Tarix: 13-09-2024 | Saat: 10:08
Bölmə:Karusel / Dünya | çapa göndər
Rusiya Prezidenti Vladimir Putin Ukraynaya NATO silahlarından Rusiya ərazisində istifadəyə icazə verilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
Qarabaqinfo.az-ın məlumatına görə, bu barədə o, jurnalist Pavel Zarubinə açıqlama verib.
Putin deyib ki, Rusiyaya qarşı yüksək dəqiqliyə malik uzaqmənzilli Qərb silahlarından istifadə NATO ölkələrinin Ukraynadakı döyüş əməliyyatlarında birbaşa iştirakı anlamına gələcək.
O qeyd edib ki, Ukrayna ordusu belə silahlardan istifadə etmək iqtidarında deyil, çünki bu, yalnız peyklərin kəşfiyyat məlumatlarından istifadə etməklə mümkündür.
"Onları yalnız NATO və ABŞ verə bilər. Bu baş verərsə, Qərb birbaşa döyüşlərdə iştirak edəcək. Bizim üçün yaradılacaq təhdidlərə əsaslanaraq müvafiq qərarlar qəbul edəcəyik”, - Putin bildirib.
Böyük Britaniyanın baş naziri Kir Starmer Vaşinqtona səfəri zamanı təyyarədə Putinin açıqlamalarını şərh edib. “Biz Rusiya ilə heç bir münaqişə axtarmırıq, zərrə qədər belə niyyətimiz yoxdur. Lakin onlar bu münaqişəni başladıblar və Ukraynanın özünümüdafiə hüququ var”, - Starmer bildirib.
Qeyd edək ki, Britaniya Rusiyanın ərazilərindəki hədəflərə qarşı istifadə etmək üçün Ukraynaya "Storm Shadow" qanadlı raketlərindən istifadə etməyə icazə vermək istəyir. Lakin raketlərin tərkibində ABŞ istehsalı komponentlər olduğu üçün Vaşinqtonun da icazəsinə ehtiyac var.
Starmer Vaşinqtona səfəri zamanı ABŞ Prezidenti Co Baydeni buna inandırmağa çalışacaq. "New York Times" qəzeti yazır ki, Bayden qeyri-ABŞ silahlarının Rusiya ərazisində istifadəsinə razılıq verməyə meyllidir
Digər xəbərlər