Tarix: 29-04-2024 | Saat: 21:33
Bölmə:Karusel / Siyasət | çapa göndər
Ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanminlə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun görüşündə iki qurum arasındakı əməkdaşlıq, eyni zamanda bu əməkdaşlığın dövlətlərarası və xalqlararası əlaqələrin inkişafına verəcəyi töhfə müzakirə edilib.
Fonddan Qarabaginfo.az-a verilən məlumata görə, Anar Ələkbərov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ötən illərdə Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının rəhbərliyi ilə görüşlərini xatırladıb, Azərbaycan-Çin dostluq və əməkdaşlığının genişlənməsinə dair iki qurum arasında imzalanan Memorandumu, həyata keçirilən layihələri qeyd edib.
Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının Heydər Əliyev Fondunun strateji tərəfdaşı olduğu, bu il hər iki qurumun yubileyinin - Heydər Əliyev Fondunun yaranmasının 20, Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının 70 illiyinin qeyd edilməsinin isə bir rəmzi məna daşıdığı bildirilib.
Ölkəmizə Heydər Əliyev Fondunun dəvəti ilə səfər etdiyini deyən Yan Vanmin Azərbaycan Prezidentinin Çinlə əlaqələrə xüsusi önəm verdiyini, budəfəki görüşlərin və müzakirələrin Azərbaycanla Çin arasında əməkdaşlığın genişlənməsinə əlavə təkan olacağını qeyd edib. Görüşdə Heydər Əliyev Fondunun 20 illiyi ilə əlaqədar Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası tərəfindən Fondun prezidenti Mehriban Əliyevaya ünvanlanan təbrik məktubu təqdim olunub.
Heydər Əliyev Fondu ilə Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası arasında əməkdaşlığın əhatəsinin genişlənməsinə yönələn sahələr nəzərdən keçirilib. Dövlət səviyyəsində möhkəm təmələ söykənən əlaqələrlə yanaşı iki xalq arasında əlaqələrin, xalq diplomatiyasının da genişlənməsinin vacibliyi vurğulanıb. Qonaq bu istiqamətdə Heydər Əliyev Fondunun böyük rol oynayacağını bildirib. Azərbaycan və Çində mədəniyyət günlərinin təşkili, mədəniyyət sahəsində müxtəlif tədbirlərin keçirilməsi, gənclərin, eyni zamanda yeni media nümayəndələrinin qarşılıqlı səfərləri, şəhərlərarası əməkdaşlıqların artırılması təklif olunub.
Ölkəmizin bu il COP29-a ev sahibliyi etməsi müzakirə edilən məsələlərdən biri olub. Bildirilib ki, Çin Xalq Respublikası, o cümlədən Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası COP29 çərçivəsində lazımi dəstək göstərməyə və əməkdaşlığa hazırdır.
Heydər Əliyev Fondunun nümayəndə heyəti Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının 70 illiyi ilə əlaqədar tədbirlərdə iştirak üçün Çinə dəvət olunub.
Görüşdən sonra qonaqlar Heydər Əliyev Mərkəzindəki ekspozisiyalar – “Azərbaycan xalçası-ilmələrin rəqsi”, “Mini Azərbaycan”, “Musiqi alətləri: birlik və müxtəliflik”, “Klassik avtomobillər” sərgiləri ilə tanış olublar.
Digər xəbərlər