Saytımızı qiymətləndirin


 
 

Əsirlikdən xilas edilən Aqşin və Hüseynin səhhəti necədir? - AÇIQLAMA
Tarix: 15-01-2024 | Saat: 17:44
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Əsirlikdən xilas edilən Aqşin və Hüseynin səhhəti necədir? - AÇIQLAMA

Ötən il 13 dekabr tarixində Ermənistanda əsirlikdə olan hərbçilərimiz - Aqşin Bəbirov və Hüseyn Axundov ölkəmizə qaytarıldılar.

 

Hərbçilərimiz əsirlikdə olanda Ermənistan tərəfi onları işgəncəyə məruz qoyub. Bir müddət əvvəl əsirlərin anaları ilə əlaqə saxladıqda övladlarının sağlıq durumlarının yaxşı olmadıqlarını və müalicə aldıqlarını bildirmişdilər.

 

Bəs indi Aqşin və Hüseynin səhhəti necədir?

 

Qarabaqinfo.az bununla əlaqədar olaraq əsirlikdən azad edilən Aqşin Bəbirov və Hüseyn Axundovun valideynləri ilə əlaqə saxlayıb.

 

Aqşin Bəbirovun anası Dürdanə Bəbirova saytımıza açıqlamasında oğlunun səhhətinin yaxşı olmadığını söyləyib:

 

“Gözümüzün qabağında balalarımız saralıb-solub. Aqşinin ciyərləri pis vəziyyətdədir, qabırqaları qırıqdır. Böyrəkləri bərbad vəziyyətdir. Ağrılar içərisində ayaqda durmağa çalışırıq. Maddi durumumuz da aşağıdır. Bu gün bir çörək alanda, digərini ala bilmirəm. Necə onu xəstəxanaya aparım? Nə olsun sığoratdır, müalicə ki müftə olmur? Dərmanlar hamısı pulladır.  Allah heç bir ananı bizim günümüzə salmasın. Yenə də şükürlər olsun ki, cənab prezidentimizin sayəsində övladlarımız bu gün yanımızdadır. Prezidentə minnətdarlığımı bildirirəm. Nə qədər təşəkkür etsəm azdır. Bir daha deyirəm, cənab prezidentin qarşısında baş əyir, əllərindən öpürəm. Evimin tək oğlunu qaytardı bizə. Bizim elə dövlət başçımız var ki, onunla qürur duyuruq. Heç vaxt kiməsə dövlətimiz haqqında artıq-əskin nəsə deməyə nə mən, nə də Hüseynin anası icazə verər. Səhv edənələrə dövlətimiz yaxşı bilir nə edəcək”.

 

D.Bəbirova oğlunun səhhəti yaxşı olmasa da, işləmək istədiyini söyləyib:

 

“Uşaqlarımız evin vəziyyəti ilə əlaqədar işləmək istəyirlər. Cavan oğlanlardı istəyirlər ki, onların da cibində 5 manat olsun. Aqşin qürurunu sındırıb atasından pul istəmir. Axı, o da gəncdir. İstəyir ki, işləsin, cibində 5 manat olsun.Sağlamlığı olmasada övladlarımızın işləmək istəməsi bir ana kimi mənim ürəyimi dağlayır.  Çölə çıxıb gəzmək istəyirlər. Ürəkləri istəyəni alıb yemək istəyirlər. Balalarımız iki il ev çörəyi yemədi. Uşaqlarımız haqqında artıq-əskik yazanların hamısını Allaha həvalə edirəm. Sosial şəbəkədə mənfi yazanlar bizim övladlarımıza yox, dövlətimizə ləkə gətirəcək sözlər yazırlar. Biz də, dövlətimiz də belə yazanların kim olduğunu, kimlər tərəfindən idarə olunduğunu yaxşı bilir. Allah böyükdür. Cənab Ali Baş Komandan düşmənin əlində işgəncədə olan iki əsgərini azad edibsə, elə virusları da təmizləyə bilər. Ona görə də biz göydə Allahımıza, yerdə cənab prezidentimizə sığınmışıq. Çünki bizim övladlarımızı Dəmir Yumruqun sahibi, cənab prezidentimiz azad edib, artıq-əskik yazanlar yox. Hər iki övladımızı alnıaçıq, başıdik əsgər göndərdik. İnanıram ki, cənab prezident onların yanında olacaq və kişi kimi həyatlarını davam etdirmələrinə kömək edəcək”.

 

Hüseyn Axundovun anası Şəlalə Axundova isə oğlunun hazırda müalicələr qəbul etdiyini və yaxşı olmağa çalışdığını söyləyib.

 


Xəbəri paylaş

164 dəfə oxunub.

Digər xəbərlər