Əfqanıstan hakimiyyəti 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında üç qadın idmançının milli komandada iştirakını tanımaqdan imtina edib.
Ölkənin idman idarəsinin nümayəndəsi Atal Maşvaninin sözlərinə görə, Oyunların rəsmi iştirakçıları arasında yalnız üç kişi idmançı var, çünki Əfqanıstanda qadın idmanı qadağandır.
2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında Əfqanıstandan altı – üç qadın və üç kişi idmançının çıxışı gözlənirdi. Qadınlar atletika və velosiped, kişilər cüdo, atletika və üzgüçülük idmanı üzrə yarışacaqdılar.
Atal Maşvani bildirib ki, yalnız üç kişi Paris Oyunlarının rəsmi iştirakçısıdır. “Hazırda Əfqanıstanda qadın idmanı qadağandır. Qadınlar idmanla məşğul olmurlarsa, milli komandaya necə daxil ola bilərlər?”, – o deyib.
AFP-nin məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Əfqanıstan hakimiyyəti ilə əlaqə saxlamayıb və onları 2024-cü il Olimpiadasına dəvət etməyib. Oyunlarda iştirak edəcək şəxslərin namizədlikləri yalnız hazırda sürgündə olan Milli Olimpiya Komitəsinin rəhbərliyi ilə müzakirə edilib. Əfqan idmançıları əvvəlki hökumətin qara-qırmızı-yaşıl bayrağı altında çıxış edəcəklər. Əfqanıstanda “Taliban” təşkilatı hakimiyyətdədir.
2024-cü il Paris Olimpiya və Paralimpiya oyunları Fransada indiyə qədər keçirilən ən böyük tədbir olacaq. Oyunları dünya əhalisinin yarıdan çoxu – 4 milyard tamaşaçı izləyəcək. Parisin bu böyük tədbiri 206 ölkədən 15 000 idmançını, 20 000 jurnalisti və 10 milyon tamaşaçını bir araya gətirəcək. Yarışda 22 şəhər və 40 yarış meydançası təmsil olunacaq, burada 54 müxtəlif fənn üzrə 893 yarış keçiriləcək.
2024-cü il Yay Olimpiya Oyunlarının açılış mərasimi adəti üzrə atletika stadionunda deyil, milli komandaların Parisin mərkəzindən gəmilərlə üzəcəyi Sena çayında baş tutmalıdır. Paris Olimpiya Oyunları 26 iyul-11 avqust 2024-cü il tarixlərində keçiriləcək. Paralimpiya oyunları avqustun 28-dən sentyabrın 8-dək təşkil olunacaq.