Gürcüstan müxalifəti Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası keçirir.
Qarabaginfo.az xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvilinin çağırışı ilə toplanan etirazçılar 26 oktyabr parlament seçkilərinin nəticələrinə etiraz edirlər.
Aksiya səbəbi ilə Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb, ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib, təcili yardım maşınları cəlb olunub.
Zurabişvili parlament binasının qarşısında keçirilən etiraz aksiyasına qoşulub. Tribunada çıxış edən Prezident Gürcüstan vətəndaşlarının Avropaya səs verdiyini deyib.
“Siz seçkidə uduzmadınız, onlar sizin səsinizi oğurlayaraq gələcəyinizi oğurlamağa çalışdılar, amma heç kimin buna haqqı yoxdur və siz heç kimə bunu etməyə imkan verməyəcəksiniz”, – Zurabişvili etirazçılara müraciətlə deyib.