Saytımızı qiymətləndirin


 
 

Prezidentin cavablandırdığı suallar - Tam mətn+Fotolar
Tarix: 20-07-2025 | Saat: 11:30
Bölmə:Karusel / Manşet / Siyasət | çapa göndər

prezidentin-cavablandirdigi-suallar

Xəbər verdiyimiz kimi, iyulun 19-da Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilib.

Qarabaginfo.az xəbər verir ki, Prezident İlham Əliyev Forum iştirakçılarının suallarını cavablandırıb.

Tam mətni təqdim edirik: 

Moderator - “Euronews”un Yaxın Şərq bürosunun rəhbəri xanım Ceyn Viterspun: Zati-aliləri cənab Prezident.

Xanımlar və cənablar, hörmətli qonaqlar.

III Şuşa Qlobal Media Forumuna xoş gəlmisiniz. Biz Azərbaycanın mədəni mərkəzinin bir hissəsi olan Xankəndi şəhərində sizi görməkdən şadıq. Bizim üçün xüsusi olaraq bu gün burada hörmətli media peşəkarlarını, fikri formalaşdıran rəhbərləri və dünyanın müxtəlif yerlərindən gəlmiş insanları görmək şərəfdir. Bu Forum, əslində, dialoq, şəffaflıq və daimi inkişaf edən media mühitində əməkdaşlığa yönəlib.

Bu il keçirilən Forum 52 ölkədən 140 qonağı, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrini bir araya gətirib. Builki Forum rəqəmsal keçidlər, süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi mövzusuna həsr olunub. Aparılacaq müzakirələr məhz medianın çağırışlar və imkanlar qarşısında müqavimətinin gücləndirilməsinə, o cümlədən rəqəmsal transformasiyanın təsirinə və müstəqil jurnalistikanın, sülhün, inkişafın, qarşılıqlı anlaşmanın daha da artırılmasına yönələcək.

İndi isə mən böyük şərəf hissi ilə sözü Zati-aliləri cənab İlham Əliyevə - Azərbaycan Respublikasının Prezidentinə vermək istəyirəm.

Prezident İlham Əliyev: Çox sağ olun, Ceyn. Sağ olun.

Mən bütün qonaqlarımızı Qarabağda salamlamaq istəyirəm. Çox sağ olun ki, bizimləsiniz. Üçüncü dəfədir ki, belə bir mühüm tədbir Qarabağda keçirilir. Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Ümid edirəm ki, bu ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, coğrafi əhatə daha da genişlənir. Bütün bunlar bir daha göstərir ki, ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var. Söhbət təkcə mediadan deyil, həmçinin qlobal gündəlikdən gedir. Dünyada vəziyyət sürətlə dəyişir. Əgər ötən il Şuşada keçirilmiş Forumdan başlasaq görərik ki, nə qədər çox dəyişikliklər baş verib.

Əlbəttə ki, ilk növbədə, mətbuat belə tədbirlərə qatılır, bütün hekayələri söyləyir, bu dəyişiklikləri, hadisələri təsvir edir və öz cavabını, rəyini bildirir. Bir sözlə, çox məmnunam ki, biz burada - Xankəndidə bu cür böyük tədbirə toplaşmışıq. Bugünkü görüşü burada, yeni tikilmiş Konqres Mərkəzində, Xankəndinin Zəfər meydanında keçirmək qərarına gəldik. Beləliklə, əminəm ki, bura qonaqlar üçün maraqlı olacaq, yenidənqurma, eləcə də 30 ildən artıq bu yerlərdən didərgin düşmüş insanların qayıtması baxımından ərazilər azad olunandan sonra görülmüş işlərə baxmaq cəlbedici olacaq. Bununla şərhimi yekunlaşdırıram ki, müzakirə üçün daha çox vaxt qalsın. Bir daha bizimlə olduğunuz üçün təşəkkür edirəm.

Moderator Ceyn Viterspun: Cənab Prezident, Sizə suallarımızın sayı xeyli çoxdur. Hamı hazırlaşıb gəlib. Gəlin, indi elə birbaşa başlayaq. Birinci sual verən cənab Klaus Piter Ralf Yurgensdir, Londonda yerləşən “Economyfirst Limited”in direktorudur. Buyurun.

Klaus Piter Ralf Yurgens: Çox sağ olun Zati-aliləri, cənab Prezident.

Yenidən burada olmağıma çox şadam. Dəvətə görə minnətdaram. Ümumiyyətlə, növbədə birinci sualı vermək hər zaman çətindir və ötənilki mövzuya qısaca qayıtmaq istəyirəm. Biz COP29 haqqında çox danışdıq. İndi, düşünürəm, o, böyük uğura çevrildi. Həmin konfrans ilə növbəti konfrans arasında yarı yoldayıq. Siz COP29 tədbirinin irsini necə təsvir edərdiniz? Azərbaycanın bu sahədə formalaşdırdığı siyasətin davamı digər ölkələrdə olacaqmı? Söylədiyiniz kimi, COP29 xüsusi tədbir oldu. Onun irsini necə görürsünüz? Yəni, COP30, 31 və ya 32 də olacaq. Şəxsi təəssüratınızı bölüşsəniz, yüksək dəyərləndirərik. Çox sağ olun.

Prezident İlham Əliyev: Çox sağ olun. Həqiqətən bu, ölkədə ilin tədbiri oldu. Ötən il 197 ölkənin iştirakı ilə keçirilmiş belə bir mühüm iqlim dəyişmələri konfransında bütün dünyada çox böyük auditoriya var idi. Qeydiyyatdan keçmiş 77 min iştirakçı oldu. Qeyd etdiyim kimi, təxminən 200 ölkədən nümayəndə gəlmişdi. Onların sırasında 70 dövlət və hökumət başçısı var idi. Bu, həmin mövzunun əhəmiyyətini aydın şəkildə göstərdi. Həmçinin bir çox insan Bakıya, Azərbaycana ilk dəfə idi ki, səfərə gəlmişdi. Düşünürəm ki, onlar üçün maraqlı tanışlıq idi. Qlobal iqlim gündəliyinə töhfəmizə gəldikdə deyərdim ki, Azərbaycan ekologiyaya hörmətlə yanaşan ölkədir. Biz elektrik enerjisinin istehsalında nə kömürdən, nə də ki, yanacaqdan istifadə edirik. Biz yalnız su və təbii qaz ehtiyatlarından istifadə edirik və bu yaxınlarda Günəş enerjisindən istifadəyə başlamışıq.

Yeri gəlmişkən, yaşıl gündəliyimiz çox genişdir. 2030-cu ilə qədər artıq imzalanmış investisiya müqavilələri əsasında biz ən azı 6 giqavatlıq yaşıl enerjini, o cümlədən Günəş, külək və su elektrik enerjisini istehsal edəcəyik. Su elektrik enerjisi Qarabağ və Şərqi Zəngəzurda əsas yer tutur. Biz ümumi 280 meqavat gücündə 30 kiçik su elektrik stansiyasını artıq istismara vermişik. Beləliklə, yaşıl gündəliyimiz həqiqətən çox genişdir. Eyni zamanda, mənim mesajım, ev sahibi olan Azərbaycanın mesajı ondan ibarət idi ki, biz həmin məsələyə realist və praqmatik yanaşmalıyıq. Hamımız anlayırıq ki, biz planeti qorumalıyıq. Lakin ətraf mühit böhranına ən çox rəvac verənlər, yəqin ki, bu yükü öz üzərinə götürməlidirlər.

İqlim dəyişmələri ekzistensional əhəmiyyət daşıyan, inkişaf edən kiçik dövlətlərə gəldikdə, onlara güclü dəstək lazımdır. Biz bunu planlaşdırırdıq və etməyə çalışırdıq. İnkişaf etməkdə olan kiçik ada dövlətləri ilə bağlı xüsusi sessiyamız oldu. Azərbaycan ən az inkişaf etmiş ölkələrdə iqlim dəyişmələri məsələlərinin həlli üçün xüsusi fonda 10 milyon ABŞ dolları ayırdı. Lakin düşünürük ki, siz faydalı qazıntıları diqqətdən kənarda qoya bilməzsiniz. Çünki yaxın gələcəkdə onlarsız dünya yaşaya bilməz, iqtisadiyyat işləyə bilməz, təyyarələr uça bilməz və hər bir şey dayanar. Beləliklə, biz reallığın bu tərəfini də görməliyik.

