Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır
Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır26-06-2024, 11:32. Yazar: Admin |
Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir. 106 yaşlı Azərbaycan Ordusu xalqın qürur yeridir. 30 illik erməni işğalına həmişəlik son qoyan Ordumuzun 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı qələbədən sonra nüfuzu günü-gündən daha da güclənir. Onun gücləndirilməsi dövlət başçısının da prioritet siyasətlərindəndir. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu Modern.az-a bildirib ki, Azərbaycan Ordusu bu gün beynəlxalq cədvəllərdə öz layiqli yerini tutur:
"Vətən müharibəsi bizə həm də Ordu quruculuğunda yeni baxışlarımızın formalaşmasına imkan verdi. Biz ordunun daha da gücləndirlməsi istiqamətləri müəyyənləşdirməyi bacardıq. Ona görə 2020-ci ildən sonrakı mərhələdə Ordu quruculuğu, onun gücləndirlməsi istiqamətində çox təsirli addımlar atıldı. Komando qoşun növləri formalaşdırıldı. Ölkə başçısının birbaşa nəzarəti altında həyata keçirilən bu proses Azərbaycan Ordusunun gücünü, qüdrətini daha da artırdı. 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycan Ordusu müasir müharibə aparmaq gücündə olduğunu göstərmiş oldu. Vətən müharibəsindən sonra hətta dünyanın ən inkişaf etmiş dövlətlərində belə Azərbaycanın apardığı savaşın təcrübəsini öyrənməyin vacibliyini səsləndirirdilər. Yəni Azərbaycan Ordusu İkinci Dünya Müharibəsindən sonra ölkəsini düşmən işğalından ən effektiv şəkildə azad edən bir ordudur. Hesab edirəm ki, bu, bütövlükdə Azərbaycanın dünya üzrə yeni imicini formalaşdırdı". Deputat söyləyib ki, milli təhlükəsizliyin təmin olunmasında ordu ən təsirli amildir:
Hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır: "44 günlük Vətən müharibəsində qələbənin əldə olunması ordumuzun beynəlxalq reytinq cədvəllərində mövqelərinin daha da yaxşılaşması ilə nəticələndi. Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Ordumuzun mövqeləri getdikcə daha da üstün olacaq. Azərbaycan Silahlı Qüvvələri son dövrlər baş verən müharibə və silahlı toqquşmalar zamanı 30 illik işğal tarixinə malik olan Ermənistanın bütün müdafiə strukturlarına ciddi zərbə endirib. Ermənistan Ordusunun 40 faizə yaxını fəraridir. Bununla belə bu ordunun 11 milyard manatlıq hərbi texnikası, silah sistemləri, texniki vasitə və avadanlıqları sıradan çıxarılıb. Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsi və ondan sonrakı əməliyyatlarda əldə etdiyi qələbələrlə tarixi zəfər silsiləsini davam etdirməkdədir. Ali Baş Komandan İlham Əliyev həmişə ordumuzun və digər güc strukturlarının təminat və təchizatı məsələsini daim prioritet qəbul edir". Ə.Verdiyev deyib ki, hər il dövlət büdcəsindən təhlükəsizlik və müdafiəyə ayrılan xərclər artırılır: "Bəzən də nəzərdə tutulan xərclər ilin ortasında bir neçə yüz milyon artırılır. Məsələn son dəfə büdcədən 7 milyard 200 milyon manata yaxın vəsait ayrılıb ki, bu da 2024-cü il üçün nəzərdə tutulan məbləğdən 700 milyon dollar çoxdur. İşğaldan azad olunmuş ərazilərdə quruculuq-bərpa işləri və vətəndaşlarımızın böyük qayıdışını təmin etmək isə ilk növbədə təhlükəsizliyin təmin olunmasını tələb edir ki, bunun da öhdəsindən Silahlı Qüvvələrimiz böyük uğurla gəlir. Bir sözlə, bu gün Azərbaycan dövləti üçün təhlükləsizlik və müdafiə ən prioritet məsələlərdir. İkinci yerdə isə əlbəttə, azad olunan ərazilərin bərpa olunması və vətəndaşların doğma yurd-yuvalarına qayıtması dayanır". Geri dön |