Tarix: 12-11-2024 | Saat: 18:55
Bölmə:Karusel / Siyasət | çapa göndər
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Vesti.az-a müsahibəsi
- Seçkilərdən sonra Azərbaycan-Gürcüstan münasibətlərini necə qiymətləndirirsiniz və bu münasibətlər gələcəkdə necə inkişaf edəcək?
- Ölkələrimiz arasında münasibətlər əladır, bizim strateji tərəfdaşlığımız var. Xalqlarımız arasında gözəl qarşılıqlı hörmət və dərin tarixi əlaqələr də mövcuddur ki, bu da şübhəsiz ki, vacibdir. İndi vəzifəmiz seçkilər başa çatdıqdan sonra siyasi əməkdaşlığı gücləndirməkdir və iqtisadi əməkdaşlıq və regional infrastrukturdakı rolumuzu inkişaf etdirmək də daxil olmaqla, bütün sahələrdə tərəfdaşlığı yaxşılaşdırmaq üçün çox şey ediləcək.
- Sizcə, ölkələrimiz arasında əməkdaşlıq hansı istiqamətlərdə dərinləşəcək?
- Əlbəttə, biz artıq bir çox strateji istiqamətlərdə irəliləyirik. Ölkələrimiz Türkiyəni də əlaqələndirən mühüm strateji layihələri birləşdirir və bizə bu əlaqəni gücləndirmək lazımdır. İqtisadiyyat, energetika və nəqliyyat-kommunikasiya sahəsində qarşılıqlı əlaqələrimizi gücləndirmək üçün birlikdə həyata keçirəcəyimiz planlaşdırılmış layihələr artıq mövcuddur.
- Azərbaycanlı ekspertlərdə seçkilərdən sonra Gürcüstanın daxili siyasətində mümkün dəyişikliklərlə bağlı suallar yaranıb. Yaxın gələcəkdə Gürcüstanın xarici siyasət fəaliyyətinin inkişafını necə görürsünüz?
- Bizim siyasi məqsədimiz hətta konstitusiyada da təsbit olunub: Avropa İttifaqının bir hissəsi olmaq. İndi Aİ ilə münasibətlərdə müəyyən çətinliklərimiz var, amma mən əminəm ki, tezliklə bu çətinliklər aradan qaldırılacaq və biz Avropa İttifaqının tamhüquqlu üzvü olacağıq.
- Sonuncu sualım COP29-da təşkilatçılıqla bağlıdır...
- Təşkilatçılıq sadəcə əladır, hər şey çox yüksək səviyyədə icra edilir. COP29-un açılış mərasimindən əsl mənada zövq aldım, hər şey həqiqətən möhtəşəm bir şəkildə həyata keçirildi.
Digər xəbərlər