Tarix: 09-12-2020 | Saat: 20:51
Bölmə:Karusel / Yazar | çapa göndər
Aşına-aşına, çıxdı ocaq başına
Sosial şəbəkələrdə məşhur hərbçimiz gizir Xanı (cənab gizirin adını adətən yazmırlar deyə mən də ənənəni pozmuram) ilə bağlı, daha doğrusu onun “erməni fəhlə”yə üz tutaraq “Götürün zir-zibilinizi də buradan yox olun!” dediyi kadrlar yayılandan sonra yəqin ki, çox adam Mirzə Cəlilin “Kamança” əsərinin qəhrəmanı Qəhrəman yüzbaşının həmin bu “fəhlə erməni”nin ulu babası Baxşıya üzünü tutaraq “...Adə, erməni, tez kəmənçəni yığışdır, itil get burdan!” əmrini xatırladı. Mən də xatırladım. Ancaq bu səhnələrdə maraqlı bir detal da erməninin cavabıdır. “Mən fəhlə adamam...”
Bəli bir neçə əsrdir ki, erməni “Mən kiməm ki? Mən heç kiməm” deyə-deyə süfrəmizin başına keçib, dağlarımızın, meşələrimizin ən gözəl, torpağımızın ən məhsuldar sahələrinə yiyələnib.
Gizir Xanının epizodu mənim yadıma daha iki tipik hadisə saldı. Elə bu yazını yazmaqda məqsədim də əslində həmin hadisələri danışmaqdır.
1996-cı ildə Mikayıl Gözəlov haqqında “Qəlbimizdə bir ad yaşar” adlı kitabımı yazarkən onun atası, el ağsaqqalı Qoca Gözəlovdan geniş müsahibə almışdım. Bir dəfə söhbət zamanı 1920-ci ildə rus-bolşevik işğalından danışdı. Həmin vaxt rəhmətliyin 10 yaşı olub. Müstəqil Azərbaycandan yaylağa gediblər, qayıdanda artıq görüblər ki, ölkə işğal olunub. Söhbətin həmin parçasını, yəni erməniyə aid hissəsini olduğu kimi diqqətinizə çatdırıram: “QOCA KİŞİ XATIRLAYIR (biz söhbət edəndə Qoca Gözəlovun 86 yaşı var idi): “...Dağdaydıq. Xəbər gəldi ki, “bolşevik gəlib”. 1920-ci ildə. Biz onda yaylaqdan enirdik arana. Yəni inqilab apreldə baş vermişdi. Əks-sədası payızda çatmışdı bizə. Köçü döndərib düşdük Şuşanın yaxınlığında Qırxqız dağının qanadında Ala qaya deyilən yerə. Ağsaqqallar üç nəfər seçib göndərdilər arana ki, gedin görün bu bolşevik nədir, sonra gedək. “Nümayəndə heyəti” gedəndən sonra bərk qar yağdı. Yüklənib sallandıq dərə aşağı. Şuşanın boynundan aşağı enəndə bataqlıq yer var idi. Oranı bir-bir keçəndə gördük ki, bir erməni iki eşşəklə gedir. Tez bunu saxladılar: “Ayə, ay erməni, bu bolşevik nədir, nə olan şeydir?” Cavab vermədi. Çox çalışdılar, erməni dinmədi, çiynini çəkdi. Bir Cavad kişi var idi. Bu erməniyə güclü bir dürtmə ilişdirəndə erməninin dili açıldı: “Ara, ay dəli musurman, elə hər kim ki, eşək olsa, biz ona palanıq. Nə bilim nədir, nə hökumətdir...””
Bax beləcə erməni xisləti onun yaddaşında həkk olundu”.
Hökumətdə, vəzifədə kim olur, olsun, hansı qüvvə, hansı quruluş olur olsun – Rusiya, SSRİ... əsas odur ki, erməninin marağı təmin olunsun...