Biz “Yaşıl Keçid Proqramı”nı həyata keçiririk. Lakin, eyni zamanda, anlayırıq ki, neft və qaz olmadan inkişafı, gələcəyimizi planlaşdırmaq, vətəndaşlarımız üçün lazımi şəraitləri təmin etmək mümkün olmayacaq. Bizim üçün çətin an və mürəkkəb müzakirələr oldu. Lakin düşünürəm ki, sədrliyimiz yaxşı anlaşmanı təmin etdi. Bir sözlə, öz rolumuzu Qlobal Cənub və Qlobal Şimal arasında körpü kimi gördük. Düşünürəm ki, bunun öhdəsindən gələ bildik.

COP29-da mühüm nailiyyətlərdən biri ondan ibarətdir ki, biz elə konstruktiv mühit yaratdıq və şəxsi töhfə verdik ki, karbon bazarlarının fəaliyyəti ilə bağlı 6-cı maddə üzərində razılıq əldə olunsun. Bu məsələ ən azı son 10 il ərzində müzakirədə qalmışdır. Beləliklə, o, COP29-un ən mühüm və tutarlı nəticəsinə çevrildi. Düşünürük ki, digər mühüm nəticə iqlim dəyişmələri məsələlərinin həlli ilə bağlı vəsaitlərin əvvəlcədən COP29-da nəzərdə tutulmuş 100 milyard ABŞ dollarından 300 milyard ABŞ dollarına qədər artırılması oldu. Bilirik ki, bəzi ölkələr bundan razı qalmadı. Lakin ədalət naminə söyləməliyik ki, biz vəsaitlərin üç dəfə artırılmasına nail olduq. Əlbəttə ki, bizdən sonra öhdəliyi öz üzərinə götürən tərəflər həmin vəsaitlərin artırılması üçün öz işlərini görməli olacaqlar. Çünki həmin və bir çox digər məsələlər irsimiz kimi qalacaq. Biz ondan artıq təşəbbüs irəli sürdük. Ölkələrin tam əksəriyyəti həmin təşəbbüslərə qoşuldu. Düşünürəm ki, təşəbbüslərimizin heç birinə qoşulmayan cəmi iki ölkə oldu. Lakin bu, təşəbbüslərin münasibliyinə deyil, sırf siyasi səbəblərə bağlı idi. İndi isə sual belədir – gələcəkdə nə baş verəcək? Xüsusən də iqlim dəyişmələri ilə bağlı ABŞ Administrasiyasının mövqeyini nəzərə alaraq, nə olacaq? Əlbəttə ki, ABŞ-ın qlobal lider, iqlim dəyişmələrinə ən böyük töhfə verən tərəf və ən böyük investor kimi məsələləri nəzərdə tutulur. Onun rolu, əlbəttə ki, diqqətdən kənarda qala bilməz. Bir sözlə, çox məsələ onlardan asılı olacaq. Buna görə, hamımız böyük ümidlə və müəyyən narahatlıqla bu ilin sonunda keçiriləcək COP30-u gözləyirik.

Bir daha qeyd etmək lazımdır ki, Azərbaycana gəldikdə, təsəvvür edə bilərsiniz, biz karbon emissiyalarına ən böyük töhfə verən tərəf deyilik. Lakin bununla belə, yaşıl gündəliyimiz və körpü salmaq, müxtəlif tərəflər arasında anlaşma yaratmaq kimi məsələlərdə göstərdiyimiz səylər BMT və bir çox beynəlxalq tərəfdaşlar tərəfindən lazımınca dəyərləndirilir. Bizə gəldikdə, bir daha qeyd edim ki, yaşıl gündəliyimizə sadiq qalacağıq. Lakin COP30, 31 və 32 necə olacaq, bu, əlbəttə ki, açıq sual olaraq qalır.

Moderator Ceyn Viterspun: Peter, təşəkkür edirəm sualınıza görə. İndi isə biz dərhal növbəti suala keçirik. Professor Şerzodxon Kudratxuca. O, Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin rektorudur.

Şerzodxon Kudratxuca: Salam, hörmətli cənab Prezident. İcazə verin, əvvəlcə Sizi iyulun 4-də Xankəndinin ilk dəfə çox yüksək səviyyədə ev sahibliyi etdiyi İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün uğurla keçirilməsi münasibətilə təbrik edim. Biz bunun şahidi olduq. Həmçinin burada Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyevin dövlət səfəri uğurla keçdi. Bizim jurnalistlərin çoxlu təəssüratı var. Biz üçüncü ildir ki, gəlirik, ancaq Xankəndidə ilk dəfə olduq.

Mənim bir neçə sualım var. İcazənizlə, Sizə birinci sualı verim: Keçən həftə Əbu-Dabidə Ermənistanın Baş naziri Nikol Paşinyanla Sizin aranızda tarixi görüş oldu. Bu, niyə vacibdir? Niyə bu, son dərəcə mühümdür? Çünki iki ölkə qlobal təlatümlər zamanı, belə bir çətin vaxtda dost olmağın hər halda daha yaxşı olduğunu dünyaya nümayiş etdirdi. Bu, günümüz üçün çox gözəl bir nümunədir. Sizdən soruşmaq istərdim: bir çox suallar arasında Zəngəzur dəhlizi məsələsi də qaldırıldı. Mən bilirəm ki, bu dəhliz, ilk növbədə, Azərbaycan və Ermənistan üçün, həmçinin bizim bütün böyük Xəzər regionumuz üçün çox vacibdir. Amma istərdim ki, bunun böyük Türk dünyası üçün nə qədər əhəmiyyətli olması, onun qarşısında hansı perspektivlər açması üzərində dayanasınız. Çünki aramızda körpü yox idi, inşallah, indi biz birləşəcəyik. Bu, çox maraqlıdır. Keçən il də burada idim, amma təəssüf ki, sual verə bilmədim. Sizə çox şəxsi sualım var. Üçüncü dəfədir ki, Qarabağa gəlirəm və burada maşın sürərkən dönə-dönə müşahidə etdik ki, hər şey əbədiyyətlə nəfəs alır, burada hər daş, hər dağ zikr edir, hər ağac şükür edir. Çünki bu, baş verdi. Burada müşahidə etdim ki, üç il ərzində çoxlu dəyişikliklər baş verib: yollar əladır, avtomobil heç vaxt silkələnmir, çoxlu müasir tikinti var, məscidlərin çoxu təmir olunub. Amma kilsələrin də bərpa olunduğunu görmək məni sevindirdi. Bu, bütün dünyaya Sizin tolerantlığınızı, səbrinizi, nəcibliyinizi göstərir. Ona görə də demək istəyirəm ki, yəqin ki, Uca Tanrımız da bunu bəyənir. Özbəkistan Azərbaycanın dahi Prezidenti Heydər Əliyevi çox yüksək qiymətləndirir və onu çox yaxşı tanıyır. O və bizim Şərəf Rəşidoviç Rəşidov dost olublar. Bunu Özbəkistanda hər kəs bilir. Belə bir sualım var, ona görə də şəxsi dedim. Təəssüflər ki, bugünkü Qarabağı görmək ona nəsib olmadı. Çox çətin bir yol keçsə də, onu görə bilmədi. Amma deyək ki, Uca Tanrının iradəsi olsaydı, 2023-cü ildən sonra bu günü görə bilsəydi, Azərbaycan Prezidentinə yox, təkrar edirəm, Prezidentə yox, Azərbaycan xalqının böyük oğluna nə deyərdi? Onun baxışı, bugünkü əhvali-ruhiyyəsi necə olardı? Sağ olun.

