Tarix: 28-12-2023 | Saat: 15:35
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Yerli bankların şöbələrinin fəaliyyəti ilə bağlı şərtlər və tələblər, habelə banklar, onların filial və şöbələri tərəfindən nağd qaydada valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”nı təsdiqləyib.
Qarabaqinfo.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Eyni zamanda AMB-nin 29 dekabr 2015-ci il tarixli “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nın, o vaxtkı Maliyyə Bazarlarına Nəzarət Palatasının 7 iyul 2017-ci il tarixli “Yerli bankların şöbələrinin və yerli nümayəndəliklərinin açılması üçün icazə alınması və icazənin ləğv edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə qərarlar ləğv edilib.
Yeni qərara əsasən, yerli banklar valyuta mübadilə şöbəsi açarkən AMB-yə yazılı bildiriş, habelə müvafiq sənəd və məlumatlar təqdim etməldir. Şöbənin fəaliyyətə başlaması üçün AMB bildirişi müsbət hesab etməlidir.
Bundan başqa, nağd xarici valyutanın bir müştəriyə 500 ABŞ dolları ekvivalentindən artıq satışı, habelə bir müştəridən 10 min ABŞ dolları ekvivalentindən artıq alışı zamanı müştərinin şəxsiyyətini təsdiq edən sənəd tələb ediləcək.
Həmçinin banklar təqvim ili ərzində 20 min manat və ona ekvivalent məbləğdən artıq məbləğdə əməliyyat aparan fiziki şəxslərə münasibətdə gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsinə dair tələblərə və bu tələblərə riayət edilməsinə dair daxili nəzarət mexanizmlərinə malik olmalıdır.
AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
Digər xəbərlər