Saytımızı qiymətləndirin


 
 

Buraxılış və qəbulda eyni fənlərdən imtahan nəyə lazımdır? - Ekspertdən ETİRAZ
Tarix: 12-03-2024 | Saat: 10:47
Bölmə:Karusel / Təhsil | çapa göndər

 

Buraxılış və qəbulda eyni fənlərdən imtahan nəyə lazımdır? - Ekspertdən ETİRAZ

“Bildiyiniz ki, ali məktəblərə qəbul imtahanlarımız iki mərhələdə aparılır. Birinci mərhələ həm də orta təhsil pilləsini bitirən şagirdlər üçün buraxılış imtahanıdır. Buraxılış imtahanı Azərbaycan dili, riyaziyyat, ingilis dili üzərindən, qəbul imtahanlarının ikinci mərhələsi olan, el arasında hələ də qrup imtahanları adlandırılan blok imtahanlarında isə istiqamətlər üzrə fənn imtahanları keçirilir”.

 

Qarabaqinfo.az  xəbər verir ki, bunu təhsil eksperti Şəmil Sadiq sosial şəbəkə hesabında yazıb.

 

O bildirib ki, ikinci mərhələ imtahanlarında birinci mərhələdə Azərbaycan dilindən imtahan verən şagirdlər III blokda yenidən Azərbaycan dilindən, I və II blokda isə yenidən riyaziyyat fənnindən imtahan verirlər, bu heç bir halda qəbul edilə bilən və məntiqli deyil:

 

“Rəsmilər bunun niyəsini belə izah edirlər ki, abituriyentin seçəcəyi ixtasasa görə blokda eyni fəndən ona görə imatahan verilir ki, bilik daha dərinləməsinə ölçülsün. Bu fikrin özü belə yanlışdır. Daha dərinləməsi dedikdə daha çətin suallar nəzərdə tutulur. Bu isə abituriyentlərə əlavə yük, artıq stress, valideynlərə isə əlavə maddi yük, DİM-in özünə əlavə iş, büdcəsinə əlavə təsir (mənfəət və zərər, fərqi yoxdur) deməkdir. Bu dediklərim nəzərə alınarsa, DİM-in mart-sentyabr ayları arasında uzun bir qəbul prosesi də asanlaşar. Halbuki DİM-in rəsmiləri də hər dəfə dilə gətirir ki, bu proses ağırdır və ona görə də belə uzun bir zamanı əhatə edir.

 

Nəzərə alsaq ki, III blok şagirdlərinin ikinci mərhələdə verdiyi Azərbaycan dili dil fənni sadəcə filologiya fakültələrinə faydalı ola bilər, o da olsa. Belə ki, üçüncü blokda tarix, ibtidai sinif, sosial iş və sairə kimi fakültələrdə bu fəndən sadəcə qrammatika üzərindən aparılan ikinci sorğulamanın əlavə yükdən başqa heç bir nəticəsi yoxdur. Heç filologiya fakültələrinə qəbul olmaq istəyənlər üçün də lazım deyil. Eyni prinsipi biz birinci və ikinci blokda riyaziyyata aid edə bilərik. Sadəcə riyaziyyat və informatika fakültələri üçün qismən faydalı olan ikinci eyni fəndən – riyaziyyatdan imtahan qida sənayesi, kimya mühəndisi, coğrafiya müəllimləri üçün gərəkli deyil”.

 

O bildirib ki, biz qəbul imtahanlarına universitetə buraxılış imatahanı kimi baxmamalıyıq:

 

“Şagirdlər məktəbi bitirib universitetə ona görə qəbul olurlar ki, öz ixtisasını daha yaxşı mənimsəsin, mütəxəssis olsun. Amma abituriyentdən soruşulan bilik isə mütəxəssisdən soruşulan bilik səviyyəsindədir ki, bu böyük yanlışdır. Axı biz orta məktəb buraxılışını niyə bu qədər çətinləşdirməliyik? Məhz bu cür yanaşma repetitorluğun genişlənməsinə, dərinləşməsinə rəvac verir. Bu isə valideynlərin narazılığına, təhsildən, dövlətdən narazı qalmasına gətirib çıxarır ki, bunu isə heç bir məmur istəməməlidir. Təhsildən narazı kütlə qəbul prosesinin ağırlığından daha şiddətli narazı zümrəyə çevirir. Çünki yaradılan bu cür çətin qəbul prosesi birbaşa valideynin büdcəsi hesabına başa gəlir ki, bu da məktəblərin nüfuzuna xeyli xələl gətirir.

 

Soyuq başla düşünəndə bir fəndən iki dəfə imtahan götürmək heç nəyə fayda vermir. Mürəkkəblikdən başqa heç nəyə yaramayan bu sistem aradan götürülməlidir. Bir zamanlar mərkəzləşdirilmiş imatahan söhbəti gedirdi, indiki model güya ona yaxınlaşıb, amma tam deyil. Nə olar ki, buraxılış imtahanında götürülən o üç fənn elə qəbulun nəticəsi kimi də qəbul edilsin. Axı gənclik yazıqdır, valideynlər çətinlik çəkir, dövlət büdcəsindən əlavə xərclər yaranır.

 

Dediklərimin hər biri üçün hər iki qurumla müzakirəyə də, debata da hazıram. Kimsə məni inandırsın ki, bir filoloq olmaq istəyən üçün iki dəfə sorğu-sual etmək onun gələcək peşə fəaliyyətinə faydalıdır, hələ digər ixtisas sahiblərini demirəm.

 

Hörmətli Elm və Təhsil Nazirliyinin də, Dövlət İmtahan Mərkəzinin də rəsmiləri dövlətimiz və millətimizin gələcəyi naminə bu məsələlərə geniş vaxt ayırıb, ciddi müzakirələr aparıb, daha uğurlu və sadə model müəyyənləşdirsələr, necə də gözəl olar. Təhsildə başqa maraqlar, eqolar, ambisiyalar heç bir halda qəbul edilən deyil. Təhsil güzəşti sevir, motivasiyanı sevir, inamı sevir, özgüvənin məhv edilməsini, stressi yox!”



Xəbəri paylaş

174 dəfə oxunub.

Digər xəbərlər