Prezident İlham Əliyev: Sağ olun. İlk növbədə, ölkəmiz haqqında, Qarabağ haqqında və burada gördüyümüz işlərlə bağlı xoş sözlərinizə görə sizə çox təşəkkür etmək istərdim. Özbəkistanlı qardaşlarımızın dəstəyi bizim üçün həmişə çox dəyərli olub. Bildiyiniz kimi, Qarabağın bərpası üçün ilk hədiyyəni Özbəkistan verib. Hörmətli Prezident Şavkat Miromonoviçin təşəbbüsü ilə Füzuli şəhərində özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik məktəb tikilib. Biz Şavkat Miromonoviç ilə bu məktəbi Füzuli şəhərində açdıq. Bir-iki gün əvvəl yenə Füzulidə oldum, maraqlandım, məncə, orada artıq 500-dən çox uşaq oxuyur. Nəzərə alsaq ki, Füzuliyə keçmiş köçkünlərin qaytarılması prosesi hələ ilkin mərhələdədir, yəni, bu qədər uşaq artıq orada təhsil alır. Biz bunu çox yüksək qiymətləndiririk. Bu, Özbəkistan Prezidentinin səmimi qardaşlıq jesti, ərazilərin bərpasında Azərbaycana köməyidir. Qeyd etdiyiniz kimi, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının artıq burada, Xankəndidə Zirvə görüşü keçirilib. O görüş bu binada, yeni Konqres Mərkəzində keçirildi. Biz həmin Zirvə görüşünü məhz bu zalda keçirdik. Bunun böyük rəmzi mənası var idi. Çünki bu, həyatın buraya, o cümlədən Xankəndiyə geri qayıtdığını göstərir. Biz təşkilata üzv olan ölkələrin, həmçinin digər ölkələrin səkkiz dövlət və hökumət başçısının yüksək səviyyədə iştirakını Azərbaycana, torpaqlarımızın qaytarılmasından sonra və indi gördüyümüz işlərə, dağıdılanları yenidən həyata qaytarmağa verilən dəstək kimi qiymətləndiririk.

Yeri gəlmişkən, deməliyəm ki, işğal zamanı məhz bu yerdə separatçılar tərəfindən “Parlament” adlandırılan bina tikilmişdi. Mənim buraya ilk səfərlərimdən birində biz bu “şeytan yuvası”nı dağıtmaq qərarına gəldik, məncə, tamamilə düzgün qərar verdik və onun yerində dövlət başçılarını qəbul edən belə gözəl Konqres Mərkəzi tikdik. Yaxınlıqda isə sovet vaxtı orada olan, işğal zamanı dağıdılan otel tikilir. Konqres Mərkəzinin qarşısındakı meydan indi Qələbə meydanı adlanır. Separatizmin mərkəzi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş vilayət komitəsinin binasında Qələbə muzeyi yerləşəcək. Hazırda orada tikinti işləri görülür.

Zəngəzur dəhlizinə gəlincə, bu arteriya sözsüz ki, bir çox ölkələri birləşdirəcək. Biz isə daşımaların bu dəmir yolu və ya avtomobil yolu ilə həyata keçirilməsinin zəruriliyindən danışarkən, təkcə Azərbaycanın əsas hissəsinin onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsini nəzərdə tutmuruq. Söhbət beynəlxalq tranzit dəhlizdən gedir. Biz nəqliyyat və logistika infrastrukturuna çox fəal sərmayə qoyuruq. Son illər milyardlarla dollar sərmayə qoyulub, Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı tikilib, indi biz onu genişləndiririk, onun yükqaldırma qabiliyyətini 25 milyon tona çatdırırıq. Gürcüstandan keçməklə Azərbaycanı Türkiyə ilə birləşdirən dəmir yolu xətti çəkilib. Müasir infrastrukturun qurulması nəticəsində Azərbaycan ərazisindən tranzit daşımaların həcmi artır. Həmçinin rəqəmsallaşma prosesi gedir, gömrük inzibatçılığı sadələşdirilir. Bu, həm də regionumuzda baş verən geosiyasi dəyişikliklər, digər tranzit marşrutların problemli hala gəldiyi bir vaxtda baş verir. Ona görə də bütün bunları nəzərə alaraq, Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk. Biz demək olar ki, Ermənistan və İranla sərhədimizin qovuşuğuna qədər dəmir yolunun tikintisini başa çatdırırıq və yəqin ki, bir ildən az müddətdə, bəlkə də gələn ilin yazında bu dəmir yolunun Azərbaycan hissəsi hazır olacaq.

Bu dəmir yolunun Ermənistan hissəsinə gəlincə deməliyəm ki, sovet dövründə bu dəmir yolu Azərbaycan dəmir yolunun tərkib hissəsi olub. Ermənistanın dəmir yolu şəbəkəsinin qalan hissəsi ilə dəmir yolu əlaqəsi olmadığına görə ermənilərin dəmir yolu strukturuna daxil olmayıb. Bu yol Azərbaycanı Ermənistan ərazisindən keçərək Naxçıvan Muxtar Respublikası ilə birləşdirir və oradan Körfəzə çıxış yolu ilə İran ərazisinə keçir. Yəni, Zəngəzur dəhlizinin reallaşması ilə biz mahiyyət etibarilə Şimal-Cənub dəhlizinin başqa istiqamətini açacağıq. Təkcə hamının haqqında danışdığı bir istiqamətə - Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil, həm də Şərqi Zəngəzur və Zəngəzur bölgəsinin digər hissələrindən İrana, oradan da Türkiyəyə. Ona görə də yük axınının həcminin artırılması üçün böyük perspektivlər açılır.

Özbəkistan Prezidentinin səfəri zamanı biz müzakirə etdik ki, yükdaşımaların həcmini artırmalıyıq. Bu gün Çindən Azərbaycan ərazisi vasitəsilə yükdaşımaların həcmi sürətlə artır. Eyni zamanda, Xəzər dənizinə çıxacaq Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan dəmir yolu yenidən tikilir. Yəni, görürsünüz ki, artıq hansı böyük axınlar gedir və bu, bizim istiqamətimizdə davam edəcək. Ona görə də biz təkcə Bakı limanında yüklərin qəbuluna və onları işləməyə deyil, həm də Bakı-Tbilisi-Qars dəmir yolu ilə Gürcüstandan keçməklə Türkiyəyə və daha sonra Aralıq dənizi limanlarına Zəngəzur vasitəsilə göndərməyə hazır olmalıyıq ki, bu, eyni zamanda, əsas nəqliyyat marşrutu olacaq. Amma təəssüflər olsun ki, son beş ildə Ermənistan tərəfində heç bir iş aparılmayıb, bu məsələ qəsdən gündəmdən çıxarılıb. Amma belə olan halda Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır. Bu prosesin qarşısını almaqda davam etsələr düşünürəm ki, özlərini nəinki bu gün düşdükləri nəqliyyat təcridində, həm də müəyyən dərəcədə siyasi təcriddə tapacaqlar.

Atamın mənə nə deyə biləcəyinə gəldikdə, əlbəttə, bunu bilə bilmərəm. Amma təxmin edə bilərəm. Məncə, siz də təxmin edirsiniz. Bu, yəqin ki, daha çox ritorik sualdır. Mənim üçün isə atamın vəsiyyətini yerinə yetirmək, eləcə də bu torpaqlardan didərgin düşən, ədalətin bu təntənəsini görmədən dünyadan köçənlərin vəsiyyətlərini yerinə yetirmək böyük şərəf və qürur mənbəyi idi. Mən son beş ildə bu qürur hissi ilə yaşayıram. İnşallah, mən və bütün Azərbaycan xalqı sona qədər bu hisslə yaşayacağıq.

Moderator Ceyn Viterspun: Təşəkkür edirəm. Növbəti sualı ABŞ-ın Beynəlxalq Siyasət İnstitutunun nümayəndəsi Paolo Liebl von Şirax verəcək. Buyurun, söz sizindir.

