Tarix: 26-06-2024 | Saat: 11:32
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir. 106 yaşlı Azərbaycan Ordusu xalqın qürur yeridir. 30 illik erməni işğalına həmişəlik son qoyan Ordumuzun 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı qələbədən sonra nüfuzu günü-gündən daha da güclənir. Onun gücləndirilməsi dövlət başçısının da prioritet siyasətlərindəndir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu Modern.az-a bildirib ki, Azərbaycan Ordusu bu gün beynəlxalq cədvəllərdə öz layiqli yerini tutur:
"2020-ci ilin sentyabrında Azərbaycan dövləti bütün dünyaya öz hərbi qüdrətini nümayiş etdirdi. Azərbaycan öz torpaqlarını çox effektiv formada işğaldan azad etdi. Bu, onun göstəricisi idi ki, Azərbaycanda cənab İlham Əliyevin rəhbərliyi altında çox uğurlu ordu quruculuğu həyata keçirilib. Azərbaycan Ordusu ən müasir silah-sursatla təchiz olunub. Bu proses indi də davam etdirilir. Unutmaq olmaz ki, son illər bizim diplomatiyamız da çox uğurlu olub. Bunun özü də bizim ordu gücümüzə dəlalət edən reallıq idi. Diplomatiyanın, xarici siyasətin arxasında real hərbi güc dayanırsa, deməli, xarici siyasət effektiv olacaq. Cənab Prezidentin də hər zaman qeyd etdiyi kimi, hazırda Ordumuz torpaqları 2020-ci ildə işğaldan azad edən ordudan qat-qat gücülüdür. Çünki biz torpaqlarımızı işğaldan azad etdikdən sonra da ordumuzu gücləndirməyə davam etdik. Azərbaycan hərbi-texniki sahədə əməkdaşlağını əhəmiyyətli dərəcədə genişləndirdi. Bu gün Azərbaycan Ordusu dünyanın mötəbər reytinq cədvələrində çox layiqli yerdə dayanır. Dünyanın ən güclü ordusu sırasında Azərbaycan Ordusu da var".
E.Mirbəşiroğlu vurğulayıb ki, Azərbaycan Silahlı qüvvələri İkinci Dünya müharibəsindən sonra torpaqlarını işğaldan ən effektiv şəkildə azad edən ordudur:
"Vətən müharibəsi bizə həm də Ordu quruculuğunda yeni baxışlarımızın formalaşmasına imkan verdi. Biz ordunun daha da gücləndirlməsi istiqamətləri müəyyənləşdirməyi bacardıq. Ona görə 2020-ci ildən sonrakı mərhələdə Ordu quruculuğu, onun gücləndirlməsi istiqamətində çox təsirli addımlar atıldı. Komando qoşun növləri formalaşdırıldı. Ölkə başçısının birbaşa nəzarəti altında həyata keçirilən bu proses Azərbaycan Ordusunun gücünü, qüdrətini daha da artırdı. 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycan Ordusu müasir müharibə aparmaq gücündə olduğunu göstərmiş oldu. Vətən müharibəsindən sonra hətta dünyanın ən inkişaf etmiş dövlətlərində belə Azərbaycanın apardığı savaşın təcrübəsini öyrənməyin vacibliyini səsləndirirdilər. Yəni Azərbaycan Ordusu İkinci Dünya Müharibəsindən sonra ölkəsini düşmən işğalından ən effektiv şəkildə azad edən bir ordudur. Hesab edirəm ki, bu, bütövlükdə Azərbaycanın dünya üzrə yeni imicini formalaşdırdı".
Deputat söyləyib ki, milli təhlükəsizliyin təmin olunmasında ordu ən təsirli amildir:
"Ordu həm də beynəlxlaq münasibtələr sistemində dövlətin milli maraqlarının qorunmasının ən vacib aləti rolunda çıxış edir. Prezident İlham Əliyev də hər zaman qeyd edir ki, biz daha da güclü olmalıyıq. Çünki müasir beynəlxalq münasibətlərdə hüququn gücü yox, gücün hüququ var. Ona görə də özümüzü, milli təhlükəsizliyimizi və maraqlarımızı etibarlı şəkildə qorumaq üçün daim güclənməliyik. Ölkə başçısı ordunun davamlı olaraq güclənməsi məsələsinə diqqət yetirir. Ordu quruculuğu istiqamətində hər zaman təşəbbüslər elə Prezidentdən gəlir. Bu baxımdan Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş, döyüş texnika və taktikasına yiyələnmiş ordudur".
Hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır:
"44 günlük Vətən müharibəsində qələbənin əldə olunması ordumuzun beynəlxalq reytinq cədvəllərində mövqelərinin daha da yaxşılaşması ilə nəticələndi. Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Ordumuzun mövqeləri getdikcə daha da üstün olacaq. Azərbaycan Silahlı Qüvvələri son dövrlər baş verən müharibə və silahlı toqquşmalar zamanı 30 illik işğal tarixinə malik olan Ermənistanın bütün müdafiə strukturlarına ciddi zərbə endirib. Ermənistan Ordusunun 40 faizə yaxını fəraridir. Bununla belə bu ordunun 11 milyard manatlıq hərbi texnikası, silah sistemləri, texniki vasitə və avadanlıqları sıradan çıxarılıb. Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsi və ondan sonrakı əməliyyatlarda əldə etdiyi qələbələrlə tarixi zəfər silsiləsini davam etdirməkdədir. Ali Baş Komandan İlham Əliyev həmişə ordumuzun və digər güc strukturlarının təminat və təchizatı məsələsini daim prioritet qəbul edir".
Ə.Verdiyev deyib ki, hər il dövlət büdcəsindən təhlükəsizlik və müdafiəyə ayrılan xərclər artırılır:
"Bəzən də nəzərdə tutulan xərclər ilin ortasında bir neçə yüz milyon artırılır. Məsələn son dəfə büdcədən 7 milyard 200 milyon manata yaxın vəsait ayrılıb ki, bu da 2024-cü il üçün nəzərdə tutulan məbləğdən 700 milyon dollar çoxdur. İşğaldan azad olunmuş ərazilərdə quruculuq-bərpa işləri və vətəndaşlarımızın böyük qayıdışını təmin etmək isə ilk növbədə təhlükəsizliyin təmin olunmasını tələb edir ki, bunun da öhdəsindən Silahlı Qüvvələrimiz böyük uğurla gəlir. Bir sözlə, bu gün Azərbaycan dövləti üçün təhlükləsizlik və müdafiə ən prioritet məsələlərdir. İkinci yerdə isə əlbəttə, azad olunan ərazilərin bərpa olunması və vətəndaşların doğma yurd-yuvalarına qayıtması dayanır".
Digər xəbərlər