Tarix: 22-08-2024 | Saat: 12:41
Bölmə:Karusel / Region | çapa göndər
Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıda olarkən verdiyi açıqlama Ermənistanın narazılığına səbəb olub. O, Rusiyanın “Birinci Kanalı”na açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağ üzrə üçtərəfli razılaşmaları sabotaj etdiyini bildirib.
"Ermənistanın Sünik bölgəsindən keçən kommunikasiyalara gəlincə, təəssüf ki, altında baş nazir Paşinyanın imzası duran sazişi sabotaj edən məhz Ermənistan rəhbərliyidir. Belə bir mövqenin məntiqinin nə olduğunu anlamaq çox çətindir. Amma mən əminəm ki, üçtərəfli görüşlər çərçivəsində, üçtərəfli sənədlərdə qoyulan təməl tam şəkildə aktual olaraq qalır", - o deyib.
Ermənistan Xarici İşlər Nazirliyi Lavrovun çıxışına reaksiya verib. Nazirlikdən bildirilib ki, Ermənistanın açıq sənədlərdən başqa heç bir müqaviləsi yoxdur və onları sabotaj edə bilməz.
"Rusiya XİN rəhbərinin bəyanatı Moskvanın İrəvanla Bakı arasında münasibətlərin nizamlanması prosesində konstruktiv iştirakı ilə bağlı açıq təəssüf və şübhə yaradıb. İrəvan sülh gündəliyinə sadiqliyini dəfələrlə təsdiqləyib və onun uğurla həyata keçirilməsi üçün əlindən gələni edəcək", - XİN vurğulayıb.
Qarabaginfo.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Lavrovun çıxışından sonra kommunikasiyaların açılması məsələsində irəliləyişlər olacaq:
"Zəngəzur dəhlizinin açılması məsələsində, əlbəttə, irəliləyiş olacaq. Ermənistan da başa düşməlidir ki, Zəngəzur dəhlizinin açılması onların milli maraqlarına uyğundur. Dəmiryolu və avtomobil yolunun açılması onların iqtisadiyyatı üçün çox önəmlidir. Əsas məsələ təhlükəsizliklə bağlıdır. Onlar Zəngəzur dəhlizi olacağı təqdirdə suverenliklərini itirməkdən qorxurlar. Sovet dövründə Naxçıvana gedən dəmiryolu İrandan keçirdi və bura sovet sərhədçiləri nəzarət edirdi. Meğri tərəfdən dəmiryolu 42 kilometrdir. Avtomobil yolu tikmək də problem deyil. Ermənistan hökumətinin təhlükəsizliyi qoruyacağına inanmıram. Məhz buna görə 10 noyabr 2020-ci il müqaviləsində 9-cu bənd əmələ gəlib. Yəni müqaviləyə əsasən dəhlizə rusiyalı sərhədçilər nəzarət etməlidir. Ermənistan deyir ki, yollar bizim suverenliyimiz altında açılmalıdır. Yaxşı, bəs Ermənistan nəyə görə bunun üçün hələ də büdcə ayırmır, işə qoyulmur? Onlar səmimi olduqlarını göstərmək üçün dəmiryolu və avtomobil yolununun tikintisi üçün büdcə ayırmalı, sərmayə qoymağa hazır olduqlarını göstərməlidir".
Sabiq nazir Rusiyanın danışıqlar prosesini Moskvaya qaytarıb-qaytarmayacağı ilə bağlı məsələni də şərh edib:
"Ən yaxşısı tərəflərin birbaşa görüşməsidir. Çünki vasitəçilər öz maraqlarını güdürlər. Görüşlər isə hər yerdə ola bilər. Məsələn Qazaxıstanda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü xatırlayaq. Qazaxıstan ilk gündən danışıqlara qarışmadığını elan etdi. Delimitasiya və demarkasiya məsələləri ilə bağlı nazirlər və ekspertlər səviyyəsində görüşlər olduğu kimi sülh müqaviləsi məsələsində də nazirlər saviyyəsində sərhəddə görüşüb müzakirə aparmaq mümkündür".
Elmar Məmmədyarov onu da qeyd edib ki, Rusiya-Ermənistan gərginliyinin sonunda itirən Ermənistan olacaq:
"Rusiya ilə Ermənistan arasındakı mövcud gərginliyin nəticəsində itirən tərəf Ermənistan olacaq. Rusiya qazın qiymətini 10 dollar qaldırsa, Ermənistanın iqtisadiyyatı çökəcək. Ermənilər göstərməyə çalışırlar ki, biz küsmüşük. Həm də Qərb orada oynayır. Qərb çalışır ki, Rusiyanı Cənubi Qafqazdan çıxarsın. Ona görə də Ermənistandan istifadə edirlər. Onu təşviq edirlər, deyirlər ki, siz müstəqil olmalısınız, biz sizə kömək edərik. Lakin Ermənistanın iqtisadiyyatı 80 faizdən çox Rusiyadan asılıdır".
Digər xəbərlər