Saytımızı qiymətləndirin


 
 

"Azdrama" Belarus Milli Akademik Teatrı ilə memorandum imzalayıb
Tarix: 20-12-2024 | Saat: 11:55
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

"Azdrama" Belarus Milli Akademik Teatrı ilə memorandum imzalayıb

Azərbaycan Dövlət Akademik Milli Dram Teatr ilə Yanki Kupala adına Belarus Milli Akademik Teatrı arasında ikitərəfli əməkdaşlıq memorandumu imzalanıb.

Teatrın mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, memorandumu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Yanki Kupala adına Belarus Milli Akademik Teatrının direktoru Aleksandr Şestakov imzalayıblar.

İmzalanma mərasimində Belarus Respublikasının Mədəniyyət nazirinin birinci müavini Dmitri Şlyaxtin və Azərbaycan Respublikasının Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev iştirak edib.

Səfir Məhərrəm Əliyev çıxış edərək, böyük tarixə və yaradıcılıq imkanlarına malik olan iki milli teatr arasında qurulan əməkdaşlığı yüksək qiymətləndirib. Fövqəladə və səlahiyyətli səfir qeyd edib ki, dost ölkələr olan Belarus Respublikası və Azərbaycan Respublikası arasında bir çox istiqamətlərdə nümunəvi əməkdaşlıq və səmərəli iş münasibətləri mövcuddur. Teatrlar arasında imzalanan müqavilə mədəniyyət sahəsində atılan vacib addımdır və teatr sənətinin inkişafına mühüm töhfə verəcək.

Belarus Respublikasının mədəniyyət nazirinin birinci müavini Dmitri Şlyaxtin qurulan əməkdaşlığı iki ölkənin mədəni münasibətlərində, teatr sənəti sahəsində yeni mərhələ adlandırıb. O, ölkələr arasında mədəni əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərov Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Belarus Respublikasının Mədəniyyət Nazirliyinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. Qeyd edib ki, memoranduma əsasən, yaradıcı kollektivlərin qastrollarının, mədəniyyət günlərinin, festivalların, sərgilərin və digər mədəni tədbirlərin təşkili, mədəniyyət xadimlərindən, bədii və yaradıcı kollektivlərdən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərləri planlaşdırılıb.

Yanki Kupala adına Belarus Milli Akademik Teatrının direktoru Aleksandr Şestakov Akademik Milli Dram Teatrı ilə imzalanan müqaviləni rəhbərlik etdiyi teatrın həyatı üçün vacib hadisə kimi dəyərləndirilib. 2025-ci ildə Minsk və Bakı arasında olacaq mübadilə qastrollarına hazırlıqların başladığını diqqətə çatdırılıb.



Xəbəri paylaş

47 dəfə oxunub.

Digər xəbərlər