Tarix: 11-11-2020 | Saat: 16:00
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
“Qüdrətli ordumuzun 27 sentyabrdan başlanan və zəfərlə bitən qələbəsinin qüsursuz olması həm də Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin nəticəsidir”.
Qarabaginfo.az xəbər verir ki, bunu Modern.az-a təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirib. O deyib ki, bu ərəfədə düşmən hər yerdə ola bilərdi:
“Döyüşən əsgərlərimizin orduda düşmən təxribatları, düşmənin perspektiv fəaliyyəti haqqında qabaqlayıcı informasiyaları əldə etməsində, bu istiqamətdə neqativlərin, təhlükələrin zamanında aradan qaldırılmasında Hərbi Əks-Kəşfiyyat İdarəsi tərəfindən çox önəmli işlər görüldü.
Qırx gün ərzində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları 27 sentyabrdan bu yana gecə-gündüz demədən, yatmadan, ayıq-sayıq şəkildə ölkəmizin təhlükəsizliyini təmin etdilər. 27 sentyabrdan əvvəl də xeyli əsaslı işlər həyata keçirildi. Təbii ki, bunun motivlərinin ictimaiyyətə açıqlanması mümkün deyil. Amma əsas görülən iş qabaqlayıcı informasiayaların əldə edilməsilə bağlı oldu”.
Ekspertin sözlərinə görə, terror hadisəsilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin xalqı xəbərdar etməsi, profilaktik tədbirlər görməsi çox vacib idi:
“Əvvəla ona görə vacib idi ki, bu, adi profilaktika deyildi. Konkret olaraq, düşmənin terrora hazırlaşdığına dair informasiyaların əldə olunmasının nəticəsi idi. Təqdirəlayiqdir ki, həm də bunu vətəndaşları qorxutmadan, təşvişə salmadan etdilər. Modern.azMəlumdur ki, bundan sonra Daxili İşlər Nazirliyi də profilaktika məqsədilə xəbərdarlıq xarakterli informasiyalar yaydı. Amma Dövlət Təhlükəsizliyi Xidməti bəzi yerlərdə konkret hadisələrin qarşısını aldı. Yeri gəlmişkən, ABŞ səfirliyinin konkret ünvanın - “Absheron Marriot” otelinin terrora məruz qala biləcəyini xüsusi göstərməklə bəyanat verməsi, elə bizim xüsusi xidmət orqanları ilə əməkdaşlığının və fəaliyyətinin koordinasiya edilməsinin, terrora qarşı mübarizəsinin nəticəsi idi. Terroru hazırlayanlara qarşı çəkindirici faktor ortaya qoydular ki, bununla da “biz sizin nə etmək istədiyinizi bilirik” mesajını vermiş oldular.
Görülən əks-terror tədbilərilə əhali arasında yarana biləcək panikanı yox etdilər, zamanında sakitləşdirici addımlar atdılar. Ağır fəsadlarla nəticələnə biləcək böyük hadisələrin qarşısı kiçik məhdudlaşdırmalarla alındı, həm də insanları panikaya salmadan. Bu da DTX-da nə qədər peşəkar mühitin formalaşdığının əyani sübutudur. Ona görə də hesab edirəm ki, hərbi vəziyyətin elan olunduğu, müharibə getdiyi bir məqamda respublika ərazisində kiçik də olsa terror hadisəsinin qeydə alınmaması məhz Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının fəaliyyətinin nəticəsidir”.
Digər xəbərlər