Tarix: 26-06-2024 | Saat: 09:02
Bölmə:Karusel / Qarabağ / Cəmiyyət | çapa göndər
Yaxın dostlarımdan biri doğum günümü təbrik etmək üçün zəng edir. Telefonun o biri ucunda bir çətinlik hiss edirəm. Dostum vurnuxur, nə arzu edəcəyini bilmir...
Çünki bundan əvvəlki illərdə ad günümlə bağlı arzular mütləq Ağdamla başlayırdı. Təxminən Qədir Rüstəmova doğum günündə “Allah səni Ağdamda öldürsün...” deyildiyi kimi...
Bütün arzularda qeyri-müəyyən bir zaman var idi. Bütün cümlələrin də əvvəlində “O gün olsun ki...” kimi şablonlaşmış sözlər işlədilirdi.
Deməli, zamanın da öz zamanı var imiş... Bunu öyrəndiyimizdə təqvimdə il 2020 idi.
Budəfəki təbrik zəngində üzümdə qeydi-adi təbəssüm yaranır. Zarafata salıram:
- Hə, indi nə arzu edəcəksən? Ağdam da alınıb...
- Heç nə, uzun ömür, can sağlığı...
Bir saat sonra telefona xəbər bildirişi gəlir:
- Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi!
Xəbəri mədəniyyət aləmindən müzakirələr getdiyi məclisdə oxuyuruq.
O an sükut çökür və deyirəm:
- Məni Prezident də təbrik etdi!
Söhbətə onlayn qoşulan Mirşahin Ağayevin də xəbərə münasibəti çox dahiyənə olur:
- İlham Əliyev Birinci Qarabağ müharibəsində də qələbə qazanır!
Oğuldur! Bu ifadəni işlədərkən təkcə Natiq Qasımovla bağlı çəkilən o təsirli sənədli filmə işarə etmirəm.
Aydın məsələdir ki, Birinci Qarabağ müharibəsindən sonra tabloda çox ağır bir məğlubiyyətin hesabı yazılmışdı. Prezident İlham Əliyev bu sərəncamla həm də, o məğlubiyyətin ağrısını üzərinə götürmüş oldu.
Yaşımızdan dolayı, bir çoxumuz Natiq Qasımovu Sarsininin çəkdiyi o fotolardan tanımışıq. Xocalı sakinlərinin qətlə yetirilməməsi üçün təslim olan 21 yaşlı gənc, əlindən Azərbaycan bayrağını buraxmır. Özü də bayraq kimi dik durur. Ətrafına toplaşan, onu sorğu edən erməni cəlladlarının masasında məğrur duruşu ilə kameralara yansıyır.
Sərəncamda Konstitusiyanın 109-cu maddəsinin 23-cü bəndi rəhbər tutulur. “Ölümündən sonra” sözlərinin yazılması da qanuni tərəfidir.
Mənəvi olaraq isə belədir:
Natiq Qasımov əyləşdiyi o stulu arxaya çəkib masadan ayrılır... Özü də Milli Qəhrəman kimi!
(Qafqazinfo.az)
Digər xəbərlər