Paolo Liebl von Şirax: Cənab Prezident, Sizi görməyə çox şadam. Bu gün bu tədbirdə iştirak etməyimdən çox məmnunam. Üçüncü dəfədir ki, mən bu Forumda iştirak edirəm və burada Sizinlə bu görüşün əhəmiyyəti hər kəs üçün olduqca vacibdir. Bu, çox rəmzi bir məkandır və hər kəsə məlumdur ki, bu, çox mürəkkəb bir hekayənin gözəl sonluğudur. Siz öz baxışınızla bağlı fikirlərinizi artıq bölüşdünüz, ölkəniz təkcə bu bölgə üçün deyil, region üçün, Avropa, Mərkəzi Asiya və Yaxın Şərq arasında da bir körpü ola bilər. Siz infrastruktur layihələrini artıq qeyd etdiniz. Mənim sualım ondan ibarətdir ki, Sizcə ən əsas əhəmiyyətli inkişaf vektorları həm ölkəniz, həm regionunuz üçün nədən ibarətdir? Xüsusilə də birbaşa xarici sərmayə baxımından. Biz bir neçə dəfə bu barədə danışmışıq. Artıq bir müddət keçib. Sizin hökumətiniz bu sahədə fəal çalışır. Eyni zamanda, xarici sərmayələrin təşviqi baxımından hansı əlavə tədbirlər ola bilər və sizin iqtisadiyyatınızda ən perspektivli sahələr hansılardır? Bu işdə sizin etibarlı tərəfdaşlarınız hansı ölkələr və şirkətlər ola bilər? Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Daxili gündəliyimizə gəldikdə aydındır ki, Azərbaycan öz inkişafına hansı istiqamətdə davam edəcəkdir. Əsas prioritet faydalı qazıntı sahəsi ilə bağlı deyil. Burada IT, aparıcı texnologiyalar sektorunu qeyd etmək istəyirəm. Biz süni intellektlə bağlı aparıcı şirkətlərlə artıq əməkdaşlıq edirik. Ancaq regional inkişafa və regional əməkdaşlığa gəldikdə bağlılıq layihələri prioritetdir və bu məsələ region ölkələri üçün eyni dərəcədə əhəmiyyətlidir. Biz eyni mövqedən çıxış edirik. Burada söhbət təkcə tranzitdən getmir. Biz dəhlizlər, dəmir yolları haqqında danışanda tranzit və tranzit ödəmələri haqqında danışdığımız düşünülə bilər. Tranzit ödəmələri, əlbəttə ki, vacibdir, o, ölkəni gücləndirə bilər. Ancaq əsas məsələ tranzit marşrutu boyu infrastrukturun və sahələrin yaradılmasıdır ki, o sahələr əlavə sərmayə cəlb edə bilər. Bu səbəbdən də bir neçə əsas şərtin təmin edilməsi vacibdir. Bunun biri sabitlik və təhlükəsizlikdir. Bu gün regionumuz, Mərkəzi Asiya regionu, Cənubi Qafqaz, ondan Şərqdə və Qərbdə yerləşən ölkələr sabit dövlətlərdir. Xüsusilə də Qarabağ münaqişəsi başa çatandan sonra sabitlik, təhlükəsizlik və inkişaf üçün perspektivlər daha aydın və genişdir. Yəni bu, bağlılıq layihələrinin təşviqi baxımından mühüm amildir. İkinci amil qonşularla xoş münasibətlərdir. Bu olmadığı təqdirdə ölkə tranzit ölkə ola bilməz və biz burada qonşularımızla deyil, qonşularımızın qonşuları ilə də yaxşı münasibətlərə malik olmalıyıq. Bu sahədə də fəal diplomatik fəaliyyət aparılır və bizim etibarlı tərəfdaş imicimiz var. Biz son 10 il ərzində etimad qurmağa çalışmışıq. Biz nümayiş etdirməyə çalışmışıq ki, ölkəmiz etibarlı tərəfdaşdır və sözümüzün imzamız qədər dəyəri var. Bu, bu günə qədər də məhz belə olmuşdur.

Bağlantı layihələrinə gəldikdə, biz, ilk növbədə, Orta Dəhlizi qeyd etməliyik. Bu, bu gün çox geniş coğrafiyanı birləşdirən bir layihədir. Mən artıq bir neçə dövləti qeyd etdim. Həmin dəhliz Şərqdən Qərbi Avropaya qədər uzanır və bu da müxtəlif aktorlar arasında anlaşmaya səbəb olacaq. Burada daha çox anlaşmaya ehtiyac var.

COP29 haqqında danışarkən məndə elə bir təəssürat yarandı ki, inkişaf etmiş və inkişaf edən ölkələr arasında bir etimad böhranı var. Hər biri özünün haqlı olduğunu hesab edir. Ancaq burada etibar olmadığı və bir-birinə şübhə ilə yanaşma mövcud olduğu təqdirdə vahid hədəflərə nail olmaq çətin olacaqdır. Ona görə də təhlükəsizlik, sabitlik, milli maraqlara praqmatik yanaşma və qonşularla yaxşı, konstruktiv əlaqələr vacibdir.

Regional gündəliyə gəldikdə, onu da qeyd edə bilərəm ki, biz yaşıl enerji layihələri üzərində çalışırıq. Çünki təkcə Azərbaycanda deyil, Mərkəzi Asiya ölkələrində də Günəş və külək elektrik enerjisi stansiyaları yaradılır. Ötən ilin noyabrında Bakıda COP29 çərçivəsində Özbəkistan, Qazaxıstan və Azərbaycan prezidentləri arasında yaşıl enerji ilə bağlı Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi imzalandı ki, Mərkəzi Asiyada istehsal olunan yaşıl enerji Azərbaycanın infrastrukturuna birləşdirilsin. Ona qədər Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan arasında da buna bənzər sənəd imzalandı ki, belə bir yaşıl enerji kabeli Qara dənizin dibi ilə çəkilsin. Yəni, region təkcə Cənubi Qafqazı əhatə etmir. Biz daha geniş coğrafiyanı əhatə edirik. Ancaq burada mərkəzi nöqtə məhz Azərbaycandır. Çünki siz coğrafiyanı dəyişə bilməzsiniz. Amma coğrafiya heç də hər zaman o demək deyil ki, coğrafi mövqeyiniz sizə tərəqqi gətirəcəkdir. Siz coğrafiyanızdan yaxşı məqsədlər üçün istifadə etməlisiniz. Biz artıq bunu proqnozlaşdıra bilərik ki, Azərbaycan, Mərkəzi Asiya və Avropa ölkələri arasında imzalanmış sənədlər Azərbaycanın bir növ qovşaq olacağını nümayiş etdirir. Azərbaycan nəqliyyat, istehsal və paylama nöqtəsi olacaqdır. Bizim çox böyük artım potensialımız var.

Ənənəvi enerji infrastrukturu layihələrinə gəldikdə deyə bilərəm ki, biz bütün planlarımıza nail olmuşuq. Bəli, biz bilirik ki, bu gün Avropanın daha çox Azərbaycan qazına ehtiyacı var və biz bu həcmi artırmağa hazırıq. 2021-ci ildə bu həcm 8 milyard kubmetr idi. Bu gün 13 milyard kubmetrdir. Bu, bizim ümumi hasilatımızın və ixracımızın yarısıdır. Əlavə həcmlər üçün isə Avropa institutları ilə bağlı yenidən praqmatik yanaşma olmalıdır.

Yaşıl enerjiyə gəldikdə, Avropa bankları artıq faydalı qazıntı enerji növlərinə maliyyələşmə ayırmır. Avropa Yenidənqurma və İnkişaf Bankı maliyyələşməni demək olar ki, dayandırmışdır. Buna görə isə əlbəttə ki, biz imkanlarımızı genişləndirmək üçün vəsait cəlb edə bilmərik. Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir. Yeni məkanlar üçün biz interkonnektorlardan istifadə edirik. Ancaq əsas boru kəməri tam həcmdə doludur. Onu genişləndirmək üçün bizim əlavə maliyyə vəsaitinə ehtiyac var. Ona görə Avropa institutları bunu nəzərə almalıdırlar və siyasətlərində dəyişiklik etməlidirlər ki, biz əlavə vəsait cəlb edə bilək. Bu şəraitdə bu gün bizim üçün artıq tamamlanmış kimi görünən bir məsələ yenidən inkişaf etdirilə bilər. Avropanın Azərbaycan qazına daha çox ehtiyacı var. Onların Azərbaycanın yaşıl enerjisinə ehtiyacı var. Bəli, biz bilirik ki, Avropada olan külək elektrostansiyalarının sayı nə qədərdir və onların planları nədən ibarətdir. Ancaq biz bir yerdə çalışmağı avropalı tərəfdaşlarımıza təklif etdik. Azərbaycanın coğrafi olaraq Avropa və Asiya arasında yerləşən bir məkan kimi nəhəng meqalayihələrin icrasında təcrübəsi, şaxələndirilmiş xarici siyasəti və xarici siyasət gündəliyi sayəsində biz əhəmiyyətli və həlledici rol oynaya bilərik. Burada bir çox digər məsələləri qeyd edə bilərdim, ancaq vaxtınızı çox almaq istəmirəm.

Moderator Ceyn Viterspun: Ukraynadan “Gordon” media qurumunun təsisçisi jurnalist Dmitro Qordon.

