Saytımızı qiymətləndirin


 
 

Azərbaycan və Ermənistan deputatları sərhəddə görüşəcək?
Tarix: 18-12-2023 | Saat: 17:29
Bölmə:Karusel / Region | çapa göndər

Azərbaycan və Ermənistan deputatları sərhəddə görüşəcək?

 

Azərbaycanla Ermənistan arasında artıq bir sıra ikitərəfli görüşlər baş tutub. Noyabrın 30-da sərhədlərin delimitasiyası üzrə işçi qrupunun görüşü olub. Görüş Ermənistan-Azərbaycan sərhədində keçirilib.

 

Hər iki ölkədə diqqətlə izlənilən görüş şərti sərhədin Qazax rayonu və Tavuş vilayəti hissəsində baş tutub. Görüş 3 saat davam edib. Qeyd edək ki, budəfəki görüş say­ca beşinci idi. İndiyədək keçirilən dörd görüşdən ikisi sərhəddə (Arazdəyən kəndi və Qazax rayonu), ikisi isə xaric­də (Moskva və Brüssel) keçirilib. Görüşlə bağlı hər iki ölkənin xarici işlər nazirlikləri açıqlama yayıb. Azərbaycan XİN-in açıqlamasında bildirilib ki, tərəf­lər delimitasiya məsələlərinin müzakirə­sini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçirib­lər.

 

Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi hərbçilərin azad edilməsi barədə razılıq əldə olunub.

 

Razılığa əsasən, dekabrın 13-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib. Təhvilvermə prosesində hər hansı insident baş verməyib. Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən təhvil veriliblər.

 

Beləliklə, artıq Ermənistan və Azərbaycan məsələləri vasitəçilərsiz həll etməyə başlayıb. Bir çoxları təklif edir ki, tərəflər sərhəddəki görüşləri intensivləşdirməli və elə sərhəddə sülh müqaviləsini imzalamalıdır. Ancaq bu, olduqca çətin prosesdir və uğurlu olub-olmayacağını zaman göstərəcək.

 

Bəs parlamentlərarası əlaqələrin təmin olunması üçün azərbaycanlı və erməni deputatlar sərhəddə görüşə bilərmi?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Azərbaycan-Ermənistan parlamentlərarası əlaqələrinin formalaşdırılması üçün deputaların sərhəddə görüşünün keçirilməsinə ehtiyac yoxdur:

 

"Bunun üçün ilk növbədə dövlətlərarası münasibətlər normallaşmalı, diplomatik əlaqələr formalaşmalı və xalqlararası etmiad mühiti yaranmalıdır. Bu məsələlər həll olunandan sonra parlamentarilər də qarşılıqlı səfərlər edərək parlamentlərarası münasibətlərin formalaşdırılması ilə bağlı məsələləri müzakirə edə bilərlər. Hələlik yuxarıda sadaladığımız mərhələləri keçmədiyimizdən parlamentlərarası münasibətlərin qurulmasının mümkün olmadığını və bu baxımdan qeyd etdiyimiz müvafiq mövzuda danışmağın hələ tez olduğunu hesab edirəm".

 

Milli Məclisin digər bir deputatı Elşad Mirbəşiroğlu isə Ermənistanın heç vaxt könüllü şəkildə konstruktiv addım atmadığını söyləyib:

 

"Azərbaycan hər zaman bütün istiqamətlərdə konstruktiv mövqe sərgiləyən tərəfdir. Azərbaycan Cənubi Qafqaz regionunda sülhü, əməkdaşılığı təşviq edir. Azərbaycan prezidentinin təşəbbüsləri regional təhlükəsizlik mühitinin yaranmasına, əməkdaşlığa xidmət edir. Azərbaycanın heç bir fərq qoymadan bütün region ölkələri ilə əməkdaşlığın qurulması istiqamətində təşəbbüslər irəli sürür. Ermənistanın da konstruktiv yol tutmasını, ölkəmizə qarşı ərazi iddialarından əl çəkib, ədalətli şərtlər daxilində münasibətlərin tənzimlənməsi üçün addımlar atmasını istəyirik. Ermənistan yalnız məcbur qaldıqda bu və ya digər addımları atır. Ermənistan indiyə qədər hansı addımı atıbsa, biz onu məcbur etmişik.  Bunun bir neçə səbəbi var. Birinci səbəb bu ölkənin Azərbaycana qarşı ərazi iddialarından geri durmaq istəməməsi ilə bağlıdır. Digər yandan, Ermənistanda rejim kənar qüvvələr tərəfindən formalaşıb. Ona görə də rejim həmin kənar qüvvələrin təsiri altında davranır. Bu da bütövlükdə regiondakı proseslərə mənfi təsir göstərir".

E.Mirbəşiroğlu parlamentarilərin sərhəddə görüşə biləcəyini deməyin çətin olduğunu qeyd edib:

 

"Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı təmaslar mövcud olur. Bundan əvvəl Qarabağda yaşayan ermənilərlə görüşlər baş tutmuşdu. 7 dekabr tarixində Azərbaycanla Ermənistanın birgə bəyanatı yayılmışdı. Bütün bunlar mövcuddur. Konkret olaraq parlamentlərarası əlaqələrin qurulması gələcəyin məsələsidir. Çünki deputatların görüşü artıq parlamentlərarası əlaqələrin qurulması deməkdir. Azərbaycan bir qayda olaraq dünyanın digər ölkələri ilə parlament əlaqələrini işçi qruplar üzərindən təmin edir. İşçi qrupların qurulması üçün əsaslar və şərait olmalıdır. Hələlik belə bir şəraitin olduğunu söyləmək çox çətindir. Dövlətlər arasında konstruktiv münasibətlər qurulduqdan sonra digər dövlət təsisastları, həmçinin parlamentlərarası əlaqələrin qurulmasından danışmaq mümkündür. Azərbyacan Ermənistan münasibətləri tənzimlənmədikcə parlamentlərarası əlaqələrin qurulması haqqında söz demək çətindir".



Xəbəri paylaş

184 dəfə oxunub.

Digər xəbərlər