Saytımızı qiymətləndirin


 
 

Məktəblərdə zorakılıq: “Şagirdlər “vorzakon”ları örnək götürür”
Tarix: 24-01-2024 | Saat: 12:34
Bölmə:Karusel / Təhsil | çapa göndər

Məktəblərdə zorakılıq: “Şagirdlər “vorzakon”ları örnək götürür”

Dünən Gəncə şəhərində 11-ci sinif şagirdinin qətlə yetirilməsi hər kəsi şoka salıb. Hadisə 8 nömrəli tam orta məktəbdə baş verib. 17 yaşlı Raul Rəhimov məktəbin önündə həmyaşıdı tərəfindən bıçalanıb. Qətlin məktəblilər arasında yaranmış mübahisə zəminində baş verdiyi iddia edilir.  

 

Son dövrlər məktəblərdə neqativ hallar - şagirdlərin döyülməsi, bıçalanması, zorakılıq hallarının artması cəmiyyətdə müzakirələrə səbəb olur. Bəziləri belə hadisələrin səbəbkarının məktəb olduğunu, bəziləri isə valideynləri günahlandırır.

 

Məktəblərdə zorakılıq hallarının bu qədər artmasının səbəbi nədir?


Təhsil eksperti Kamran Əsədov Qarabaqinfo.az -a açıqlamasında deyir ki, şagirdlərim məktəbdə kitabaların onlara öyrətdiyi qəhramanlıqları yox, sosial şəbəkələrin qəhrəman imicində təqdim etdiyi cinayətkar aləmin “vorzakon” larını örnək götürür.

 

"Bu gün orta təhsil məktəbində oxuyan şagirdin əlində kitab olmalı olduğu halda bıçaq var. Bunlar ciddi mesajlardır. Son illər məktəblərdə baş verən hadisələrə baxdıqda görürük ki, şagirdlərin iştirakı ilə kəsici-deşici alətlərlə xəsarət halları çoxalıb.

 

Bunun birinci səbəbi orta təhsil məktəblərində psixoloqların şagirdlər ilə düzgün ünsiyyət qurmamaları, məktəb kitabxanalarıda kitabların şagirdlərə oxudulmamasıdır. Şəxsiyyət kimi formalaşmalı olan şagird kitablardan özünə qəhərman obrazı tapmalıdır. Cinayətkarları qəhrəman görmək bu tip xoşagəlməz halların baş verməsinə gətirib, çıxarır. Necə ola bilər ki, məktəbdə şagirdin əlində kəsici alət olsun? Təhlükəsizlik gücləndirilməli, mütəmadi olaraq məktəblərin qarşısında post-patrul xidmətinin əməkdaşları dayanmalıdırlar”.

 


Təhsil ekspertinin sözlərinə görə, belə zorakılıq hallarının yaşanması onu deməyə əsas verir ki, məktəblər öz öhdəliklərini yerinə yetirə bilmirlər:

 

“Məktəb psixoloqları şagirdlərlə işləməli,  testlər keçirməlidirlər. Şagirdlər arasında zorakılığa meyilli olanlar müəyyənləşdirilib, profilaktik tədbirlər görülməlidir. Araşdırılmalıdır ki, 13-14 yaşlı biri necə insan öldürə bilir? Bu hadisə həm də onu göstərir ki, məktəb direktorları və direktor müavinləri  öz vəzifəsini yerin yetirə bilmirlər”.


Modern.az-a açıqlama  verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova bildirib ki, təhsil müəssisələrində müdafiənin gücləndirilməsi istiqamətində çox ciddi addımlar atmaq lazımdır:

 

“Zorakılıq halları təkcə Azərbaycana aid deyil, dünyanın hər yerində baş verən hadisədir. Belə hadisələr məktəbdə, məktəbdən kənarda da yaşanır. 


Çox sarsıdıcı bir haldır ki, bu hadisə ölüm ilə nəticələnib. Eyni zamanda mətbuatdakı məlumata görə, hadisəni törədən də yeniyetmədir.  Zorakılığa məruz qalan və onu törədən tərəf var. Açıqlamalardan görünür ki, tərəflər arasında əvvəlcədən gərginlik olub. Əgər zamanında müdaxilə edilsəydi, bu hal baş verməzdi”.


İctimai şura sədrinin fikrincə, təhsilalanlara məktəbəqədər təhsil və orta təhsil müddətində zorakılıqdan uzaq qalmaq öyrədilməlidir:

 

“Məktəblərdə sosial pedaqoqlar olmalıdır. Davranış qaydaları təkcə sənəd üzərində olmamalı, tətbiqi də həyata keçirilməlidir.  Hərtərəfli iş aparılmalıdır. Məktəblinin soyuq silahdan istifadəsi qorxulu faktdır. Ancaq düşünürəm ki, belə hadisələr zamanı tək məktəbi günahlandırmaq doğru deyil. Şagirdin  dəyərlərinin  formalaşmasında valideyn də iştirak etməlidir”. 



Xəbəri paylaş

1105 dəfə oxunub.

Digər xəbərlər