Azərbaycanın kosmosda olan “Azerspace-2” telekommunikasiya peyki üçün 1 milyon 581 min manat sığorta xidməti nəzərdə tutulub.
Qarabaginfo.az bildirir ki, sığortalama xidmətini “PAŞA SIĞORTA” ASC həyata keçirəcək. Şirkət “AZƏRKOSMOS”un elan etdiyi açıq tenderin qalibi olub. Şirkət tərəfindən “Azerspace-2” telekommunikasiya peykinin orbitdə sığortalanması xidməti satın alınıb.
Tenderin nəticələrinə görə, sığorta xidməti 1 ildir. 2025-ci ilin sentyabrında bitəcək.
Sığorta olunacaq peykin dəyəri 81 milyon dollardır.
ABŞ-ın “Space Systems Loral” (SSL) şirkəti tərəfindən inşa olunan “Azerspace-2” 2018-ci il sentyabrın 26-da Fransız Qvineyasının (Cənubi Amerika) Kuru kosmodromundan orbitə buraxılıb.
Peykinin əhatə zonasına Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və tropik Afrika ölkələri daxildir. Peyk geostasionar orbitdə 45° şərq uzunluğu orbital mövqeyində fəaliyyət göstərəcək. “Azerspace-2” peykinin orbitdə yanacaq ömrü minimum 20 il təşkil edəcək.
“Azerspace-2” ölkəmiz üçün informasiya təhlükəsizliyinin təmin olunmasına fayda verir. Ölkədə internet infrastrukturunu inkişaf etdirməkdə “Azərspace 2”nin imkanlarından maksimum istifadə edə biləcəyik. Bu peyklərin hərbi əhəmiyyəti də var. Hərbi əməliyyatlar zamanı müəyyən əraziləri nəzarətdə saxlamaq üçün onun rolu böyükdür.