Türkiyədə Prezident və parlament seçkiləri başa çatsa da, bu mühüm siyasi kampaniyanın ətrafında müzakirələr davam edir.
Praktik siyasətlə məşğul olan şəxslər, analitiklər, müstəqil ekspertlər, iqtidar və müxalifət cəbhəsində təmsil olunan ayrı-ayrı jurnalistlər seçkinin nəticələrini ən müxtəlif kontekstlərdən təhlil edir, gələcək dövr üçün mesaj və proqnozlar verirlər.
Qarabaginfo.az xatırladır ki, mayın 14-də keçirilən parlament seçkilərində hakim AK Partiyası və onun müttəfiqi olan Milliyətçi Hərəkat Partiyası qalib gələrək parlamentdə əzici üstünlüyü təmin edə bilib.
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın qələbəsini təmin etmək üçün cəmi 0,5 faiz səsə ehtiyac olduğundan ölkənin yeni prezidentinin kimliyi ikinci turda müəyyən edildi. Hakimiyyətin namizədi, hazırkı dövlət başçısı R.T.Ərdoğan səsverməyə qatılan seçicilərin 52 faizdən çoxunun səsini qazanaraq, Türkiyənin yeni prezidenti seçildi.
AK Partiyasının və R.T. Ərdoğanın 21 illik hakimiyyətini daha 5 il uzatması Türkiyənin siyasi həyatında ciddi təlatümlərə səbəb olub.
Hakimiyyət opponentlərinin seçki yarışmasından növbəti dəfə məğlub ayrılması onların fəaliyyətinin hərtərəfli təftiş edilməsi ilə nəticələnib. İndi müxalif cəbhənin başında dayanan iki populyar isim - CHP sədri Kemal Kılıçdaroğluna və İYİ Partiyasının sədri Meral Akşener öz tərəfdarlarının tənqid və təzyiqi ilə üz-üzə qalıb. Həm CHP, həm də İYİ Partiyasının kuluarlarında bu iki liderin dərhal istefaya göndərilməsinin vacibliyi tez-tez dilə gətirilir.
Qeyd edək ki, müxalifət liderlərinin istefasının zəruriliyini bəyan edən ilk isim CHP-nin mərhum başqanı Dəniz Baykalın qızı Aslı Baykal oldu. Sonuncu seçkilərdə AKP-nin və onun lideri R.T. Ərdoğanı dəstəkləyən Aslı Baykal marafon başa çatan kimi prezidentliyə keçmiş namizəd, CHP sədri Kemal Kılıçdaroğlunu istefaya səslədi.
Xanım Baykal K.kılıçdaroğlunu CHP-ni “içindən yeyən” fiqur kimi xarakterizə edərək, onu siyasi kariyerasının başa çatdığını bəyan etdi. Bunu partiyadaxili müxalifətin yüksələn etiraz səsləri müşayiət etdi. CHP-lilər 74 yaşlı sədrlərinin könüllü şəkildə istefa verib ömrünün son dövrünü ailəsi ilə birgə istirahət etməyə səslədilər.
Meral Akşenerle bağlı situasiya isə bir qədər fərqlidir. Akşener sonuncu seçkilərdə prezidentliyə namizəd olmadığı üçün onu Ərdoğana məğlub olmuş şəxs kimi qiymətləndirmək çətindir. Amma o da var ki, Akşenerin mənsub olduğu düşərgə həm parlament, həm də prezident seçkilərində biabırçı şəkildə məğlub oldu. Üstəlik, xanım Akşenerin lideri olduğu İYİ Partiya ötən parlament seçkiləri ilə müqayisədə səslərini artıra bilmədi.
İYİ Partiyasının yıprandığı deyilən MHP-nin gerisində qalması onun siyasi kariyerası üçün ciddi təhlükə yaradıb.
Bu gün İYİ Partiyasının üzv və tərəfdarları liderlərini açıq mətnlə istefaya çağırmasalar da, onların ömürlərinin sonuna kimi sükutu pozmayacağına heç bir qarantiya yoxdur. Meral Akşenerin istefası ilə bağlı çağırışlar bu gün yalnız müxalif siyasi fəallar tərəfindən səslənsə də, İYİ Partiyasının üzvlərinin sabah onların səsinə səs verəcəyi istisna olunmur.