Tarix: 22-07-2024 | Saat: 17:28
Bölmə:Karusel / Siyasət | çapa göndər
Şuşada üç gün davam edən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda Qlobal Media Forumu keçirilib. 50-ə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən, 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forumun açılış mərasimində Prezident İlham Əliyev xarici jurnalistlərin çoxsaylı suallarını cavablandırıb.
Prezident İlham Əliyev Forumun açılış mərasimində dezinformasiyanın artıq həyat tərzinə çevrildiyini bildirib: "Təəssüf ki, bu, bizim artıq həyat tərzimizin bir hissəsinə çevrilibdir. Bəzən biz təəccüblənirik ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur - yəni, faktların manipulyasiyası, yanlış narrativlər. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, əlbəttə ki, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi".
Dövlət başçısı medianın xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. "Əlbəttə, biz çox arzu edirik ki, media obyektiv olsun, hər kəs obyektiv olsun. Ancaq medianın xüsusi məsuliyyəti var. Çünki medianın mesajları, məsələni işıqlandırması bir çox insanların həyatına təsir edir", - Prezident İlham Əliyev qeyd edib.
Forum çərçivəsində “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”, “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər”, “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” və “İqlim hərəkatı və media” mövzularında dörd panel sessiya keçirilib.
Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparıblar.
Beləliklə, Qarabağda ikinci dəfə 50-dən artıq ölkənin nümayəndəsinin bir araya gəlməsilə beynəlxalq medianın diqqəti bir daha Azərbaycanın mədəniyyət mərkəzinə yönəldi.
Azərbaycan Jurnalistlər Birliyinin (AJB) sədri Elçin Şıxlı Modern.az saytına açıqlamasında 2-ci Şuşa Qlobal Media Forumunun əhəmiyyəti barədə danışıb.
“Biz burada öz peşə problemlərimizi, yaxud Azərbaycan jurnalistikasının məsələlərini müzakirə etmirdik. Fake xəbərlərə və dezinformasiyaya qarşı necə mübarizə aparıla biləcəyini müzakirə edirdik. Bu, tək Azərbaycanın deyil, bütün dünyanın problemidir. Bununla yanaşı, süni intellektin dezinformasiyaya təsir edib-etməməsi də müzakirə mövzusu idi".
E.Şıxlı çox sayda xarici jurnalistlərin belə bir tədbirdə iştirakının əhəmiyyətini yüksək qiymətləndirib:
"Təbii ki, bu qlobal forumun işində xarici jurnalistlərin iştirakı ona yol verir ki, Azərbaycana qarşı dezinformasiyalara öz ölkələrinin mətbuatında işıq tutsunlar.
Birinci və ikinci forum arasında regionumuzla bağlı xeyli mühüm hadisə baş verdi. Bu hadisələr dünya müdiasının diqqətini mütəmadi olaraq Cənubi Qafqaza, o cümlədən Azərbayacana yönəldi. Ötən dövrdə xarici media nümayəndələri bir çox hallarda Azərbaycan haqqında yanlış informasiyalar yaydılar. O baxımdan beynəlxalq media nümayəndələrinin Şuşaya gəlməsi, reallaqlar barədə buradan məlumat alması, ölkə başçısının verdiyi mesajları birbaşa dinləmələri çox vacib addımlardır".
AJB sədrinin sözlərinə görə, Prezident İlham Əliyev Forumda çox mühüm mesajlar verdi:
“Əsas müzakirə mövzuları Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Azərbaycana qarşı qlobal miqyaslı hücumlar, Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanma perspektivləri, bölgədə gedən proseslərin təsnifatı, Azərbaycanın digər iri dövlətlər tərəfindən təzyiqə məruz qalmasının səbəbləri və digər problemlər idi.
Cənab İlham Əliyev bu mövzulara aid sualları cavablandırarkən çox sərrast və aydın ifadələrlə əsl gerçəkliklər barədə vacib mesajlar verdi.
İnanırıq ki, bu mesajlar xarici medianın obyektiv olmasına, beynəlxalq mətbuatda məsələlərin düzgün işıqlandırmasına öz töhfəsini verəcək”.
Digər xəbərlər