Tarix: 31-01-2024 | Saat: 16:09
Bölmə:Karusel / Siyasət | çapa göndər
24 yanvar 2024-cü il tarixində Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətinin qurumun 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair qətnamə qəbul edib.
Qətnamənin müzakirəsi zamanı 76 deputat Azərbaycanın əleyhinə, 10 deputat lehinə səs verib, 4 deputat bitərəf qalıb. 16 deputat isə səsvermədə iştirak etməyib. Səsvermə zamanı Türkiyə (9 deputat) və Albaniya (1 deputat) nümayəndələri sənədin əleyninə səs veriblər.
AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməmək barədə qərarına rəsmi Bakı adekvat cavab vermək niyyətindədir.
AŞPA-nın sözügedən qərarının qəbul olunduğu iclasda Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasının Azərbaycanın Avropa Şurasının digər strukturlarında iştirakının dayandırılması anlamına gəlməsə də, Bakının mövqeyi fərqlidir.
KİV-in məlumatına görə, Azərbaycan özünə qarşı bu haqsız və qərəzli münasibətlə barışmaq fikrində deyil və hazırda yalnız AŞPA yox, ümumilikdə Avropa Şurasından çıxma proseduru da rəsmi Bakı tərəfindən araşdırılır.
Bəs Azərbaycan Avropa Şurasından necə çıxa bilər, prosedur hansı formadadır?
Qarabaginfo.az xəbər verir ki, Avropa Şurasından çıxmaq üşün üzv dövlət Avropa Şurasının Nizamnaməsini ləğv etməlidir.
Belə ki, London Müqaviləsi kimi də tanınan Avropa Şurasının Nizamnaməsinə görə, üzv dövlətin qurumdan iki yolla çıxması mümkündür: bunlar ya Şuradan çıxmaq və ya Şuradakı üzvlüyü dondurmaqdan ibarətdir.
Avropa Şurasının üzvü qurumun baş katibinə təşkilatda çıxmaq barədə niyyətini bildirən rəsmi məlumat verməlidir. Bu ərizə maliyyə ilinin ilk doqquz ayı ərzində verildiyi təqdirdə ilin sonunda qərar qüvvəyə minir.
Yəni, üzv dövlət birtərəfli qaydada Avropa Şurasından rəsmən çıxmaq istəsə, o zaman üzv dövlət Baş katibə Şuradan çıxmaq istəməsi ilə bağlı rəsmi məktub göndərəcək. Əgər bu, yanvarın 1-dən sentyabrın 30-na kimi həyata keçirilsə, həmin il dekabrın 31-də üzvlükdən baş verəcək. Oktyabrın 1-dən dekabrın 31-ə kimi edilirsə, növbəti il dekabrın 31-də həyata keçiriləcək.
Avropa Şurasından çıxmaq üçün digər prosedur Nizamnamənin 3-cü maddəsində nəzərdə tutulub.
3-cü maddəni ciddi şəkildə pozmuş Avropa Şurasının hər hansı üzvü nümayəndəlik hüququndan kənarlaşdırıla və Nazirlər Komitəsi tərəfindən 7-ci maddəyə uyğun olaraq üzvlükdən çıxarılması tələb oluna bilər. Əgər üzv bu tələbi yerinə yetirməzsə, Komitənin müəyyən etdiyi tarixdən etibarən üzv təşkilatdan çıxmış hüsab olunur.
İndiyə qədər isə qurumdan Yunanıstan və Rusiyanın çıxması qeydə alınıb. 1969-cu ilin 12 dekabrında Yunanıstan Avropa Şurasını tərk edib. Buna səbəb 1967-ci ildə Yunanıstanda baş vermiş hərbi çevriliş olub. Hərbi çevrilişdən sonra Yunanıstanın Avropa Şurası ilə münaqişəsi başlayıb və qurumun ölkədəki vəziyyətə dair hesabatı gərginlik yaradıb. Amma 1974-cü ilin 28 noyabrında Yunanıstan yenidən Avropa Şurasına üzv olub.
Rusiyaya isə 1996-cı ildə Avropa Şurasının üzvü olub. Ukrayna ilə müharibəyə başlayandan sonra Rusiya Avropa Şurasından və Avropa İnsan Haqları Konvensiyasından çıxdığını bəyan edib.
Qeyd edək ki, Azərbaycan 2001-ci il yanvarın 25-də Avropa Şurasının 43-cü üzvü olub. Azərbaycan Parlament Assambleyasında 6 həqiqi və 6 əvəzedici üzvdən ibarət nümayəndə heyəti ilə təmsil olunur.(modern.az)
Digər xəbərlər