Saytımızı qiymətləndirin


 
 

124 yaşlı Bari nənə: Azərbaycanın ən yaşlı seçicisi necə səs verəcək... - FOTO
Tarix: 24-01-2024 | Saat: 13:01
Bölmə:Karusel / Gündəm | çapa göndər

124 yaşlı Bari nənə: Azərbaycanın ən yaşlı seçicisi necə səs verəcək... - FOTO

Mərkəzi Seçki Komissiyasının yaratdığı platformada Azərbaycanda ən yaşlı seçicisi barədə məlumat paylaşılıb. Məlumata görə ən yaşlı seçici 124 yaşlı Bari Nəbiyeva Şamı qızıdır. Həmin seçicinin adı 93 saylı Ağdaş seçki dairəsinin 43 saylı məntəqə seçki komissiyasının seçici siyahısındadır.

 

Qarabaqinfo.az ölkənin yaşlı seçicisinin yaxınları ilə əlaqə saxlamağa çalışıb.

 

124 yaşlı seçicinin nəvəsi Əfqan Nəbiyev saytımıza açıqlamasında nənəsinin yataq xəstəsi olduğunu, bu səbəbdən seçki dairəsinə gedib səs verə bilməyəcəyini söyləyib.

 

"Səyyar seçki qutusu gətiriləcək. Bununla bağlı olaraq müraciət etmişik. Kimə səs verəcəyini özündən başqa heç kəs bilmir. Nənəm bundan qabaq bütün seçkilərdə iştirak edib", - o qeyd edib.

 

Seçicinin oğlu Fərman Nəbiyev isə anasının əvvəllər çalışmadığını, evdar qadın olduğunu deyib.

 

"Ayda 327 manat təqaüd alır. 24-25 nəfər nəvəsi var. Nəticələrini saysaq, çoxdur”, - o qeyd edib.

 

Xatırladaq ki, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçirləcək. Seçkilərdə hazırkı Prezident İlham Əliyev, Milli Məclisin deputatları, Zahid Oruc, Fazil Mustafa, Razi Nurullayev, eləcə də Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Fuad Əliyev mübarizə aparacaq.

 

Qeyd edək ki, Azərbaycanda seçki məntəqəsində səs verə bilməyən vətəndaşlar üçün daşınan seçki qutuları hazırlanır.

 

Məcəlləyə görə, məntəqə seçki komissiyası bütün seçicilərə, o cümlədən səhhətinə görə səsvermə otağına gələ bilməyən seçicilərə səsvermədə iştirak etmək imkanı yaratmalıdır. Bu məqsədlə seçki məntəqəsində bir daşınan seçki qutusu olmalıdır.

 

Seçicilərin səsvermə otağından kənarda səs vermək haqqında müraciətlərinin sayı səsvermə gününə azı 12 saat qalmış dairə seçki komissiyası tərəfindən təsdiq olunur. Seçicinin səsvermə otağından kənarda səs vermək istəyi məntəqə seçki komissiyasının hər biri müxtəlif siyasi partiyaları təmsil edən və ya bitərəfləri və siyasi partiyanı təmsil edən azı 2 üzvü müşahidəçilərin iştirakı ilə onun yanına gəldikdə seçici tərəfindən məntəqə seçki komissiyasına göndərilən yazılı ərizədə bir daha təsdiq olunmalıdır. Seçici səsvermə otağından kənarda səs vermək istəyini yazılı surətdə bildirməyibsə, o, məntəqə seçki komissiyası üzvlərinin yanında ərizə yazmalıdır. Seçici seçki bülleteni aldığını ərizəsində qeyd edir və imzası ilə təsdiqləyir.



Xəbəri paylaş

160 dəfə oxunub.

Digər xəbərlər