Saytımızı qiymətləndirin


 
 

Nazir BMT-nin Qaçqınlar üzrə Ali Komissarının köməkçisi ilə görüşdü
Tarix: 15-03-2024 | Saat: 09:54
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Nazir BMT-nin Qaçqınlar üzrə Ali Komissarının köməkçisi ilə görüşdü

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov XI Qlobal Bakı Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan BMT-nin Qaçqınlar üzrə Ali Komissarının müdafiə məsələləri üzrə köməkçisi Ruven Menikdivela ilə görüşüb.

 

XİN-dən Qarabaqinfo.az-a verilən xəbərə görə, görüşdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) ilə əməkdaşlıqdan irəli gələn məsələlər, habelə regionda cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

 

Nazir Ceyhun Bayramov keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin humanitar nəticələrinin aradan qaldırılması, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması istiqamətində BMTQAK ilə həyata keçirilən birgə layihələrin əhəmiyyətini qeyd edib.

 

Qarşı tərəf postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri ilə bağlı məlumatlandırılıb.

 

Vətəndaşlarımızın işğaldan azad olunmuş ərazilərə ləyaqətli qayıdışının təmininə istiqamətlənən "Böyük Qayıdış" proqramının ölkəmiz üçün əsas prioritetlərdən biri olduğunu qeyd edən nazir Ceyhun Bayramov, bir sıra istiqamətlərdə BMTQAK ilə əməkdaşlığın davam etdirilməsində maraqlı olduğumuzu diqqətə çatdırıb.

 

Nazir Ceyhun Bayramov həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri ilə bağlı qarşı tərəfi məlumatlandıraraq, COP29 çərçivəsində BMTQAK ilə bir sıra birgə tədbirlərin təşkilinin mümkün olduğunu bildirib.

 

Ruven Menikdivela Azərbaycanın qaçqın və məcburi köçkün problemi ilə mübarizədə nümunəvi ölkələrdən biri olduğunu qeyd edərək, bu istiqamətdə hazırkı postmünaqişə dövründə BMTQAK-ın məcburi köçkünlərin qayıdışı çərçivəsində mümkün dəstəyi göstərməyə hazır olduğunu diqqətə çatdırıb.

 

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.



Xəbəri paylaş

186 dəfə oxunub.

Digər xəbərlər