Fransa, ABŞ və Hindistanın Ermənistana silah tədarükü təkcə Azərbaycanı deyil, Rusiyanı da narahat edir. Söhbət yalnız Bakıya qarşı yeni təhdid mənbələrinin formalaşdırılmasından deyil, həm də Rusiya ilə qarşıdurmanın növbəti regional cəbhəsini yaratmaq cəhdlərindən gedir.
Bu fikirləri “Gözlem” qəzetində dərc olunmuş məqaləsində Türkiyənin “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver ifadə edib.
RF Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərinin yekunlarını şərh edən Suver ən yüksək səviyyədə Azərbaycan-Rusiya danışıqlarını təkcə iki qonşu ölkə üçün deyil, bütün Türk dünyası üçün mühüm hadisə adlandırıb. “Rusiya və Azərbaycan Cənubi Qafqaz regionunda sabitlik üçün mühüm əhəmiyyət kəsb edən qarşılıqlı maraqlara hörmətlə yanaşırlar”, -deyə o vurğulayıb.
O qeyd edib ki, Moskva 44 günlük Vətən müharibəsinin nəticələri fonunda regionun yeni geosiyasi reallıqlarını tanıyır. Bunun bariz göstəricisi Rusiya hərbi kontingentinin Azərbaycanın Qarabağ bölgəsindən vaxtından əvvəl çıxarılması olub.
Azərbaycanın siyasətinə gəlincə, Suver xatırladıb ki, Şuşa Bəyannaməsinin imzalanmasından 8 ay sonra, yəni 2022-ci ilin fevralında Bakı və Moskva Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalayıblar. “Putinin Bakıya səfəri” sərlövhəli məqalənin müəllifi vurğulayıb: “Bu sənəd Qafqaz regionunda uzunmüddətli sabitliyin və sülhün təmin olunması üçün vacibdir. Regionda balanslaşdırılmış sabitlik Azərbaycanın konstruktiv xarici siyasətinin nəticəsidir”.
“Mərmərə Qrupu” Vəqfinin rəhbəri Vladimir Putinin Rusiya Federasiyasının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə töhfə verməyə hazır olması barədə Bakıda səsləndirdiyi bəyanata diqqət çəkib. O hesab edir ki, beləliklə, Moskva sülh prosesində öz mövqeyini gücləndirmək istəyini vurğulayır.
Məqalənin müəllifi yazır: “Putinin Bakıya ikigünlük səfəri iki ölkə arasında etimad mühitini gücləndirdi, Bakının uğurlu və balanslaşdırılmış xarici siyasətinə hörmət və etimadın göstəricisi oldu. Ən əsası, sabitlik və ölkələrin dinc yanaşı yaşamağa hazır olmasıdır. Rusiya Prezidentinin Azərbaycana səfəri həm də Türk dünyası ölkələri üçün qarşılıqlı fəaliyyət nümunəsidir”.