Tarix: 04-04-2024 | Saat: 17:48
Bölmə:Karusel / Region | çapa göndər
Ermənilər Qarabağı tərk edəndən sonra qondarma “Artsax Təhlükəsizlik Şurasının keçmiş katibi” Vitali Balasanyan Ermənistana gəlib və bəzi qohumları ilə birlikdə Antikorrupsiya komitəsinə dəvət olunub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “24News”a hüquq-mühafizə orqanlarından bildirilib.
Ermənistanın hüquq-mühafizə orqanları Balasanyan və onun ətrafındakılardan Həkəri körpüsünü necə keçdiklərini öyrənməyə çalışıblar, lakin ən çox onların siyasi proseslərdə iştirak edib-etməyəcəklərilə maraqlanıb.
Bir neçə sorğu-sualdan sonra Vitali Balasanyan Ermənistanın baş naziri Nikol Paşinyanla dolayı yollarla əlaqəyə girərək, hakimiyyətin dəyişdirilməsi prosesində və ya siyasi proseslərdə iştirak etmək fikrində olmadığını bildirib.
Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, Balasanyan Paşinyana “Artsax erməniləri” hansısa status və zəmanətlə Qarabağa qayıdana qədər Ermənistanda gözləyəcəyini çatdırıb və onu sakit buraxmağı xahiş edib.
Sayt həmçinin qeyd edir: “Bu dolayı söhbətdən sonra Balasanyan və onun qohumları artıq sorğu prosesini həyata keçirən orqana dəvət olunmayıb. Odur ki, Vitali Balasanyan Ermənistana gəldikdən sonra bir dənə də olsun ictimai bəyanatla çıxış etməyib”.
“24News” Balasanyanın Ermənistana necə gəldiyinin bəzi detallarını da öyrənib.
Bildirlib ki, Balasanyan sentyabrın 28-də Xankəndini tərk edərək Həkəri körpüsü istiqamətinə yollanıb.
Qeyd edilib ki, Həkəri keçid məntəqəsindəki Azərbaycan hərbçiləri Balasanyanın hərəkət istiqamətindən xəbər tutublar. Buna görə də “Artsax Təhlükəsizlik Şurasının keçmiş katibi” maşından düşərək dağ yolları ilə getməyə məcbur olub. Guya o, gizli dağ yolları ilə piyada gəldiyinə görə, Ermənistana yalnız oktyabrın ilk ongünlüyündə çata bilib”.
Digər xəbərlər