Tarix: 16-04-2021 | Saat: 14:32
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Müəyyən qrup vitaminlərin, xüsusilə C, D, E, A vitaminlərinin “COVID-19” zamanı orqanizmə qoruyucu təsiri çox yüksəkdir”.
Qarabaginfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, ATU-nun Qidalanma və Kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədov Ramazan ayında immun sisteminin zəifləməməsi üçün qidalanma tövsiyələri verərkən deyib.
Həkim bildirib ki, bütün dünyaya yayılan yeni tip koronavirus (“COVID-19”) pandemiyasından insanları qoruyacaq xüsusi bir qida yoxdur. Ümumiyyətlə hansısa qidanın hər hansı bir xəstəliyin qoruyucusu olmasını demək doğru olmaz: ““COVID-19”a gəldikdə isə bu müddət ərzində başa düşdüyümüz odur ki, bu xəstəliyə qalib gəlmək üçün yüksək immun sisteminə sahib olmalıyıq. Bu baxımdan hər zaman vurğulanan sağlam və balanslaşdırılmış qidalanma bir daha öz önəmini qazanır”.
Ramazan ayında necə qidalanmağa gəlincə isə İ. Əhmədovun sözlərinə görə, bütün bioloji fəal komponentlər yəni, əvəzolunmaz amin turşular, doymamış yağ turşuları, vitaminlər, mikroelementlər, minerallarla zəngin olan bütün məhsullar bu patalogiyanın qarşısının alınmasında insan orqanizminə yardımçı vasitə hesab oluna bilər. İlk növbədə onu bilməliyik ki, orqanizmdə immun sistemin möhkəmliyi zülal kompanenti ilə bağlıdır. Bu səbəbdən əvəzolunmaz amin turşuları ilə zəngin olan tam dəyərli zülal mənbəyi olan məhsullar bilavasitə immunitetin yüksəlməsində aparıcı rol oynayır:
“Heyvani mənşəli məhsullar : süd – ağartı məhsulları, balıq, yumurta , ət məhsulları bu qrupda olan komponentlərdir. Bu məhsullar həm zülal mənbəyi olaraq dəyərlidir, həm mineral maddələr, həm də yağda həll olan vitaminlərin yeganə mənbəyi bu adlarını çəkdiyim məhsullardır. Digər tərəfdən bilirik ki, antioksodant kimi və immun sistemin yüksəlməsində əsas rol oynayan vitaminlərdir, xüsusi ilə də suda həll olan vitaminlər.
Müəyyən qrup vitaminlərin xüsusilə C, D, E, A vitaminlərinin “COVID-19” zamanı orqanizmə qoruyucu təsiri çox yüksəkdir. Amma unutmamalıyıq ki, orqanizm tarazlıqda qorunub saxlanılmalıdır. Bəzən təlaşa düşüb hər hansı komponentin qəbulunun artırılması, digər komponentlərin də bədəndə artmasına şərait yaradır. Tövsiyəm bunların qəbulu ilə bərabər polivitamin preparatlarından istifadə olunmasıdır. Orqanizm çox mürəkkəb mexanizmdir. Adət etdiyimiz gündəlik qidalanmada əsas elementləri unutmamalıyıq”.
Həkimin sözlərinə görə, xroniki xəstəliyi olan insanlar oruc tutarkən diqqət etməlidirlər. Məsələn, insan şəkərli diabet xəstəsidirsə, gün ərzində maye təlabatının vaxtında ödənilməsi sağlamlığının qorunmasının əsas şərtidir. Və ya “COVID-19” zamanı laxtalanma proseslərini artmasının nəticəsi çox təhlükəli ola bilər. Ürək damar sistemi çatışmazlığı olan, mədə-bağırsaq problemləri yaşayan insanların zamanında qida və maye qəbulu sağlamlıq cəhətdən çox önəmlidir.
Digər xəbərlər