Tarix: 05-02-2024 | Saat: 12:07
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər
Tez-tez rastlaşdığımız xəbərlərdən biri də tarixi-mədəni abidələrə qarşı vətəndaşların, bilavasitə sahibkarların laqeyd münasibətidir. Məsələn, 2022-ci ilin statistikasına əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bu yöndə monitorinqinin nəticəsində qoruq daxilində olan tarixi-mədəni abidələrə 70-dən çox zərəryetirmə faktı aşkarlanıb.
Vandalizm və zərəryetirmə dedikdə tarixi-mədəni abidələrə müdaxilə, onların üzərində hər hansısa formada yazıların yazılması və digər bu qəbildən olan məsələlər aiddir. Bu, işin əhali tərəfidir.
Sahibkarlar tərəfindən bu cür pozuntu halları isə daha çox reklam lövhələri ilə bağlı olur. Hansı ki Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti davamlı şəkildə bununla bağlı monitorinqlər aparır, sahibkarlarla bu istiqamətdə söhbətlər edir və lazım gəldikdə onlara qarşı qanun çərçivəsində cərimələr tətbiq edir.
Bəs ümumilikdə tarixi-mədəni abidələrin üzərinə reklam lövhələrinin quraşdırılması prosesi necə tənzimlənir?
Azərbaycan Respublikası Dövlət Reklam Agentliyindən (ADRA) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, qurum Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə birgə mütəmadi monitorinqlər aparır: “Şübhəsiz, qanunvericiliyin tələblərinə cavab verməyən reklam lövhələri demontaj edilir”.
ADRA-dan sorğumuza cavabda o da qeyd olunub ki, 2023-cü ildə açıq məkanda ümumilikdə qanunvericiliyin tələblərinə cavab verməyən 7 760 reklamın yayımı dayandırılıb.
“Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən, reklam qurğuları (reklam) tarix və mədəniyyət abidələrinin ərazilərində, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində müvafiq icra hakimiyyəti orqanının razılığı ilə, tarix və mədəniyyət abidələrinin mühafizə zonasında isə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı ilə yerləşdirilə bilər”.
Yəni tarixi binaların üzərində reklam yerləşdirilməsi qanun çərçivəsində mümkündür, sadəcə, bunun üçün sahibkarlar Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinə müraciət etməlidirlər.
“ADRA isə öz növbəsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti müvafiq razılığını aldıqdan sonra tarixi binaların üzərində reklam yerləşdirilməsinə icazə verir. İcazəsiz vurulan reklamlara görə isə sahibkarlar məsuliyyət daşıyırlar. Onlar nəzərə almalıdırlar ki, açıq məkanda icazə sənədi almadan reklam yerləşdirərlərsə, bu zaman 500 manatdan 10 000 manatadək cərimə oluna bilərlər”, – cavabda qeyd olunub.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən isə APA-nın sorğusuna cavab olaraq bildirilib ki, xidmət tərəfindən aparılan monitorinqlərin nəticələri göstərir ki, tarix-memarlıq abidələrinin bədii-estetik görkəminə xələl gətirən müdaxilələrin əsas hissəsini abidələrin fasadlarına müxtəlif məişət qurğularının vurulması, kommunikasiya xətlərinin çəkilməsi, o cümlədən reklam lövhələrinin yerləşdirilməsi kimi hallar təşkil edir:
“Tarixi abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Abidələrin üzərində bərpa, konservasiya, təmir və digər işlər onların layihələri Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra aparılmalıdır.
Eyni zamanda, reklam qurğuları tarix və mədəniyyət abidələrinin ərazilərində, memarlıq abidələrinin (binalarının) fasad hissəsində və dam örtüklərində quraşdırılması Dövlət Xidmətinin razılığı ilə həyata keçirilməlidir. Tarixi abidələrin üzərinə onların bədii-estetik görkəmini pozan, dayanıqlığına xələl gətirən hər hansı müdaxilənin edilməsi yolverilməzdir. Bura reklam lövhələri də daxildir”.
Dövlət Xidmətindən verilən məlumatda o da əksini tapıb ki, ötən il abidə-binalarda fəaliyyət göstərən obyektlərdə qanunsuz yerləşdirilən, abidələrin xarici görkəmini pozan 400-dən artıq reklam lövhəsi müəyyən olunub və həmin lövhələr sökülüb.
Beləliklə, hər iki dövlət qurumunun cavabından çıxan nəticəyə əsasən deyə bilərik ki, tarixi-mədəni abidələr üzərində hər hansısa reklam lövhəsinin quraşdırılması yalnız sözügedən qurumların icazəsi əsasında həyata keçirilməlidir. Bu prinsipə əməl edilmədikdə, yuxarıdakı statistikadakı rəqəmin bir parçasına çevrilməkdən qaçış mümkün deyil.
Digər xəbərlər