Dmitro Qordon: Hörmətli cənab Prezident, biz Ukraynada Sizin rəhbərliyinizlə Azərbaycanın öz torpaqlarını, öz ərazisini geri qaytarmasını heyranlıqla izləyirdik. Bu, bizim üçün son dərəcə ruhlandırıcı bir nümunədir. Ukraynalılar Sizə minnətdardırlar ki, dəfələrlə açıq şəkildə Ukraynanın dövlət suverenliyinə və ərazi bütövlüyünə dəstəyinizi ifadə etmisiniz. Bu, unudulmur. Artıq neçə ildir ki, biz Ukrayna dövlətinin varlığı uğrunda çox ağır müharibə şəraitində yaşayırıq. Siz qalib xalqın Lideri kimi Ukraynaya və ukraynalılara hansı tövsiyələri verə bilərsiniz?

Prezident İlham Əliyev: Ölkəmiz haqqında dediyiniz xoş sözlərə, suverenliyin və ərazi bütövlüyünün bərpası üçün görülmüş işlərlə bağlı fikirlərinizə görə təşəkkür edirəm. Bir neçə il əvvəl tədbirlərin birində Ukrayna nümayəndəsinin oxşar sualına cavab vermək imkanım olmuşdu. İndi verdiyim cavab ozamankı cavabımdan fərqli olmayacaq və düşünürəm ki, bu, Ukrayna xalqının istəkləri ilə də səsləşir – heç vaxt işğalla barışmamaq. Bu, əsas tövsiyədir. Bizim etdiyimiz də bu idi. Daha doğrusu, biz bu prosesi belə görürdük.

Birinci Qarabağ müharibəsi dövrü çox çətin, faciəli idi – çoxsaylı qurbanlar, Xocalıda azərbaycanlıların soyqırımı. Yeri gəlmişkən, Xocalı buradan cəmi bir neçə kilometr məsafədədir. Münaqişəsonrası dövr də mənəvi və iqtisadi baxımdan az ağır deyildi. Bizim bir milyona yaxın insanımız var idi ki, onlar yaşamaq imkanlarından məhrum olmuşdular. Onlardan 700 min nəfəri Qarabağ regionundan idi, 250 min nəfəri isə Ermənistandakı azərbaycanlılar idi ki, oradan deportasiya olunmuşdular. O zaman bizim ölkəmizin əhalisi 8 milyon idi. Yəni bu, adambaşına düşən qaçqınların sayı baxımından ən yüksək göstəricilərdən biri idi.

Pul yox idi, xəzinə boş idi, bizi demək olar ki, heç kim dəstəkləmirdi. Heç kimdən heç bir əhəmiyyətli beynəlxalq dəstəyimiz yox idi, iqtisadiyyat dağılmışdı, inflyasiya min faiz idi, kütləvi işsizlik, yoxsulluq isə demək olar ki, 100 faiz səviyyəsində idi. Bax, belə bir Azərbaycan var idi. Həmin vaxt Heydər Əliyev hakimiyyətə gəldi. Xalqımızın bəxti onda gətirdi ki, çətin bir zamanda ona müraciət etdi və o da bu ağır yükü öz üzərinə götürdü. Halbuki o, gənc deyildi, artıq 70 yaşı var idi, səhhəti o qədər də yaxşı deyildi, ağır xəstəlik keçirmişdi. Amma məhz onun sayəsində vəziyyəti sabitləşdirmək mümkün oldu. Üstəlik, o vaxt vətəndaş müharibəsi də gedirdi. Biz tədricən ayağa qalxmağa, necə deyərlər, dirçəlməyə başladıq. Yalnız bir şeyi düşünürdük. Mən əminəm, vətəndaşlarımızın əksəriyyəti də mənim dediyimi bölüşür ki, işğal olunmuş torpaqlarımızı necə qaytarmağı fikirləşirdik. Biz başa düşürdük ki, bu, çətin olacaq. Birincisi, relyef. Siz Füzulidən buraya gəlmisiniz. Füzuli şəhəri oktyabrın 17-də azad olunmuşdur. Bundan sonra bizim Silahlı Qüvvələrimiz yol olmayan ərazilərdən piyada keçərək Xankəndi ətrafına, Şuşa qayalarına doğru hərəkət etdilər. Biz döyüş meydanında sübut etdik ki, hər şeyə hazırıq və ölümə gedirdik, irəlidə 5-6 müdafiə xətti var idi. Biz hamımız əzəli torpaqlarımızı qaytarmaq arzusu ilə yaşamışıq.

Relyef, beynəlxalq vəziyyət bizim əleyhimizə idi. ATƏT-in Minsk qrupunun həmsədrlərinin hər biri şəxsi səbəblərə görə Ermənistanın tərəfində idi və hər biri bu vəziyyətin əbədi davam etməsinə çalışırdı. Ona görə də bu status-kvo dəyişmirdi. Hətta bəzən inanılmaz diplomatik səylərlə həmsədr ölkələr adından hansısa bəyanatla çıxış etməyə müvəffəq olanda, bir müddət sonra bu, təkzib edilirdi.

Xatırlayıram ki, ABŞ, Fransa və Rusiya prezidentləri səviyyəsində status-kvonun qəbuledilməz olduğu bəyan ediləndə biz bunu böyük həvəslə qarşılamışdıq. Bu, ciddi bəyanat idi, buna nail olmaq üçün çox çalışmışdıq. Amma bir müddət sonra həmin bəyanatda cəmi bir söz dəyişdirildi – "qəbuledilməz” əvəzinə “dayanıqsız” dedilər. Yəni, bizə mesaj verdilər ki, əslində, bu vəziyyət qəbulediləndir. Yəni, maskalar açıldı, bəli, qəbulediləndir. Bu, Ermənistan üçün qəbuledilən idi, Minsk qrupunun həmsədrləri və bir sıra ölkələr üçün də qəbuledilən idi. Təkcə bizim üçün qəbuledilməz idi.

Mən 2003-cü ilin sonlarından etibarən danışıqlar prosesində iştirak edirdim. 17 il ərzində çoxlu təkliflər, çoxlu görüşlər oldu, – bəlkə də heç də faydalı olmayan, – və çoxlu mesajlar alırdıq ki, reallıqla barışmaq lazımdır. "Reallıq budur, siz bununla barışmalısınız”. Mən deyirdim ki, xeyr. Bu, dünya güclərinə bir çağırış kimi qəbul olunurdu, qeyri-adekvat reaksiya kimi dəyərləndirilirdi. Əsas narrativ isə bu idi – görürsünüz, onlar razılaşmır, onlara separatçılara şərti müstəqillik verilməsi müqabilində nəsə təklif olunur, amma onlar razılaşmırlar.

Bizim beynəlxalq hüquqa əsaslanan arqumentlərimiz – BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən 4 qətnaməsi, Minsk qrupunun həmsədrlərinin bu qətnamələrə səs vermələri – bunların hamısı reallıqla barışmaq tələbini ehtiva edən təkəbbürlü bəyanatlar fonunda cavabsız qalırdı. Biz də qərar verdik ki, yeni reallıqlar yaradacağıq və siz onlarla barışmalı olacaqsınız. Elə də oldu. Biz yeni reallıqları 2020-ci ildə 44 gün ərzində yaratmağa başladıq. Onlar bununla barışmağa məcbur oldular. Daha sonra 2023-cü ilin sentyabrında bir gün ərzində. Bununla da barışmağa məcbur oldular.

Ona görə də sualınıza bir qədər geniş cavab verirəm ki, əvvəldə dediyim məqamı izah edim. Əvvəldə dediklərim sadə və ya bəhanə kimi görünə bilər. Amma bunun arxasında bizim həm müharibədə, həm danışıqlar masasında, həm də suverenliyimizi tam bərpa etdikdən sonra yaşadıqlarımız dayanır. Əgər xarici aktorların bizə qarşı təhdidləri, təzyiqləri, şantajları barədə danışsam, bu, çox da xoş mənzərə olmaz. Bunu danışmaq üçün ayrıca görüşə ehtiyac var.

Amma əvvəl dediyimə qayıdıram: heç vaxt təslim olmamaq və heç vaxt ərazi bütövlüyünün pozulması ilə barışmamaq. Baxın, Özbəkistandan olan dostumuz atam haqqında sual verdi. Bilirsiniz, o da bizim hamımız kimi bu günü - Qarabağa qayıtdığımız günü görmək istəyirdi. Amma bu, ona nəsib olmadı. Bu əraziləri azad etməzdən əvvəl mən 17 il Prezident olmuşam. Əgər imkan yaranmasaydı, bəlkə də daha 17 il gözləyəcəkdik. Burada məsələ mənlik deyil. Hesab edirəm ki, bu da ukraynalılar üçün vacibdir. Məsələ şəxsiyyətdə deyil, məsələ ambisiyada deyil. Məsələ ondadır ki, bizdən əvvəl yaşamış nəsillər və bizdən sonra yaşayacaq nəsillər qarşısında məsuliyyət hiss etməliyik.

