Tarix: 26-12-2024 | Saat: 14:30
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğradıqdan dərhal sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, zəruri vasitələrlə təchiz edilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təcrübəli psixoloq, həkim və xilasedicilərindən ibarət qrup FHN-ə məxsus “BE-200 ÇS” amfibiya tipli təyyarə ilə Aktau şəhərinə gəlib.
Qarabaginfo.az xəbər verir ki, bu sözləri Fövqəladə Hallar Nazirliyinin tibbi xidmətinin həkimi Nigar Pənahova bildirib.
Onun sözlərinə görə, nazirliyin tibbi xidmətin tərkibində olan psixoloq qrupu zərərçəkmişlərə təcili psixoloji yardım göstərib, habelə həkimlər tərəfindən zərurət yarandığı hallarda tibbi müdaxilə həyata keçirilib: “Həmçinin qəza baş vermiş ərazidə FHN xilasediciləri tərəfindən müvafiq işlər görülür”.
O qeyd edib ki, ümumi olaraq 29 nəfər zərərçəkmiş var: “27 nəfər Mangistau regional xəstəxanasına yerləşdirilib. Onlardan 11 nəfəri reanimasiya şöbəsindədir, 3 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Digər xəsarət alanlar isə orta, yüngül dərəcədə xəsarət alıblar. Burada lazımi tibbi yardımlar göstərilir”.
Digər xəbərlər