Tarix: 24-07-2024 | Saat: 12:08
Bölmə:Karusel / Siyasət | çapa göndər
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının Daxili İşlər Nazirliyi ilə birgə layihəsi çərçivəsində iyulun 24-dən etibarən regional seminar-müşavirələrə başlanılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən Qarabaginfo.az-a verilən xəbərə görə, ilk tədbir bu gün Mərkəzi Seçki Komissiyası və Daxili İşlər Nazirliyi təmsilçilərinin də iştirakı ilə Bakı şəhər Baş Polis İdarəsində təşkil olunub.
Milli Məclisə seçkilərdə polis əməkdaşlarının xidməti fəaliyyətinə həsr olunan seminar-müşavirələrdə ölkə üzrə bütün seçki dairələri dairə seçki komissiyalarının sədrləri və polis orqanları nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Tədbirlərdə Mərkəzi Seçki Komissiyasının üzvləri, Komissiya Katibliyinin əməkdaşları və Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının nümayəndələri tərəfindən Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsində, seçkiqabağı təşviqat dövründə, habelə səsvermə günü və ondan sonrakı proseslərdə polis əməkdaşlarının qanunvericiliklə müəyyənləşdirilmiş rol və vəzifələri barədə təqdimatlar keçiriləcək, çıxışlar dinləniləcək və müzakirələr aparılacaq.
Maarifləndirmə və məlumatlandırma xarakterli seminar-müşavirələr növbəti mərhələdə iyulun 25-də Gəncədə, iyulun 26-da Şəkidə, iyulun 29-da Şirvanda və iyulun 30-da Naxçıvanda keçiriləcək.
Qeyd edək ki, Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi ilə birgə “Polis əməkdaşları üçün yaddaş kitabçası” da hazırlayıb və aidiyyəti üzrə çatdırılıb.
Digər xəbərlər