Əgər bilsəydim ki, torpaqları geri qaytara bilməyəcəyik, biz bəlkə də daha 17 il gözləyəcəkdik, sonra yenə 17 il. O zaman artıq mən olmayacaqdım və bu, vacib olmayacaqdı. Mən mənəvi baxımdan hazır idim ki, bunu kimsə başqa biri edəcək. Amma başa düşürdüm ki, əgər mən etməsəm, yəqin ki, bunu heç kim edə bilməz. Bu, bəlkə də çox iddialı səslənə bilər, amma bu, sadəcə, mənim fikirləşdiyim idi və xatirələrimi bölüşürəm.

Daha bir son fikir. Ədalətə inamım demək olar ki, itmişdi, keçmiş köçkün vətəndaşlarımız kimi. Onlarla daim görüşür və deyirdim ki, "inanın, biz qayıdacağıq". Amma hər il onların gözlərində inamın azaldığını görürdüm. Axı, gözlər hər şeyi deyir. Onlar mənə deyə bilərlər ki, bəli, inanırıq, amma gözlər hər şeyi deyir. Mənim də inamım az idi, ədalətə inamım. Amma bizim Qələbəmiz, – bu, ədalətli və tam qələbədir, – göstərdi ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır. Bu ədaləti əldə etmək üçün hər gün işləmək, hər gün qələbəyə yaxınlaşmaq lazımdır. Əgər son qərar səndən asılıdırsa, həyatını bu işə həsr etməlisən. Yalnız bu halda bu, baş verə bilər.

Əlbəttə, ən vacib amil cəmiyyətin həmrəyliyidir. Həmrəyliyin Prezident, Ali Baş Komandan olaraq mənə verdiyi mənəvi güc çox böyük idi. Əmin idim ki, xalq mənim arxamda dayanacaq. Bu da yəqin ki, həlledici amillərdən biri oldu.

Odur ki, əvvəldə dediyimə qayıdıram – heç vaxt təslim olmamaq!

Moderator Ceyn Viterspun: Mixail Qusman, Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini.

Mixail Qusman: Hörmətli İlham Heydər oğlu, hər vaxtınız xeyir. Sizi salamlamaq istəyirəm. Təşəkkür edirəm ki, bu gün biz Xankəndidəyik. Forum Şuşa adlansa da, mən qırx il əvvəl sonuncu dəfə bu şəhərdə olmuşam. Yəqin ki, həmkarlarım, həmyerlilərim vəziyyətimi başa düşərlər.

Bilirsiniz, axırıncı Forumda Siz dəqiq müəyyən etdiniz, çünki mən Miluokidən təzəcə qayıtmışdım. Siz yanvarın 20-də Ağ evdə kimin olacağını dəqiq müəyyən etdiniz. O vaxt dəqiq dediniz və belə də oldu. Siz hətta Azərbaycanın ABŞ-la, bu administrasiya ilə münasibətlərinin daha yaxşı olacağını ehtimal etdiniz. Bu barədə Prezident Trampın ölkənin Müstəqillik Günü münasibətilə təbriki əsasında da fikir yürütmək olardı.

Sualım bir az genişdir. Bu gün Azərbaycan, fikrimcə, tamamilə nadir xarici siyasət yürüdür. Başqa hansı dövlətlə müqayisə oluna biləcəyini də bilmirəm. Bütün beynəlxalq azimutlarda, mən Rusiyadan başlayacağam, son zamanlar nə Rusiyada, nə də Azərbaycanda geniş ictimaiyyətin müsbət reaksiyasına səbəb olma ehtimalı az olan, mənim dediyim kimi, son zamanların “çalxalanmalarına” baxmayaraq, 2022-ci il fevralın 22-də Moskvada imzaladığınız müqavilənin əsasları heç bir şübhə doğurmur. Bu, aydındır.

Mən ABŞ haqqında danışdım. Türkiyə ilə münasibətlər Şuşa Bəyannaməsinə əsaslanır. İran Prezidenti cəmi bir neçə gün əvvəl bu zalda idi. Avropa komissarları elə həftə olmur ki, burada olmasınlar. Mən bunları sadalaya bilərəm, o cümlədən Çinə səfəriniz, Qoşulmama Hərəkatındakı rolunuz və sairə. Bunda müəyyən bir fenomen var, onu dünyada heç də hamı başa düşmür. Mənə elə gəlir ki, dünyada heç də hamı bunu layiqincə qiymətləndirmir. Bununla bağlı sadə bir sualım var. Başa düşürəm ki, Sizin bunu necə bacardığınızı soruşmaq virtuoz skripkaçıdan skripkada necə ifa etdiyini soruşmaq kimidir. O deyəcək: “Mən skripkanı, onun yayını götürürəm və ifa edirəm”. Amma Sizin siyasətiniz müəyyən, mənə elə gəlir ki, çox aydın, çox yaxşı düşünülmüş siyasi prinsiplərə əsaslanır ki, bu çoxvektorlu siyasəti həyata keçirməyə imkan verir.

Siz Prezident Əliyevin, zənnimcə, belə uğurlu xarici siyasət yürütməsini şərtləndirən 5-7 təməl siyasi prinsiplərini deyə bilərsinizmi? Sağ olun.

Prezident İlham Əliyev: Sağ olun. Mən bir dəfə avropalı həmkarlarımla qapalı görüşdə, hələ 2020-ci ildən sonra, amma 2023-cü ildən əvvəl, vəziyyət müzakirə olunanda, burada, Xankəndidə hələ də separatçılar olanda bildirmişdim ki, - o qədər uzun söhbət gedirdi, - mən bir dəfə dedim ki, bunu açıq, üz-üzə demişəm, yəni, yox, xalqıma heç vaxt yalan söyləmirəm. Beləcə də dedim. Bu, əslində, doğrudur. Amma sualınıza cavab olaraq, mən beynəlxalq həmkarlarıma da heç vaxt yalan danışmamağa çalışıram. Əlbəttə, imkan daxilində. Hesab edirəm ki, biz obyektiv və dürüst olmalıyıq, yalan danışmamalıyıq. Düşünürəm ki, bu, yəqin ki, əsas prinsiplərdən biridir: ilk növbədə öz xalqıma həqiqəti söyləmək. İnternet və sosial şəbəkələr dövründə yaşadığımız üçün burada dediyiniz hər şey dərhal bütün dünyada rezonans doğurur.

Düşünürəm ki, bu, mənim Prezident vəzifəsində əldə etdiyim çoxillik əvəzsiz təcrübə ilə bağlıdır və onu başqa cür əldə etmək mümkün deyil. Həm də belə etibarlı münasibətlərin qurulduğu, etimad göstərə biləcəyiniz zaman. Güvənmək razılaşmaq demək deyil, etimad göstərmək nədənsə müəyyən dərəcədə narazı olmaq və ya müsbət gündəmdən başqa bir şeyə sahib olmaq demək deyil. Güvənmək, sadəcə olaraq inanmaq deməkdir ki, əgər bir insan bunu deyibsə, deməli belə olacaq.

Fikirləşirəm ki, bu, bizə beynəlxalq nüfuz qazanmağa imkan verən amillərdən biridir. İkinci amil, məncə, heç də az əhəmiyyət kəsb etmir. Bu, həmişə haqlı olaraq qeyd etdiyiniz kimi, prinsiplərə, konkret olaraq beynəlxalq hüququn universal prinsiplərinə riayət etməkdir. İstənilən vəziyyətdə, istər siyasi, istərsə də başqa üstünlüklərdən asılı olmayaraq, biz həmişə onlara sadiq olmuşuq. Biz özümüz də separatizmdən və işğaldan əziyyət çəkən bir ölkə kimi sadəcə olaraq dünyanın heç bir yerində analoji vəziyyətlərə münasibətimizi başqa cür ifadə edə bilmədik. Ona görə də beynəlxalq hüquqa və BMT Nizamnaməsinə sadiqlik həm də fundamental amildir və hesab edirəm ki, Azərbaycanın beynəlxalq aləmdə layiqli yer tutmasına imkan verib.

