SOCAR “Azəriqaz” İstehsalat Birliyi yeni ilə keçidlə bağlı qazdan istifadə limitlərinin yenilənməsini 2024-cü ilin 5-6 yanvar tarixlərinədək tam icra etməyi planlaşdırır.
Bunu “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib.
“Belə ki, dekabrın 31-i gecə 00:00-dan sonra ödəniş olunarsa, ödəniş 1 200 kubmetrlik istifadə limitinə (minimal – red.) əsasən 12 qəpikdən həyata keçiriləcək”, – Eldəniz Vəliyev qeyd edib.
O bildirib ki, sonradan ödənişli ( mexaniki) sayğaclardan istifadə edən abonentlərin limiti yanvar ayının 5-6-dək yenilənəcək.
“Abonentlər evdə olmaya bilər, bayram günlərində qonaq gedir və bu kimi səbəblərdən əməkdaşlarımız yenilənmə prosesini bir balaca, yəni yanvar ayının 5-6-na kimi çəkə bilər”, – Eldəniz Vəliyev vurğulayıb.
Onun sözlərinə görə, baxmayaraq ki, mexaniki sayğaclarda limitlərin yenilənməsi 5-6 gün çəkə bilər, bu, abonentlərin narahatçılığına səbəb olmamalıdır. Ona görə ki, əgər abonentin mexaniki sayğacda yenilənmə prosesi yanvarın 5-nə təsadüf edibsə, yenilənən limitlər gələn ilin yanvarın 5-nə kimi qüvvədə olacaq.
Şöbə müdiri onu da əlavə edib ki, smart-kart tipli sayğaclardan istifadə edən abonentlər yeni limitlərdən yalnız artıq köhnə limit ilə aldığı qazı istifadə etdikdən sonra yararlana biləcək.
Xatırladaq ki, 2021-ci ilin oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişməyib və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.