Tarix: 22-01-2025 | Saat: 17:27
Bölmə:Karusel / Kriminal | çapa göndər
Talassemiyalı uşaqların müalicəsi üçün toplanmış pulları ələ keçirmə ittihamı ilə həbs edilən üç xanımın mühakiməsi davam edir.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində bu günə təyin edilən iclas vaxtından gec başlayıb. Xanım müttəhimlər - Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədova bəlli saatda məhkəmə salonunda olsalar da, Aynurun vəkilləri 1 saata yaxın gecikiblər.
Demək olar ki, hər dəfə təkrarlanan hala hakim Azad Məcidov reaksiya verib: “Aynur, sənin düz üç vəkilin var. Amma hər dəfə 40-50 dəqiqə gecikirlər. Buna sabotaj deyirlər. Gah siz xəstələnirsiniz, gah vəkilləriniz gəlmir. Belə olmaz!”
Fasilədən sonra Bayramovanın vəkillərindən biri özünü məhkəməyə çatdıra bilib. Proses zərərçəkmiş şəxslərin ifadələri ilə davam edib.
Zərərçəkmiş Ramin Dadaşov da talassemiyadan əziyyət çəkən övladı üçün bir işıq yolu tapmaq məqsədilə xanım müttəhimlərə üz tutub. Raminin bir övladı daha əvvəl eyni xəstəlikdən vəfat edib, ikincisi də ondan əziyyət çəkir: “Mən Aysellə Nuridəni tanıyıram. Övladımın əməliyyatı üçün onlara 30 min dollar vermişəm. Bir müddət sonra eşitdim ki, bunları polisə çağırıblar. Sən demə, camaatı aldadıblar. Verdiyim 30 min dolların 15 min manatını Ayselin atası ödəyib. Qalan pulu Nuridə ilə Ayseldən tələb edirəm”.
Həssas detallarla diqqət çəkən prosesdə növbəti zərərçəkmiş Kəmalə Quliyevanın danışdıqları məhkəmə salonundakıları kövrəldib. Kəmalənin cəmi bir övladı var, o da talassemiyadan əziyyət çəkir: “Gözümün ağı-qarası bir övladım var, atasız böyüdürəm. Aynurla ilk dəfə görüşəndə elə ümidverici danışdı ki, dedim, bu, mələkdir. Bir neçə ay sonra zəng etdi ki, bəs övladının donoru tapılıb. Bildirdi ki, əməliyyat xərci 98 min dollardır, amma siz əlinizdə nə var, onu verin. Guya çatışmayan hissəni xeyirxah insanlar qarşılayacaqdı. O qədər sevindim ki… Təsəvvür edin, əlində bir manatı olmayan adam 1 həftəyə 30 min dollar tapdım. Nəyim var satdım. Kənddə yaşayırıq, sağ olsun, sakinlər də toplanıb kömək etdilər. Nə isə 30 mini aparıb Aynurgilə verdim. Ümidlə əməliyyatı gözləyirdim, amma aldanıldığımı öyərəndim.”
Başqa bir zərərçəkmiş Ceyran Musayeva isə nəvəsinin əməliyyatı üçün təqsirləndirilən şəxslərə 20 min manat pul verib: “Qızım, talassemiyadan əziyyət çəkən azyaşlı qızı və həyat yoldaşı əməliyyat üçün Türkiyənin Samsun şəhərinə getdilər. Qızım və əri Samsunda 13 min manat xərclədilər. Heç bir əməliyat da olmadı. Onlarla birgə gedən başqa xəstə uşaq da sonradan vəfat etdi. Bir az sonra da atası öldü”.
Hələ proses başlamazdan əvvəl isə C.Musayeva Aynur Bayramova ilə üzləşib. O, şüşə qəfəsdə əyləşən müttəhimi başına gətirdiklərinə görə qınayıb: “Mən sənə mələk deyirdim. Mələk yox, şeytan imişsən. Neçə uşağın ölümünə səbəb olmusan. Halbuki özünün də uşağın xəstədir. Övladdan ötəsi varmı?! Məni Nuridənin ağzına sən apardın. Sən şeytana tərs papış tikərsən. Hələ camaatı ələ almaq üçün Nuridədən şikayət etməyimizi istəyirdin. Çox qəşəng rol oynadın”.
Aynur sona qədər səbrini basa bilməyib, qəfəsdən yüksək tonla səslənib. O, cavabında “sizin pulu yemişəmsə, Allah cəzamı versin, balam ölsün. Mənim yeganə səhvim sizi Nuridə ilə tanış etməyimdir”, - sözlərini işlədib.
Məhkəmənin sonunda Nuridə, Aysel və Aynur yenə bir-biriləri ilə dalaşıblar.
Proses fevralın 5-nə kimi təxirə salınıb.
Qeyd edək ki, Nuridə Seyidova “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi, A.Bayramova və A.Məmmədova isə işçiləridir. İş üzrə 36 nəfər zərərçəkmiş qismində tanınıb. Onların əksəriyyətinin övladı talassemiyya xəstəsidir. Xəstə uşaqların bir neçəsi vəfat edib./Qafqazinfo
Digər xəbərlər