Tarix: 06-06-2024 | Saat: 16:08
Bölmə:Karusel / Dünya | çapa göndər
Fransanın baş naziri Qabriel Attal deyib ki, rəsmi Paris Ukraynaya hərbi əməliyyatlarda iştirak etmək üçün qoşun göndərmək niyyətində deyil.
Qarabaqinfo.az xəbər verir ki, bunu baş nazir “France 2” telekanalına müsahibəsində deyib.
“Bu cür planlar yoxdur. Bilirsiniz, biz bu məsələni çox müzakirə etdik”, - o qeyd edib.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Ukraynaya təlimatçı göndərməyə hazır olan Avropa ölkələrindən ibarət koalisiya yaratmağı təklif etmişdi.
“Le Monde” nəşri yazır ki, bu məsələ bir neçə həftə, hətta günlər ərzində həll oluna bilər.
Bir gün əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Vaşinqtonun heç bir şəkildə Ukraynaya ordusunu göndərmək fikrində olmadığını bildirib. O xatırladıb ki, Birləşmiş Ştatlar artıq Almaniyadakı hərbi bazada ukraynalı əsgərlərə təlim keçir və burada “minlərlə ukraynalı əsgər” Qərb istehsalı olan avadanlıqlarla işləməyi öyrənir.
Almaniya da Ukraynaya hərbi personal göndərməyəcəyini bəyan edib. Eyni zamanda Almaniyanın müdafiə naziri Boris Pistorius Berlinin Kiyevə hərbi yardımı davam etdirəcəyini vurğulayıb.
NATO-nun baş katibi Yens Stoltenberq daha əvvəl demişdi ki, NATO da Ukraynada öz qüvvələrini yerləşdirməyi planlaşdırmır.
“Biz diqqətimizi Ukraynaya uzunmüddətli dəstək üçün daha güclü çərçivə qura biləcəyimizə və uzunmüddətli maliyyə öhdəliyi üzərində necə razılaşacağımıza yönəldirik”, - Stoltenberq qeyd edib.
Fransa prezidenti Emmanuel Makron fevralın sonunda Qərb qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı müzakirələrə başlayıb. O, daha sonra bəyan etdi ki, Rusiya ordusu cəbhə xəttini yarıb Kiyev və ya Odessanı tutmağa cəhd edərsə, belə bir ssenaridən istifadə edilə bilər. Makron qeyd edib ki, Putin Ukraynada qələbə qazanarsa, o, kampaniyanı davam etdirə və digər Avropa ölkələrini işğal edə bilər.
Digər xəbərlər