Tarix: 30-10-2024 | Saat: 14:54
Bölmə:Karusel / Sosial / Qarabağ | çapa göndər
Birinci Qarabağ müharibəsində itkin düşmüş, hələ də taleyi barədə heç bir məlumat olmayan şəxslərin ailə üzvlərinin bir qrupu Ağdam, Xocalı, Xankəndi və Şuşa şəhərinə səfər edib.
Qarabaginfo.az xəbər verir ki, səfər “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin xətti ilə təşkil olunub. 40 nəfərdən ibarət heyət itkin düşmüş doğmaları barədə məlumatların açıqlanması üçün media vasitəsilə beynəlxalq təşkilatlara müraciət edib.
"Qarabağ İtkin Ailələri" İctimai Birliyinin sədri Könül Behbudova bildirib ki, rəhbərlik etdiyi, dörd minə yaxın itkin düşmüş şəxsin ailə üzvlərinin birləşdiyi qurum beynəlxalq təşkilatlara müraciət edərək itkinlər barədə məlumatların açıqlanmasını tələb edir:
“Dövlətimizin itkinlərlə bağlı gördüyü hər bir işdən xəbərimiz var və bütün bunlara görə minnətdarıq. Biz dövlətimizin yanındayıq və son itkinimiz tapılana kimi axtaracağıq.
Biz istəyirik ki, onların məzar yerləri haqqında məlumat Azərbaycan tərəfinə, ailələrə təqdim olunsun. Bu insanlar əzizlərinin məzarlarını ziyarət etmək istəyirlər.
30 ildən çoxdur bizim hüquqlarımız tapdalanır, amma beynəlxalq təşkilatlar buna göz yumur. Artıq dözməyə taqətimiz, gücümüz qalmayıb. Beynəlxalq təşkilatlara - Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Qızıl Xaç Komitəsinə, dünya ictimaiyyətinə müraciət edirik ki, bizim səsimizi eşitsinlər. Onlardan insan hüquqları ilə bağlı beynəlxalq konvensiyalara əməl etməyən Ermənistana təzyiq göstərməyi tələb edirik. Ermənistan beynəlxalq ədalət məhkəməsinə verilməlidir”.(Apa)
Digər xəbərlər