Gizir Xanının qovduğu erməninin “mən fəhləyəm” sözlərinin yadıma saldığı ikinci əhvalat öz başıma gəlib. 1998-ci ildə Şuşaya səfərim zamanı əvvəlcədən hazırlanmış ümumi marşrut daxilində yalnız “Prorab” Qafarın kilsənin yaxınlığındakı evində olduq. Sonra isə məscidi ziyarət edərkən yaxın olduğundan mən həm Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qənbərovun evinə, həm də öz evimə baş çəkmək istədim. Uzun mübahisələrdən sonra ikisini də ziyarət edə bildim. Ancaq birini danışmaq istəyirəm. Öz evimə gedərkən avtomatla silahlanmış mundirli yaraqlılar qarşımı kəsib “Oraya olmaz!” dedilər. Mən onları itələyib yoluma davam edəndə silahı tapança olan mülki geyimli şəxslərdən biri – “xüsusi xidmət əməkdaşı” qarşımı kəsdi. Cibimdən o zaman hələ qüvvədə olan qırmızı Sovet pasportumu çıxardıb vurulmuş ştampın içərisində həm azərbaycanca, həm də rusca “Azərbaycan SSR, DQMV, Şuşa şəhəri, Y.V. Çəmənzəminli küçəsi, ev 7, m. 2/ Азербайджанская ССР, НКАО, г. Шуша, ул. Ю.В. Чеменземинли, д.7, кв. 2” sözləri yazılmış qeydiyyat səhifəsini onun gözlərinin qarşısında tutub qışqırdım: “Bura mənim öz evimdir. Mən öz evimə gedirəm. Mən bu şəhərin, bu evin sahibiyəm, bəs sən kimsən?!” Gözüm qanla dolmuşdu (evimə baş çəkib qayıdanda Şahin Rzayev dedi ki, gözlərin qıpqırmızıdır. Elə bil indicə qan fışqıracaq...). Erməni əvvəl gözümə, sonra isə ora-bura baxıb yavaşca dedi: “Ara, mən heç kiməm e, mənə belə əmr ediblər...”
Hər birimiz oxuduğumuz, eşitdiyimiz, yaxud öz başımıza gələn xeyli belə misal çəkə, əhvalat danışa bilərik. Məncə şanlı gizirimiz haqlı olaraq “Rədd olun!” deyirdi. Hətta, nümayiş etdirdiyi təmkinə görə ona təşəkkür də düşür. Fikrimcə özümüzdən çox da çıxmayaraq, səbrlə, təmkinlə, ağılla, tədbirlə irəli addımlamalı və yeri gələndə də qarı düşmənə qarşı güzəştsiz və sərt olmalıyıq.
Düzdür, biz döyüş səhnəsində bir dövlət və xalq kimi kimin kimliyini sübut etdik. Ermənistan və ermənilər isə 27 sentyabrdan bəri göstərdikləri davranışla onların həqiqətən “Hacı Qaraya “Başına dönüm, mən hərgiz mujik deyiləm. Mən iyirmi ildir vilayət böyüklərinə qulluq edirəm...” deyən ohanlardan, Qəhrəman yüzbaşının “...Adə, erməni, tez kəmənçəni yığışdır, itil get burdan!” dediyi baxşılardan, Qoca kişinin xatırladığı “kim eşşək olsa, ona palan” olanlardan, mənim qarşımda “heç kim oduğunu, lakin ona verilən əmri yerinə yetirdiyini” etiraf etməyə məcbur olan “xüsusi xidmətçi”lərdən, gizir Xanıya yazıq-yazıq "mən fəhlə adamam..." deyənlərdən ibarət olduqlarını bir daha sübut etdilər.
Lakin onu da unutmaq lazım deyil ki, bu xına o xınalardan deyil. Düşmən indi tamamilə quduzlaşıb və hər zaman quduz dişlərini qana batırmaqdan ötrü yerikləyir. Bəli, qana yerikləyirlər...
Ona görə də biz də bundan sonra ƏBƏDİ OLARAQ əlimizdə quduz iynəsi hazır olmalıyıq ki, şeytanın iynəsini dərhal vurub ipə-sapa yatmağını təmin edə bilək.
Bu xəmirin hələ çox su aparacağına, hələ səsinin çox çıxacağına heç kimin şübhəsi olmasın və heç kim bir an belə arxayınlaşmasın. Əsas mübarizə erası hələ qarşıdadır. “Hər kim ki, eşək olsa, biz ona palanıq” deyən erməninin bu erməni “atalar sözü”nə yalnız onu əlavə edə bilərəm ki, balaca erməni balaca eşşəyə palan olur, yekə erməni yekə eşşəyə...
Bunu da heç vaxt unutmamalıyıq.
Biz erməniyə həmişə əsasən ona görə uduzmuşuq ki, o, min cür dona girərək aşına-aşına çıxıb ocağımızın başına.
Bundan sonra ocağımızın başını yaxşı qorumalıyıq.
Müəllif: Kərim Kərimli
Digər xəbərlər