Saytımızı qiymətləndirin


 
 

Kirayə mənzil bazarında artımlar ilboyu davam edir- Ekspert
Tarix: 04-09-2025 | Saat: 19:58
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Picture background
“Bakıda yeni tikililərin kirayə mənzil bazarında ikiotaqlı mənzillərin kirayə qiyməti 1000 manatdan yuxarıdır“.
Qarabaginfo.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında mənzil eksperti Ramil Osmanlı deyib. Ekspert paytaxtda “mərkəz” deyilən ərazinin iki zonaya bölündüyünü bildirib:
“Əgər söhbət şəhərin mərkəz hissəsində birinci və ikinci zonadan gedirsə, burada ikiotaqlı və ən aşağı kv.m olan mənzilin qiyməti 1000 manatdan yuxarıdır. Bu, tələbə kontingenti üçün əlçatmazdır. Məsələn, Nərimanov, Gənclik, Elmlər Akademiyası, İnşaatçılar, 20 Yanvar, Memar Əcəmi, Neftçilər, Qara Qarayev və s. metrostansiyalara yaxın ərazilərdə qiymətlər nisbətən aşağıya doğru dəyişir. Köhnə binalarda, məsələn, “Memar Əcəmi” və 20 Yanvar istiqamətlərində minumum qiymətlər birotaqlı mənzillərdə 400 manatdan başlayır. “Gənclik”, “Nərimanov” ərazilərində 500-600, “28 May”, “Sahil”, “İçəri Şəhər” stansiyalarına yaxın olan ərazilərdə köhnə binalarda birotaqlı mənzillər 700-750 manatdan yuxarı təklif edilir”.
Ramil Osmanlı bunu son illərdə Bakıda irimiqyaslı söküntü işlərinin aparılması ilə əlaqələndirib:
“Nəticədə ucuz evlər üzrə kirayə mənzil bazarında təklif portfelinin məhdudlaşması tendensiyası davam edir. Bu proses bir tərəfdən təklifi məhdudlaşdırır, digər tərəfdən əlavə bazarda yeni tələb yaradır. Yəni, hansısa bir ərazidə genişmiqyaslı söküntü gedirsə, həmin ərazidə vətəndaşlara kirayə haqqı vəsaitləri ödənilir. O vəsaitlərin bir hissəsi də yenidən kirayə mənzil bazarına qayıdır, inteqrasiya olunur. Bunun nəticəsində bu istiqamətdə qiymət artımları müşahidə edilir”.
Ekspertin sözlərinə görə, aparılan müşahidələr onu deməyə əsas verir ki, hazırda baş verən hər iki tendensiya ümumilikdə bazarda daha çox qiymətlərin artımına təsir göstərir:
“Çünki birinci istiqamətdə köhnə mənzil fondu sürətlə sıradan çıxır və yerinə yeni mənzil fondu daxil olur. Yeni mənzillərdə kirayə qiymətləri köhnə mənzildəki qiymətlərlə müqayisədə daha yüksəkdir. Daha yeni və bahalı və müəyyən standartlar baxımından köhnə mənzil fondunda daha müasir olan mənzillər meydana gəlir. Bu da mənzil mülkiyyətçilərinin qiyməti artırmasına təkan verir. 100 min dəyəri olan mənzillə 200-250 min dəyəri olan mənzilin kirayə qiymətləri, daha dəqiq desək, gəlirliyi eyni olmamalıdır. Nəticədə də vətəndaşlar bütövlükdə qiymətlərin artımına mütləq şəkildə məcbur olurlar”.
Ramil Osmanlı ikinci istiqamət kimi tələbin artdığını vurğulayıb:
“Müvəqqəti yaşamaq üçün kirayə mənzil götürənlər daha çox ucuz mənzillərə üstünlük verirlər. Bu da bir tərəfdən qiyməti artırır. Bu tendensiya özünü, bazarda müraciətlərin sayı kəskin artanda, tələb dəyişəndə daha qabarıq şəkildə göstərir. Əslində biz il boyu qiymətlərin davamlı artımlarını müşahidə edirik. Məsələn, avqust ayının sonlarına doğru bu artım daha qabarıq forma alır. Birdən-birə bazarda müraciətlərin sayı kəskin artır, tələbələrin hesabına yeni alıcı kütləsi daxil olur. Bu da qiymətləri artırır”.


Xəbəri paylaş

34 dəfə oxunub.

Digər xəbərlər