107 illiyinə həsr olunmuş videoçarxa baxıblar.
Tədbirin yekununda Baş Prokuror bir daha əməkdaşları təbrik edərək onlara peşəkar fəaliyyətlərində uğurlar arzu edib.
Digər xəbərlər