Düşünürəm ki, Azərbaycan coğrafiyası, - mən bu haqda artıq danışmışam, - bu, təbii ki, dərmanlar kimi, kimin əlində olmasından asılı olaraq, müəyyən dərəcədə bəlkə də təhlükəli, bəlkə də çox faydalı bir amildir. Buna görə də özlərini risklərdən qorumaq üçün coğrafiyadan istifadə edirlər. Azərbaycana gəlincə, ölkəmizdə risklərin daxili mənbələri yoxdur. Bütün potensial risklər bizim sərhədlərimizdən kənarda formalaşa bilər. Ona görə də sürprizlərdən, fəaliyyətimizlə bağlı olmayan bəzi risklərdən qorunmaq da vacib idi və bu məsələdə coğrafiyanın mühüm rolu olub. Azərbaycan, eyni zamanda, həm Avropa, həm də müsəlman təşkilatlarının üzvü olan və Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, ECO və bir çox başqa qurumlar vasitəsilə sammit formatlarında fəal iştirak edən azsaylı ölkələrdən biridir. Azərbaycanın nüfuzunu vurğulayan daha bir mühüm amil, deyərdim ki, D-8 Təşkilatına yeni üzv olan ilk və yeganə ölkə olmasıdır. Vaxtilə Türkiyənin, Pakistanın, Misirin təşəbbüsü ilə yaradılan və hazırda müsəlman dünyasının əhalisinə, potensialına görə ən böyük səkkiz dövlətini birləşdirən təşkilat hələ bir çox onilliklər əvvəl yarandığı gündən indiyədək yeni üzv qəbul etməyib. Azərbaycan yekdilliklə qəbul edilən yeganə ölkədir.

Düşünürəm ki, sualınıza sonsuz cavab vermək olar, ona görə də burada dayanacağam. Əlbəttə ki, hər kəs üçün vacibdir: öz maraqlarını nəzərə alanda qonşunun da maraqlarına baxmaq. Yəni, milli maraqların qorunması Azərbaycanın xarici siyasətində fundamental amildir, lakin regional və qlobal kontekstdən ayrılaraq bu amildən güclü sui-istifadə etmək olmaz. Həmişə vəziyyətə baxmaq lazımdır, vəziyyətə qonşunun prizmasından baxmağa çalışın. Onda çox şey aydınlaşır, belə olan halda anlaşılmazlığa səbəb olan bir çox məsələlər kifayət qədər səmərəli nizamlanır. Ona görə də belə bir suala görə sizə minnətdaram.

Yeri gəlmişkən, kiçik bir aydınlıq gətirmək istərdim. Mən Trampın qələbəsini proqnozlaşdırmırdım. Sadəcə dedim; onun bizim kimi fundamental dəyərləri, o cümlədən ailə dəyərlərini bölüşdüyünü nəzərə alsaq, Azərbaycan xalqı üçün daha yaxşı olardı. O, müharibələrə başlamamış yeganə ABŞ Prezidentidir. Həm də hakimiyyətdə olduğu qısa müddətdə müharibələrə son qoyan bir adam olduğu aydın görünür. Biz, həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq. O, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, “Vaşinqton bataqlığı”nı dibinə qədər qurutsun.

Moderator Ceyn Viterspun: Çinin Sinxua agentliyinin Bakı ofisinin nümayəndəsi Zhong Zhong, buyurun.

Zhong Zhong: Salam, cənab Prezident. Əvvəlcə Sizə təşəkkür etmək istəyirəm ki, Çinə səfəriniz ərəfəsində Sinxua agentliyinə müsahibə verdiniz. Bu müsahibə Çində çox böyük maraqla qarşılandı. Düzünü desək, Siz artıq Azərbaycanın ən parlaq şəxsiyyətinə çevrilmisiniz. Aydındır ki, səfərinizdən sonra ölkələrimiz arasında təmaslar daha da intensivləşdi. Demək olar ki, hər gün iki ölkə arasında yeni əməkdaşlığa dair xəbərlər eşidirik. Bu baxımdan sualım belədir: Azərbaycan ilə Çin arasındakı mövcud münasibətləri necə qiymətləndirirsiniz? Əməkdaşlığımızın perspektivləri nədən ibarətdir? Qarabağa Böyük Qayıdış çərçivəsində Çin şirkətləri hansı sahələrdə iştirak edə bilər? Çox sağ olun.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Mən ölkələrimiz arasında əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirirəm. Son dövrlərdə Çin Xalq Respublikasının Sədri cənab Si Cinpinlə dəfələrlə görüşmək imkanım olub. Bu il dövlət səfərim zamanı və ötən il beynəlxalq sammit çərçivəsində görüşlərimiz baş tutub, həmçinin iki mühüm sənədi qəbul etdik və imzaladıq. Ötən il bu sənəd “Strateji tərəfdaşlıq haqqında Bəyanat”, bu il isə “Hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” olmuşdur. Bu sənədlər dövlətlərarası münasibətlərin ən yüksək formalarını əks etdirir. Çin Xalq Respublikası ilə bu səviyyədə qarşılıqlı etimada əsaslanan münasibətlər qurmağımız bizi çox sevindirir.

Həmçinin deməliyəm ki, cəmi bir neçə gün əvvəl ümumvətəndaş pasportları ilə Çinə səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün viza rejimi tamamilə aradan qaldırıldı. Biz isə öz növbəmizdə bir il əvvəl Çin vətəndaşları üçün viza rejimini ləğv etmişik. Düşünürəm ki, bu addım xalqlarımız, tələbələrimiz və iş adamlarımız arasında təmasların daha da intensivləşməsinə səbəb olacaq.

Azərbaycanla Çin hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Azərbaycan açıq şəkildə bildirir ki, Çin Xalq Respublikasının Tayvan və digər məsələlər ilə bağlı mövqeyini dəstəkləyir. Bizim mövqeyimiz olan “vahid Çin” siyasəti Çin rəhbərliyinə və xalqına yaxşı məlumdur.

Ticarət dövriyyəsinin artırılmasına dair böyük planlarımız var. Hazırda bu istiqamətdə böyük potensial mövcuddur. Artıq Çinin bir çox şəhərlərindən Azərbaycana və Azərbaycan ərazisindən Qərbə konteyner qatarları göndərilir. Bu qatarların sayı ildən-ilə hətta onlarla faiz artmaqdadır. Hesab edirəm ki, yaxın zamanda bu göstəricilər dəfələrlə artacaq. Biz cənab Si Cinpinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü əvvəldən dəstəkləmişik və bu məqsədlə ölkəmizdə uyğun nəqliyyat-logistika infrastrukturunu hazır etmişik.

Çin şirkətləri Günəş elektrik stansiyalarının tikintisi layihələrinin reallaşmasında podratçı qismində fəal iştirak edirlər. İnvestor şirkətlər tərəfindən alınan Günəş panelləri Çin istehsalıdır. Son dövrlərdə biz, həmçinin Çin şirkətləri ilə bərpaolunan enerji – Günəş və külək enerjisi sahəsində əməkdaşlığa başlamışıq. Artıq müvafiq sazişlər imzalanıb və düşünürəm ki, bu sahə də qarşılıqlı faydalı əməkdaşlığımıza mühüm töhfə verəcək.

Yəni, münasibətlərimiz çox möhkəmdir. Həm dövlət başçıları, həm də nazirlər səviyyəsində çox fəal siyasi dialoq aparılır. Çinin müxtəlif regionları ilə də çox sıx əməkdaşlıq qurulub. Artıq Çində Azərbaycanın bir neçə ticarət evi fəaliyyət göstərir. Bu istiqamətdə böyük perspektivlər görürük.

Nəqliyyat-logistika layihələri ilə bağlı dediyim kimi, Çin Xalq Respublikası tərəfindən Mərkəzi Asiyada maliyyələşdirilən yeni dəmir yolu arteriyaları Xəzər dənizindən Azərbaycana və daha sonra beynəlxalq marşrutlar üzrə yük axınlarının həcminin artmasına şərait yaradacaq.

Sualınıza görə təşəkkür edirəm. Xoş gəlmisiniz.

Moderator Ceyn Viterspun: Növbəti sual üçün sözü AnewZ-un Vaşinqton müxbiri Oubai Şahbandara veririk.

