Saytımızı qiymətləndirin


 
 

Rusiya sülhməramlıları Qarabağdan nə vaxt çıxarılacaq...
Tarix: 30-01-2024 | Saat: 14:57
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

Rusiya sülhməramlıları Qarabağdan nə vaxt çıxarılacaq...

19-20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağın dağlıq hissəsi erməni separatçılardan, terrorçulardan təmizləndi. Hazırda həmin ərazilərdə də təhlükəsizlik məsələlərini və nəzarəti Azərbaycan Ordusu nəzarət edir.

 

Buna baxmayaraq, hələ də ərazidə rus sülhməramlıları Azərbaycan ərazisində fəaliyyət göstərirlər.

 

Qeyd edək ki, sülhməramlılar Azərbaycan ərazilərinə İkinci Qarabağ müharibəsindən sonra yerləşdirilib və burada qalma müddəti beş ildir. Antiterror tədbirlərindən sonra sülhməramlılara məxsus bir neçə post fəaliyyətini dayandırıb.

 

Bəs, hazırda sülhməramlılar Qarabağda nə işlə məşğuldurlar?

 

Məsələ ilə bağlı Qarabaqinfo.az -a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Rusiya sülhməramlıların nə qədər müddətdə fəaliyyət göstərə biləcəyi təsbit edilib:

 

“2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağın dağlıq hissəsində keçirilən antiterror tədbirləri Azərbaycan Ordusunun gücünü, dövlətimizin qüdrətini göstərir. Azərbaycan Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı prezident cənab İlham Əliyev,dəfələrlə, bütün torpaqlarımızın azad ediləcəyini və bayraqlarımızın yurdumuzun bütün ərazilərində dalğalanacağını bildirirdi. Üçtərəfli bəyanatın dördüncü maddəsinin həyata keçirilməməsi, yaranmış vəziyyət antiterror tədbirlərini zəruri edirdi. Hazırda erməni separatçıları ərazidə yoxdur. Belə olan halda Rusiya sülhməramlıların Qarabağın Dağlıq hissəsində yerləşməsinin səbəbi maraq doğurur. Üçtərəfli bəyanatda Rusiya sülhməramlılarının nə zamana qədər qalacağı ilə bağlı məlumat var. Orada konkret olaraq göstərilir ki, sülhməramlıların 2025-ci ildə fəaliyyət müddəti bitir. Bundan qabaq tərəflərin razılığı ilə də onlar ərazidən çıxarıla bilərlər”.

Ş.Ramaldanov söyləyib ki, Rusiya sülhməramlılarının fəaliyyətindən narazılıq yoxdur:

 

“Hazırda Rusiya Sülhməramlıları orada Azərbayacanın müxtəlif strukturları ilə sıx təmasda fəaliyyətlərini davam etdirir. Azərbaycan həmin ərazilərdə reinteqrasiya prosesini aparır. Bu prosesdə Rusiya sülhməramlılarının da müəyyən iştirakı nəzərdə tutulub. Digər tərəfdən hələ də orada erməniəsilli insanlar yaşayır. Onlara heç bir təhlükə olmasa da, Rusiya sülhməramlıları öz missiyalarını orada davam etdirməli olurlar. Onların fəaliyyəti prinsip cəhətdən Azərbaycanın heç bir dövlət strukturlarına mane törətmir. Orada hər hansı narazlıq olarsa və ya erməni millətindən olan şəxslər Azərbaycan dövlətinə qarşı təxribat törətdərsə, Rusiya Sülhməramlı qüvvələri bu məsələrə aydınlıq gətirə bilər. Orada Rusiya sülhməramlıları olmasa, Ermənistanın havadarlarının narazılıqlar yaratmaq üçün tədbirlər görməsi istisna olunmur. Həm də belə olan halda sırf  Azərbaycanı günahlandıraraq qarayaxma kampaniyasının həyata keçirilməsi mümkündür. Düşünürəm ki, Azərbaycan Ordusu antiterror tədbirləri keçirdikdən sonra sülhməramlılar çox rahat formada öz missiyalarını həyata keçirirlər. Nə onların qarşısına çıxan, nə də hərbi hissələrinin qarşısında piket keçirən var. Ancaq qanun çərçivəsində Azərbaycan dövlətinin mübafiq qurumları ilə birgə müəyyən məsələlərdə iştirak edirlər. Bu da müəyyən şəkildə proseslərə təsir edir. Gedən proseslər onu göstərir ki, 2025-ci ildə Rusiya sülhməramlıları ərazini tərk edəcək”.

 

Digər bir hərbi ekspert Elxan Şıxalıyev isə deyir ki, antiterror tədbirlərindən sonrakı mərhələdə Rusiya sülhməramlılarının bölgədə konkret bir missiyası qalmayıb.

 

"Onlar hərbçi olduğuna görə ərazini tərk etmələri üçün tabe olduqları Rusiya Cənub Hərbi Dairəsinin Qərargahından göstəriş almalıdırlar. Konkret tapşırıqlar olmadıqda  hərbçilər, adətən, özlərinin gündəlik döyüş hazırlığı planına uyğun məşğələlər keçirirlər. Rusiya sülhməramlıları bölgədəki qərargahlarında imtasiya edirlər”.

Ekspertin fikrincə, sülhməramlılar vaxtından əvvəl regionu tərk etməyəcək:

 

“Sülhməramlıların bölgədə qalma müddətini üçtərəfli bəyanatda göstərilən zamana qədər uzatmağa çalışacaqlarını düşünürəm. Çünki Rusiya vaxtından əvvəl çıxıb getsə, üçtərəfli bəyanatın şərtlərindən irəli gələn məsələləri əsaslandıra bilməyəcək. Amma vaxtında getdikdə, deyəcək ki, biz bəyanata əsasən belə davranmışıq. Düşünmürəm ki, vaxtından əvvəl sülhməramlılar getsinlər. Rusiya öz imicini əzdirməz. Çünki bu çox böyük qınağa səbəb olacaq. Deyəcəklər ki, hansısa təzyiqin nəticəsi olaraq Rusiya ərazini daha tez tərk edir”.

 

Hərbi ekpsert Ədalət Verdiyev sülhməramlıların fəaliyyətindən naraszılıq olmadığını bildirib:

 

“Sülhməramlıların Azərbaycan ərazilərində müvəqqəti yerləşməsinin son müddəti birgə bəyanatda konkret olaraq göstərilib. Hazırda Azərbaycan ərazilərində erməni silahlıları çıxarıldığı üçün rus hərbi kontingentinin birbaşa yerinə yetirəcəyi vəzifələr də aradan qalxıb. Lakin zaman-zaman Rusiya Müdafiə Nazirliyinin verdiyi açıqlamalarda Rus hərbi kontingentinin gah humanitar, gah da minatəmizləmə ilə məşğul olduğu ilə bağlı məlumatlar öz əksini tapır. İstənilən halda Azərbaycan dövləti ilə Rusiya arasında sülhməramlıların ərazilərimizdəki fəaliyyəti ilə bağlı heç bir narhatlıq mövcud deyil. Buna görə də hesab edirəm ki, Azərbaycan öz imzasına hörmət edən tərəf kimi rusların buradan müddətin sonunda yola salınmasını təmin edəcək. Rusiya tərəfdən artıq prosesin bu istiqamətdə inkişaf etdiyi qəbul edilir”.



Xəbəri paylaş

1120 dəfə oxunub.

Digər xəbərlər