Tarix: 22-05-2022 | Saat: 16:05
Bölmə:Karusel / Gündəm | çapa göndər
Mayın 26-29-da Bakıda baş tutacaq “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 6 institutu və Yüksək Texnologiyalar Parkının 5 rezidenti iştirak edəcək.
AMEA-dan verilən məlumata görə, institutut və elmi müəssisələr aparılmış uzunmüddətli tədqiqatların nəticəsi olan rəqabətədözümlü, innovativ texnoloji məhsulları təqdim edəcəklər. “Teknofest Azərbaycan” çərçivəsində keçiriləcək sərgidə iştirakı nəzərdə tutulan AMEA-nın elmi müəssisələrinin təqdim edəcəkləri layihələrin əhəmiyyətli texnoloji yeniliklər olduğu bildirlir.
AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti olan “Elm və Texnologiyalar Parkı” MMC ziyarətçiləri yerli pilotsuz uçuş aparatları ilə tanış edəcək. Rezident tərəfindən təqdim olunan məhsul xüsusi spektral kameralar vasitəsilə torpağın analizi və bitkilərin böyüməsinin öyrənilməsini nəzərdə tutur. Bu texnologiya sayəsində həm şumluq sahələrin, həm də bitki örtüyü olan ərazilərin monitorinqini aparmaq mümkündür. Texnologiya, həmçinin torpağın münbitliyinin qorunmasına və məhsuldarlığın artmasına şərait yaradır.
AMEA-nın Radiasiya Problemləri İnstitutunun təqdim edəcəyi cihaz isə keçilməz və təhlükəli dağ relyefində radiasiya monitorinqini aparmağa imkan verir. Bu cihaz pilotsuz uçuş aparatlarının üzərində yerləşdirilmiş radiometrdən ibarətdir. Minalardan təmizlənməmiş ərazilərdə, keçilməz relyeflərdə radiasiya monitorinqinin tam mənzərəsinin əldə olunması prosesin pilotsuz uçuş aparatları üzərində radiasiya detektorlarının yerləşdirilməsi ilə mümkün olacaq. Eləcə də Radiasiya Problemləri İnstitutu festivalda yol tikintisi, mədən işləri və s. xüsusi məqsədlər üçün partlayıcı maddələrin uzaqdan idarə olunmasına imkan verən cihaz da təqdim edəcək.
AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti “BEYT” MMC –nin təqdim edəcəyi “Smart” arı yeşiklərinin də ziyarətçilərin marağına səbəb olacağı gözlənilir. Qeyd edək ki, texnoparkın mütəxəssisləri tərəfindən yeşiklərə yerləşdirilmiş xüsusi sensorlar sayəsində arıçılıq təsərrüfatı ilə məşğul olan sahibkarların əraziyə mütəmadi olaraq getmələrinə ehtiyac qalmayacaq. Onlar uzaq məsafədən mobil telefon vasitəsilə yeşiyin vəziyyətinə nəzarət edə biləcəklər. “Ağıllı” yeşiklər temperatur, coğrafi yerləşmə və yerdəyişmə, arıların hərəkəti və xəstəliklərinin diaqnostikası kimi funksiyaları yerinə yetirmək kimi üstünlüklərə malikdir.
Festival çərçivəsində ziyarətçilər AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti “Troniq” MMC-nin təqdim etdiyi süni intellektə əsalanan robotla da tanış olmaq imkanı da əldə edəcəklər. Yoluxucu xəstəliklərin, virusların və mikrobların yayılmasının qarşısını almaq üçün hazırlanmış “Seit-uv” robotu öncədən müəyyən edilmiş marşrut üzrə bütün maneələri aşaraq dezinfeksiya işlərini həyata keçirmək imkanına malikdir
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun təqdim edəcəyi innovativ yeniliklər neft-qaz sənayesində çalışanların işinə yarayacaq. Belə ki, institutun mütəxəssisləri karbohidrogenlərin çıxarılması, nəqli və saxlanılması işlərində tətbiq olunan və dünyanın bir çox ölkəsində sınaqdan keçirilmiş texnologiya ilə festival iştirakçılarının qarşısına çıxacaqlar. Eləcə də institut müxtəlif diametr və relyefə malik boru kəmərlərinin təmizlənməsi, yüksək qaz faktorlu neft quyularının boğulması, kənar suların izole edilməsi, lay daxilində yaradılan CO2 qaz-maye aralığı ilə neftvermə əmsalının artırılması və neft quyularında hasilatın intensivləşdirilməsi texnologiyalarını da təqdim edəcək.
Festivalda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun təqdim edəcəyi mikrokompüter müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının adaptasiya oluna bilən idarəetmə sisteminin funksiyalarını həyata keçirmək üçün işlənib hazırlanıb. Sərgidə mikrokompüterin təqdimatı ilə yanaşı, real uçuş aparatının virtual nümayiş etdirilməsi də nəzərdə tutulur.
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunın müəllifi olduğu texnologiyalar da bu gün üçün son dərəcə aktualdır. İnstitut cəmiyyətdə toplanan informasiya selinin süni intellekt texnologiyalarının köməyi ilə analiz olunması, təsnifi və proqnozlaşdırılması ilə bağlı proqram təminatı məhsulunu nümayiş etdirəcək. Əşyaların İnterneti platformasında kritik infrastrukturlara olan təhdidlərin aşkarlanması və ona qarşı tədbirlərin görülməsi ilə bağlı neyron şəbəkələrə əsaslanan dərin təlim texnologiyaları üzrə intellektual proqram məhsulları da İnformasiya Texnologiyaları İnstitutunun alimlərinin təqdim edəcəyi yeniliklərdəndir.
Festival iştirakçıları AMEA-nın Biofizika İnstitutunun alimlərinin də elmi nailiyyətləri ilə də tanış ola biləcəklər. İnstitut süni intellektə əsaslanan və ağciyər xərçənginin təyinində insanın qan plazmasından istifadəni nəzərdə tutan texnologiya təqdim edəcək. Bu metod vasitəsilə 90 faiz dəqiqliklə nəticə əldə etmək mümkündür.
AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti “Təcrübə-Sənaye Zavodu” MMC isə festivalada bitki əsaslı sürtkülər və sürtkü materialları, mineral, sənaye, mühərrik, hidravlik və transmissiya yağları və s. yeni məhsullarını təqdim edəcək. Həmçinin sərgidə ilk dəfə olaraq MMC-nin məhsulu olan hərbi təyinatlı yağlar da nümayiş etdiriləcək.
Digər xəbərlər