Saytımızı qiymətləndirin


 
 

Antalyada Zevs və Afroditanın heykəlləri tapılıb-FOTO
Tarix: 07-06-2024 | Saat: 11:05
Bölmə:Karusel / Region | çapa göndər

Antalyanın Serik rayonundakı Aspendos antik şəhərində aparılan arxeoloji qazıntılar zamanı Roma dövrünə aid və 2 min ildən çox yaşı olan Zevs və Afroditanın heykəlləri tapılıb.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy heykəllərin tapılması haqqında məlumatı “X” sosial şəbəkəsindəki səhifəsində bölüşüb.

Naziri paylaşımında deyilir: “Biz gələcəyə miras qoymağa çalışırıq! Aspendos antik şəhərində gələcək irs layihəmiz çərçivəsində aparılan qazıntılar zamanı Roma imperatorluğu dövrünə aid iki möhtəşəm heykəl aşkar edilib. İkimərtəbəli Stoa kompleksində davam edən arxeoloji ekspedisiya 2000 illik heyranedici Zevs və Afrodita heykəllərini aşkar edib. Arzu edirəm ki, tapdığımız eksponatlar ölkəmizin mədəniyyətinə, turizm həyatına faydalı olsun”.

Tarixi eramızdan əvvəl X əsrə qədər uzanan Aspendos antik şəhəri Pamfiliya bölgəsinin ən əhəmiyyətli yaşayış məskənlərindən biri olub. Şəhər Köprüçay çayının sahilində, dənizdən təxminən 8 kilometr aralıda salınıb və bəzi yerlərdə möhkəmləndirilmiş divarlarla əhatə olunmuş təpənin üzərindəki aqora, monumental fəvvarə, məbəd, stadion, məclis binası və Roma bazilikası ilə məşhurdur.

“Gələcəyin irsi” adlı genişmiqyaslı layihə çərçivəsində aparılan qazıntılardan əldə edilən yeni tapıntıların həyəcanı ilə çalışan arxeoloqlar aqoranın qərbində yerləşən 15 dükan və anbardan ibarət ikimərtəbəli kompleksdə işləyərkən sürprizlə qarşılaşıblar. Məlum olub ki, bu ərazi Roma dövründə heykəltəraşlıq emalı sahəsi olub.

Qazıntılar zamanı o dövrə aid iş masasının yanından ilk dəfə qədim yunanların ən yüksək tanrısı Zevsin yaxşı vəziyyətdə olan heykəli tapılıb. Zevsin taxtda oturmuş vəziyyətdə heykəlində onun qarın nahiyəsində güclü əzələləri görünür. Lakin heykəlin aşağı hissəsi kəsilib və sonradan yenidən birləşdirilib.

Digər heykəl isə sevgi və gözəllik ilahəsi Afroditaya məxsusdur. Afrodita yarıçılpaq, ayaq üstə, əlində şal ilə təsvir edilib, onun yanında imperiya zirehləri şəklində bir dayaq da var. Heykəllərin hündürlüyü təqribən 50 santimetrdir və zərif hyekəltaraşlıq üslubu ilə seçilir. Onların Roma imperatorluğu dövründə yonulduğu güman edilir.

Məlumatda bildirilir ki, sənədləşmə, təmizlik və bərpa işləri başa çatdıqdan sonra heykəllər Antalya Muzeyinə təhvil veriləcək.

Arxeoloqlar mağaza kompleksinin digər hissələrində də işlərin davam etdiyini bildirməklə yanaşı, bütün mağazalarda qazıntıların bu il başa çatdırılmasını gözləyir və ərazidə yerləşən bütün sahələrdə böyük tapıntılar olacağına ümid edirlər.

 



Xəbəri paylaş

156 dəfə oxunub.

Digər xəbərlər