Saytımızı qiymətləndirin


 
 

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı niyə azalıb...
Tarix: 21-02-2024 | Saat: 10:38
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı niyə azalıb...

Yanvar ayında ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 22 % azalıb. Belə ki, bu ilin yanvar ayında Azərbaycanın ümumi ixracının dəyəri 1,8 milyard ABŞ dolları, o cümlədən qeyri-neft sektoru üzrə ixracının dəyəri isə 222 milyon dollar təşkil edib. Məlumatı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yayıb.

 

Qeyd edək ki, 2023-cü ildə Azərbaycan 3,3 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib. Bu, 2022-ci ilə nisbətən 9,8 % çoxdur.


Qeyri-neft məhsullarının ixracında geriləmənin səbəbləri nədir?

 

Məsələ ilə bağlı Qarabaqinfo.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, qeyri-neft məhsullarının ixracında geriləmə davamlı xarakter daşımayacaq:

 

“İlk növbədə qeyri-neft məhsullarının ixracının 22 faiz geriləməsi ciddi məsələdir. Ancaq bütün bunlarla yanaşı nəzərə alsaq ki, həmin dövr ərzində ÜDM göstəriciləri əvvəlki illə müqayisədə yuxarı səviyyədə olub. İxracın bir ayda aşağı göstəricisi dövri xarakter daşıyır. Bu, davamlı xarakter almayacaq”.

Ekspert qeyd edib ki, statistik məlumatı yayan mərkəz qeyri-neft məhsullarının ixracındakı geriləmənin səbəbini də açıqlamalıdır.

 

Digər bir iqtisadçı ekspert Pərviz Heydərov isə söyləyib ki, Azərbaycandan qeyri-neft məhsulları üzrə ixrac dövlət gəlirlərini təmin edəcək səviyyədə deyil:

 

“Yanvar ayından ölkədən ixracın azalması bəzi səbəblərlə bağlıdır. Ümumiyyətlə, götürdükdə bizim ixrac imkanlarımızın 95-%-dən çoxunu  neft və qaz sektoruna aid məhsullar təşkil edir. Dövlət büdcəsinə gəlirlərin də əsas böyük hissəsini məhz həmin məhsulların ixracından əldə olunan gəlirlər təşkil edir. Son illər ərzində qeyri-neft sektorunun inkişafına  göstırilən diqqətin nəticəsi olaraq, bu sahədən ixrac genişlənməkdədir. Ümumilikdə götürdükdə  qeyri-neft və qeyri-qaz sektorunun inkişafı son günlər ərzində getdikcə yüksəlməkdədir. Amma  yenə deyirəm ki, bu, hələ kifayət edəcək səviyyədə deyil. ona görə də bu sahədəki rəqəmlər ölkənin iqtisadi təhlükəsizliyi üçün təminedici səviyyədə sayılmır”.

Ekspert deyib ki, bir ayın göstəricisinə görə narahat olmağa dəyməz:

 

“Yanvar ayında qeyri-neft və qeyri-qaz məhsullarının ixracının azalması mənfi haldır.  Biz bu sahədə prioritet seçdiyimiz vəzifənin icrasına çalışırıq. Lakin ixracda əvvəlki ilə və ya aya nisbətən geriləmə heç də müsbət amil kimi dəyərləndiriləcək hadisə sayılmır. Amma yanvar ayının göstəricisi elə də ciddi əhəmiyyət kəsb etmir. Bu,bir sıra subyektiv amillərlə əlaqədardır. Bizim ixracatımızın əsasını onsuz da aqrar məhsullar təşkil edir. Bu illik sənaye məhsulları ilə bağlıdır. Ciddi xüsusiyyət kəsb etmir. Çünki yenə deyirəm ki, söhbət yalnız bir ayın yekunundan gedir. Əgər bu, ardıcıl proses daşıyarsa, ilin birinci rübü üçün də xarakterik xüsusiyyət kəsb edərsə, bu zaman ciddi təhlükə ola bilər. Lakin bir ayın göstəricilərinə görə narahat olub, təşvişə düşməyə ehtiyac yoxdur. Əsas diqqət ilin birinci rübünə yönəlməlidir. İlin birinci rübünün nəticəsinə əsasən də müvafiq rəy söyləmək mümkündür. O da qeyd olunmalıdır ki, 22 faizlik geriləmə ciddi məsələdir”.



Xəbəri paylaş

151 dəfə oxunub.

Digər xəbərlər