Tarix: 27-07-2024 | Saat: 13:43
Bölmə:Karusel / Siyasət | çapa göndər
Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatı (INTOSAI) çərçivəsində Braziliya və 17 ölkəni təmsil edən AAO tərəfindən hazırlanmış iqlim siyasətlərinin auditi üçün qlobal metodologiya olan ClimateScanner layihəsinin nəticələri bu il Bakıda keçiriləcək COP29-da tədbirində təqdim ediləcək.
Bu barədə Qarabaginfo.az-a Hesablama Palatasında bildirilib.
Belə ki, Braziliya Ali Audit Orqanı, Federal Hesablama Məhkəməsi ilk dəfə olaraq BMT-nin Auditorlar Şurasına üzv seçilib. Braziliya AAO-su 2030-cu ilə qədər Fransa və Çin AAO-ları ilə birlikdə altı illik müddətə bu vəzifəni icra edəcək.
Bununla əlaqədar, BMT-nin Baş Katibi Antonio Quterreş Braziliya AAO-nun sədri Bruno Dantası Nyu-Yorkdakı mənzil-qərargahda qəbul edib. Görüş zamanı Bruno Dantas ClimateScanner (İqlim Skaneri) layihəsinin cari vəziyyətinə dair məlumatları Baş Katibə təqdim edib. Dantas qeyd edib ki, ClimateScanner layihəsinə 127 ölkə qoşulub. Bildirilib ki, həmin ölkələrin AAO-ları üçün nəzərdə tutulmuş təlimlərdən sonra müvafiq qiymətləndirmələrin aparılması planlaşdırılır.
Baş Katib layihənin gedişatından məmnun qaldığını və iqlim dəyişikliyi ilə mübarizə təşəbbüsləri üzrə hökumətlərin cəmiyyətə təqdim etdiyi məlumatların etibarlılığını təmin etmək üçün məlumatların yoxlanılmasının zəruriliyini bildirib. Onun sözlərinə görə, Paris Sazişinin məqsədlərinə riayət olunması ilə bağlı ölkələrin dərc etdikləri məlumatların araşdırılmasına ehtiyac var.
Bu kontekstdə Bruno Dantas qlobal iqlim dəyişikliyi ilə bağlı siyasətlərdə ali nəzarət institutlarının roluna dair BMT-nin rəsmi qətnaməsinin vacibliyinə toxunub.
Sonda Braziliya AAO-nun sədri Bruno Dantas ClimateScannerin nəticələrinin noyabrda Azərbaycanda keçiriləcək COP29-da təqdim olunacağını bildirib.
Digər xəbərlər