Tarix: 25-09-2020 | Saat: 11:30
Bölmə:Karusel / Gündəm | çapa göndər
Milli Məclisin I vitse-spikeri Əli Hüseynli Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışına münasibət bildirib.
Qarabaginfo.az xəbər verir ki, Ə.Hüseynli qeyd edib ki, BMT-nin Baş Assambleyasının 75-ci sessiyasında videoformatda çıxış edən Prezident İlham Əliyev BMT-nin bir təşkilat kimi fəaliyyətinə, pandemiya zamanı dünyada baş verən proseslərə, xüsusən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, həmçinin də Azərbaycanın bir dövlət kimi əldə etdiyi nailiyyətlərə obyektiv qiymət verib:
"Cənab Prezident çıxışında bir daha Ermənistanın işğalçı mahiyyətini dünya ictimaiyyətinə çatdırıb. O, Ermənistan rəhbərliyinin avtoritar, mürtəce, insan hüquqlarına zidd siyasətinə baxmayaraq beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının buna göz yumduğunu söyləyib. Prezident həmçinin iyul ayında Tovuz bölgəsində Ermənistan hərbi birləşmələri tərəfindən törədilən təxribat zamanı bu ölkəyə xaricdən külli miqdarda silah-sursat ötürülməsini bir daha açıqlayıb və bunu sülh danışıqlarına ciddi zərbə vurduğunu göstərib.
Prezident həmçinin Azərbaycanın həm siyasi, həm iqtisadi islahatlar çərçivəsində əldə etdiyi nailiyyətləri də diqqətə çatdırmışdır. Bununla yanaşı, o vurğulayıb ki, pandemiyadan sonrakı dövrdə bütövlükdə beynəlxalq münasibətlərdə yeni yanaşmalar və islahatlar aparılmalıdır".
Əli Hüseynli əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Təhlükəsizlik Şurasının Qətnamələrinin icra mexanizminin yaradılması ilə bağlı təklifi və yeni yanaşma xüsusi əhəmiyyət kəsb edir.
Digər xəbərlər