Oubai Şahbandar: Cənab Prezident, mən Azərbaycanın Birləşmiş Ştatlarla münasibətlərinə dair sual vermək istəyirəm. Bir il əvvəl Siz Şuşa Forumunda Prezident Trampın birinci prezidentliyi dövründə onun müharibələrə getməmək irsini tərif formasında vurğuladınız. Təbii ki, Siz ənənəvi dəyərlər məsələsini qeyd etdiniz və bildirdiniz ki, o vaxt namizəd olan Prezident Tramp Sizin də şərik çıxdığınız xüsusi siyasətə önəm verir. Bir il keçdikdən sonra Prezident Tramp seçkidə birmənalı şəkildə qalib gəldi. Bu, Azərbaycan-ABŞ münasibətlərində potensial qaydada yeni era hesab edilə bilərmi? Amerika və Azərbaycan yenidən böyük dost ola bilərlərmi?

Prezident İlham Əliyev: Əslində, biz buna ümid edirik və düşünürəm, hazırda Tramp Administrasiyasının nümayəndələri ilə qarşılıqlı fəaliyyətin bir neçə ayı aydın şəkildə göstərir ki, biz düz yoldayıq. Biz normal münasibətlərə qayıdırıq. Bilirsiniz, əvvəlki ABŞ Administrasiyası demək olar ki, ABŞ-Azərbaycan əlaqələrini heçə endirmişdi. Dövlət Departamentinin yüksəkrütbəli rəsmiləri açıq söyləyirdilər ki, Azərbaycanla bir daha işlər adi qaydada gedə bilməz və bu, suverenliyin və ərazi bütövlüyünün tərəfimizdən bərpa olunması ilə bağlı idi. Təsəvvür edə bilərsinizmi? Birləşmiş Ştatlar öz suverenliyini bərpa etmək üçün Ukraynanın səylərini güclü şəkildə dəstəkləyirdi və dəstəkləyir, lakin biz öz suverenliyimizi bərpa etdikdə onlar bəyan etdi ki, işlər artıq adi qaydada aparıla bilməz və bunları Dövlət Departamentinin yüksəkrütbəli rəsmisi deyirdi. Prezident Baydenin Administrasiyası tərəfindən atılmış və qeyri-dost hesab etdiyimiz bir çox digər addımlar münasibətlərin korlanmasında, əslində, əsas meyar idi. Əlbəttə, Prezident Bayden hər il etdiyi kimi, Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin dayandırılmasından uzaqlaşaraq, bu cür qərarı yenidən qəbul etmədiyini biz çox ciddi nəzərə aldıq, çünki biz onlara Əfqanıstanda lazım olduğumuz zaman, o və onun sələfləri həmin düzəlişin qüvvəsini əvvəllər dayandırırdı. Əfqanıstanda biz onlara artıq lazım olmadığımız dövrdə onlar 1992-ci ildə qəbul olunmuş sanksiyaları Azərbaycana qarşı yenidən tətbiq etdilər. Beləliklə, 1992-ci ildə ABŞ Konqresinin Azərbaycana qarşı qəbul etdiyi sanksiyalar onunla bağlı idi ki, Azərbaycan Ermənistanı blokadaya alır və bu, Prezident Trampın dediyi kimi, saxta xəbərlər əsasında olan məsələ idi. Biz Ermənistanı blokadaya almamışdıq. Ermənistan ərazimizi işğal etmişdir, lakin ABŞ Konqresində ermənipərəst lobbinin fəaliyyəti nəticəsində həmin sanksiyalar tətbiq edildi. 2001-ci ildə biz ABŞ-a Əfqanıstandakı missiyasında lazım olduğumuz zaman Prezident və ovaxtkı bütün prezidentlər həmin sanksiyanın qüvvəsini dayandırırdı. Amma Prezident Bayden onu yenidən tətbiq etdi. Beləliklə, indi biz hazırda Birləşmiş Ştatlarla güclü tərəfdaşlıq münasibətləri üçün böyük potensialı görürük. Biz Vaşinqtondan çox müsbət mesajlar almışıq və Azərbaycandan gedən mesajlar da çox müsbətdir. Bizim enerji təhlükəsizliyi və bütövlükdə, təhlükəsizlik və daşımalara aid sahələrdə güclü tərəfdaşlıq tariximiz var. Artıq dediyim kimi, biz ABŞ-la İraqda və Əfqanıstanda onlara lazım olduğumuz zaman olmuşuq və hərbi qulluqçularımız onlarla çiyin-çiyinə xidmət edib. Gözləntimiz böyükdür və ümid edirik ki, yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldıracaq mühüm hadisələr olacaq. Düşünürəm ki, bu, tamamilə təbiidir, çünki bir çox məsələlər bizi, xüsusən də cənab Trampın Administrasiyası ilə birləşdirir. Yeri gəlmişkən, onun ilk prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri çox müsbət olmuşdur. Fikrimcə, artıq gördüyünüz və söylədiyim həmin müsbət tendensiyaların davamı olacaq. Hazırda o, bütöv qlobal məsələlərlə və müharibələrin dayandırılması ilə çox məşğuldur. Lakin eyni zamanda o, Cənubi Qafqaz prosesində fəal iştirak edir və uzunmüddətli münaqişənin həllinin tapılması üçün Azərbaycana və Ermənistana yardım etməkdə əla iş görür. Beləliklə, düşünürəm ki, gələcəkdə daha çox yaxşı xəbərlərimiz olacaq.

Moderator Ceyn Viterspun: Sağ olun. Cənab Agha Iqrar Haroon, DND Xəbərlər Agentliyinin rəhbəri, buyurun.

Agha Iqrar Haroon: Çox sağ olun. Cənab Prezident, əvvəlcə Pakistanın üzləşdiyi çətin anlarda gördüyünüz işlərə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Siz, bütün ölkəniz və xalqınız təcavüz zamanı Pakistanın yanında oldunuz. Bunu heç zaman yaddan çıxarmayacağıq. Buna görə çox sağ olun.

Sualım, əsasən, bizim rusiyalı və ukraynalı dostlarımız arasında olan məsələyə aiddir. Cavabınızı bilmək istərdim. Siyasi fəlsəfənin tədqiqatçısı kimi görürəm ki, Azərbaycan çox rəvan, lakin qəti şəkildə beynəlxalq danışıqların və vasitəçiliyin qovşağına çevrilir. Siz bu yaxınlarda İsrail və Türkiyə arasında vasitəçi oldunuz. Ondan əvvəl isə Rusiya ilə NATO arasında görüşə ev sahibliyi etdiniz. Düşünürəm ki, bu məsələlər çox əhəmiyyətlidir. Lakin Sizdən həmin uğur hekayəsinin arxasında dayanan meyarların düsturunu soruşmazdan əvvəl bir məsələni qeyd etmək istərdim. Siz ECO-nu qeyd etdiniz. ECO o qədər də operativ və ya qeyd etdiyiniz kimi, o qədər də uğurla çalışmadı. Belə mühüm regional təşkilatın süstlüyü arxasında nə kimi meyarlar dayana bilər? Ukrayna ilə Rusiya arasında münaqişənin heç olmasa dayanması üçün rol oynaya bilərsinizmi? Çox sağ olun.

Prezident İlham Əliyev: Çox sağ olun. Biz yalnız dəvət olunan zaman məsələyə qoşuluruq. Əgər dəvət olunmuruqsa, biz öz yerimizdə qalırıq. Kiminsə dəvətsiz getdiyi kimi biz getmirik. Əgər dəvət olarsa, düşünürəm ki, biz lazımi vasitəçilik edə bilərik. Amma gərək xahiş edilsin.

ECO-ya gəldikdə, razıyam ki, bu təşkilatın çox böyük potensialı var və Xankəndidə Zirvə görüşündə biz bu təsisata yeni bir ölçü gətirmək istədik. Zirvə görüşündən əvvəl mən Baş katib cənab Xan ilə görüşdüm, - bildiyiniz kimi, o, pakistanlıdır, - razılığa gəldik ki, bu dəfə müxtəlif forumlar keçiriləcək. Onların hamısı burada, azad edilmiş ərazilərdə, biri Şuşada, digəri Ağdamda və üçüncüsü isə Laçında təşkil olundu. Biznes, Qadınlar və Gənclər forumları baş tutdu. Sonra isə həmin forumların təmsi



Xəbəri paylaş

43 dəfə oxunub.

Digər xəbərlər