Saytımızı qiymətləndirin


 
 

Deputat: ATƏT-in Minsk qrupu ləğv edilməlidir
Tarix: 17-02-2024 | Saat: 15:00
Bölmə:Karusel / Siyasət | çapa göndər

Deputat: ATƏT-in Minsk qrupu ləğv edilməlidir

Azərbaycan Prezidentinin 60-cı Münxen Təhlükəsizlik Konfransında iştirakı və səfərin ilk günündə reallaşan 10-a yaxın görüşün hər birinin Bakının yox, məhz qarşı tərəfin müraciətinə əsasən reallaşması hər şeydən öncə yeni düzəndə Azərbaycanın “middle power” kimi özünü təsdiqləməsinin göstəricisidir.

Bunu Qarabaginfo.az açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, bu prosesdə, heç şübhəsiz ki, açar faktor olaraq cənab İlham Əliyevin şəxsi nüfuzu çıxış edir: “Görüşlərin xarakterinə diqqət etsək, yaxın dövrə qədər Azərbaycana ittihamlar yağdırmaqda ehtiva olunan ritorikadan fərqli olaraq Münxendə Prezident İlham Əliyevin daha çox yeni reallıqları diqtə edən qlobal lider kimi qarşılandığı aydın formada görünür. Görüş təşəbbüskarları üçün dünyanın süni gündəminə çevrilməsinə çalışılan saxta mövzular ətrafında yox, daha çox cənab İlham Əliyevin əməkdaşlıq və regional təhlükəsizlik məsələlərində baxışları önəm daşıyır. İstər dövlət rəsmiləri, istərsə də qlobal iqtisadi güc subyektləri kimi tanınan özəl sektor nümayəndələri ilə görüşdə daha çox müstəqil, suveren Azərbaycanla iqtisadi əlaqələrini genişləndirməkdə maraq ifadə olunur. Əlbəttə, bu, Azərbaycan ətrafında Fransanın təhriki və rəhbərliyi ilə formalaşan süni çənbərin – Bakıya münasibətdə sanksiya təşəbbüslərinin fiaskosu deməkdir. Qlobal subyektlərin tədbirdə cənab İlham Əliyevlə iqtisadi-ticari, mədəni, humanitar əlaqələrin genişləndirilməsi barədə müzakirələrə cəhd etməsi, heç şübhəsiz ki, Azərbaycanın beynəlxalq hüququ rəhbər tutaraq özünün ərazi bütövlüyü və suveren haqlarını bərpa etməsində ehtiva olunan yeni status-kvonun sözsüz qəbullanması deməkdir. Bir sözlə, 60-cı Münxen Təhlükəsizlik Konfransının ilk günü cənab İlham Əliyevin son bir il ərzində yaratdığı reallıqların bəyan edilməsi və qlobal subyektlər tərəfindən qəbullanması ilə xarakterizə olundu”.

Bəhruz Məhərrəmov qeyd edib ki, bu dəfəki tədbirin digər önəmli fərqi ondan ibarətdir ki, bir sıra Qərb subyektləri Azərbaycana münasibətdə ənənəvi “insan haqları, demokratiya və hüququn aliliyi” kimi alətlərdən də məhrumdurlar: “Cəmi üç gün öncə təntənəli andiçmə mərasimi ilə səlahiyyətlərinin icrasına başlayan cənab İlham Əliyev 7 fevral seçkilərində 92.12 faiz səslə qazandığı qələbə fonunda faktiki olaraq konfransda iştirak edən heç bir liderin öz ölkəsində olmadığı qədər dəstəyə malik nüfuz sahibi kimi qatılıb. Hər kəs də qəbullanmağa məcburdur ki, əsas olan Qərbin saxta və özünü doğrultmayan stereotipləri yox, xalqın iradəsidir”.

Deputat nəzərə çatdırıb ki, konfransın digər mühüm istiqaməti, tədbirin Azərbaycanın yeni dövr üzrə müəyyən etdiyi prioritetlərin realizəsi istiqamətində əlavə imkanlar platformasına çevrilməsi oldu: “Fevralın 14-də Milli Məclisdə baş tutmuş Prezidentin andiçmə mərasimindəki çıxışında cənab İlham Əliyev yeni dövr üzrə prioritetlərimizi, o cümlədən daxili və xarici siyasət kursunun sərhədlərini aydın formada müəyyən etmişdi. Xarici siyasət kursuna fokuslanan dövlət başçısı açıq formada bəyan etmişdi ki, Bakı artıq daha çox qlobal oyunçu kimi çıxış etmək niyyətindədir. Bu dövrə qədər Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv, 120 ölkənin isə bizi Qoşulmama Hərəkatına sədr seçməsi, habelə COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olunması göstərir ki, cənab İlham Əliyev artıq Azərbaycanı qlobal oyunçuya çevirib. Bu mənada, Münxen Təhlükəsizlik Konfransı həm də beynəlxalq hüquq subyektlərinin Azərbaycanın yeni xarici siyasət prioritetlərini qəbullanması baxımdan mühümdür. Bu mənada, qarşı tərəfin müraciətinə əsasən ATƏT-in fəaliyyətdə olan sədri İan Borq ilə görüş yeni dövrdə Azərbaycanın niyyətlərinin bir daha rəsmən bəyan olunması baxımdan əhəmiyyətli oldu. Azərbaycanın bu sahədə ən kritik şərti artıq bölgəyə Ermənistan-Azərbaycan münasibətləri çərçivəsində baxılmamasıdır. Bildiyiniz kimi, cənab Prezidentin inaqurasiya mərasimindəki çıxışından da göründüyü kimi, yeni dövr üçün cənab İlham Əliyevin bu istiqamətdə yol xəritəsi kifayət qədər aydındır. Azərbaycan bu məsələdə qlobal spekulyasiyalara meydan verməyəcək və bu məsələnin əhəmiyyətinin süni şəkildə şişirdilməsinə lüzum yoxdur. ATƏT sədri ilə görüşdə də ifadə olunduğu kimi, “Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin edib. Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesi isə qlobal məsələ deyil, ikitərəfli xarakter daşıyır”. Yəni faktiki olaraq cənab İlham Əliyevin iradəsi o yöndədir ki, qalib tərəf olaraq bizim Ermənistan kimi üçüncü dünya dövləti ilə münasibətlərə xüsusi vaxt ayırmaq niyyətimiz yoxdur. Andiçmə mərasimində də deyildiyi kimi, “İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, sülh müqaviləsi imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək”. Ona görə də cənab İlham Əliyev açıq formada bəyan etdi ki, indiki halda ATƏT də bu reallıqları qəbul etməli, bu qurum çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlər - ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan strukturlar rəsmi qaydada ləğv edilməli və qurumun büdcəsi də daha məqsədyönlü və vacib layihələrə istiqamətlənməlidir”.



Xəbəri paylaş

1116 dəfə oxunub.

Digər xəbərlər